"BakuBus" avtobuslarını yanğından bu şirkət qoruyacaq - 5 ay əvvəl sertifikat alıb


Xəbər verdiyimiz kimi, yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, ötən gün "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti "Yanğınsöndürmə avadanlığının satınalınması, doldurulması və texniki xidmət göstərilməsi" məqsədilə "A Yanğın Güvənlik" MMC ilə müqavilə bağlayıb. Müqavilələrin ümumi dəyəri 26 min 553,5 manat təşkil edir.
Məlumat üçün qeyd edək ki, bu şirkət 25 aprel 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi  ünvanı - Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 78,M13, m 3 göstərilib. Şirkətin qanuni təmsilçisi Ağayev Əyyar Şirvanəli oğludur.
Təxminən il yarım əvvəl dövlət qeydiyyatına alınan şirkətin bugünə kimi hansı işlər gördüyü barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil. "A Yanğın Güvənlik" MMC qeyd olunan sahə ilə (yanğınsöndürən doldurucu) bağlı sertifikatı isə cəmi 5 ay əvvəl - 24 iyun 2019-cu il tarixində alıb. 
Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. BNA rəsmisi yeniavaz.com-a açıqlamasında bildirdi ki, şirkətin verdiyi təklif uyğun olduğu üçün onlarla müqavilə imzalanıb: "Bizdə kotirovka sorğusu olub, həmin şirkət də qoyulan şərtlərə cavab verib, normal qeydiyyatı var, ötən il aprel ayında qeydiyyatdan keçib. Şərtlərə cavab verdiyinə görə, münasib qiymət təklif etdiyi üçün həmin şirkətlə də müqavilə imzalanıb".
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Bu baxımdam rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da qeyd edək ki, yeni yaranan, təcrübəsi olmayan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması ilk hal deyil. Ötən ay - 15 noyabr 2019-cu il tarixində "Euro Brand" MMC (VÖEN-1404832841) adlı şirkət Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin elan etdiyi kotirovka sorğusunun qalibi elan olunub.
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi "Euro Brand" MMC-dən 4 min 995 manat 15 qəpik dəyərində təmizlik və təsərrüfat malları satın alacaq. Gömrük Komitəsi və "Euro Brand" MMC arasındakı bu əməkdaşlıqda diqqət çəkən məqam odur ki, bu şirkət cəmi 2 ay əvvəl - 12 sentyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi kotirovka sorğusunu oktyabr ayının 29-da elan edib. Belə görünür ki, şirkət sorğunun elan olunmasından təxminən ay yarım əvvəl qeydiyyata alınıb.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top