Son günlər Azərbaycan ictimaiyyətində adı ən çox hallanan şəxslərdən biri də şübhəsiz, gənc yazıçı Kəramət Böyükçöldür. Amma adının bu qədər hallanması heç də elmi fəaliyyətləri və ya ərsəyə gətirdiyi bədii əsərlərlə əlaqədar deyil. Kəramət Böyükçöl adını, ömründə kitab üzü açmayanların belə yaddaşına həkk edən, gənc yazıçının sosial şəbəkələrdə yazdığı və qonağı olduğu televiziya proqramlarında səsləndirdiyi maraqlı, bir o qədər də qalmaqallı fikirləridir. Bu fikirlər ona pis-yaxşı şöhrət qazandırdığı üçün, yazıçının kitablarına maraq da artıb. Belə ki, artıq o, ikinci dəfədir öz kitablarının satışına başlayıb.
Biz də Yeniavaz.com olaraq yazıçı ilə bu qeyri-ənənəvi ticarət zamanı Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında, əvvəlcədən razılaşdığımız kimi müsahibə üçün görüşdük.
- Salam, necəsiniz, əhvalınız necədir?
- Mən dəfələrlə demişəm, Azərbaycanda ən çox yalan cavab verilən və ya cavabı yalan verməyə məcbur olduğun suallardan biridir “necəsiniz”. Mən də yalandan deyəcəyəm ki, yaxşıyam. Əslində, bir qələm adamının, yazarın yaxşı olmağı, onun öz həyatının və yaxud maddi-sosial vəziyyətinin necəliyindən asılı deyil. Ölkənin, xalqın, millətin vəziyyəti necədirsə, yazıçının da vəziyyəti elədir. Təsəvvür edin, bizim ölkəmizin, insanların vəziyyəti necədirsə, mən də eləyəm.
- Hazırda nəsə yazırsınız – hekayə, məqalə, roman?
- Mən uzun müddətdir yazmırdım. Yazıdan, pozudan, yaradıcılıqdan iyrənmişdim. Çünki bunun cəmiyyət üçün, insanlar üçün əhəmiyyətsizliyi məni ruhdan salmışdı. Uzun müddətlik fasilədən sonra fikirləşdim ki, tələbat oldu-olmadı yazmaq sənin missiyandırsa, demək yazmalısan. Çünki yazmamaq sənin əlində deyil. Əgər yazmamaq sənin əlindədirsə demək sən yazıçı deyilsən. Şəxsən mən yazmamağı bacarsaydım, yazmazdım. Fikirləşdim ki, başqa cür mümkün deyil, bizim də işimiz budur. Tutaq ki, bir dərzi və ya dülgər öz peşəsi ilə necə məşğuldursa, biz də bu işlə elə məşğuluq. Belə deyək, bir az zarafatla, bir az lağ-lağ ilə, bir az ciddi, bir az qeyri-ciddi özümüzü yola veririk. Yaxınlarda bir kitabım çap olunacaq. Çoxdan yazdığım bir neçə əsər var, onların üzərində bir-bir yenidən işləyib çap elətdirəcəyəm.
- Ədəbi mühitdə belə bir söhbət gəzir ki, “Çöl” romanını atanız yazıb, nə deyə bilərsiz bu barədə?
- Bu sual çox verilib, hər zaman da buna cavab vermişəm. Tutaq ki, mən buna desəm yox atam yazmayıb, deyəcəklər yalan deyir. Deyəcəyəm bəli atam yazıb, deyəcəklər məzələnir. Yəni bu elə bir məsələdir ki, bunu bir Allah bilir, bir atam bilir, bir də mən bilirəm. Hesab edirəm ki, bunu kimin yazmağının məsələyə dəxli yoxdur. İndi mən nə bilim ki, Elçin Əfəndiyevin əsərlərini İlyas Əfəndiyev yazmayıb. Və ya nə bilim ki, Anarın ilk hekayələrini Rəsul Rza yazmayıb. Ona görə də mən bu barədə nə deyəcəyimi bilmirəm. Lap atam yazıb, nə edə bilərəm. Yəni doğrudanmı inandırıcı deyil ki, bu əsəri mən yaza bilərəm? Necə istəyirlər elə də qəbul etsinlər.
- “Leyli və Məcnun”a Füzuli, Nizami və daha neçələri müraciət edib, bəlkə də mövzu eyni deyil, niyə romana belə ad seçmisiniz?
- Əsər klassik “Leyli və Məcnun”un xətti ilə yazılmış bir əsərdir. Klassik qaydaya uyğun olaraq Allahın tərifi ilə başlayır, sonra peyğəmbərin münacatı və hökmdarın tərifi ilə davam edir. Sadəcə məzmun yenidir və hadisələr müasir dövrdə cərəyan edir. Mən əsərdə Leyli ilə Məcnunu qovuşdurmuşam. Əsrlərdir ki, onlar ayrıdırlar, bunlar əvvəl-axır qovuşmalıdır ya yox?
- Azərbaycan ədəbiyyatında elə bir əsər vamı ki, oxucular tərəfindən lazımi dəyəri görmür, yəni, hansı ki, bu əsər bir çoxlarının dünyaya baxış bucağını dəyişə bilər.
- Azərbaycan oxucusunu nə qədər kitab oxumağa məcbur etsən də, görürsən ki, ərini sevməyən qadın və ya arvadını sevməyən kişi kimi, onun daxilində kitaba sevgi yoxdur. Azərbaycanda bir çox yaxşı əsərlər var ki, oxucunun onu qiymətləndirməyə potensialı yoxdur. Xüsusən də Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Unutmağa kimsə yox” və “Sehrbazlar dərəsi” əsərləri...
- Azərbaycanın hansı müasir yazıçısını dünya klassikləri arasında görmək istərdiniz, hansı ki, o buna layiqdir.
- Şərif Ağayar, Kamal Abdulla, Mübariz Örən...
- Son illərin ən qalmaqallı əsəri olan “Daş yuxular” haqqında müasir Azərbaycan ədəbiyyatının ən qalmaqallı yazıçısı nə düşünür?
- “Daş yuxular” sırf ədəbi-bədii baxımdan Əkrəm Əylislinin istedadının səviyyəsindən çox aşağıda idi. Amma əsərin o cür qalmaqal yaratması şübhəsiz ki, məzmunu ilə bağlıdır. Mən bu cür şeylərin tərəfdarıyam. İstənilən halda əsərin içinə bir mina qoyulmalıdır ki, hansısa şəkildə partlasın. Əkrəm Əylislinin o əsərini bir çoxları oxumasalar da adını bilirlər. Bu cəhətdən təqdirəlayiqdir. Mənim fikrimcə əsər estetik cəhətdən qiymətli əsər olsa da, bədii cəhətdən yazıçının digər əsərlərindən qat-qat zəifdir. Amma bu, Əkrəm Əylislinin yazıçı kimi böyüklüyünə heç bir xələl gətirmir.
- Özünüz də dəfələrlə deyirsiniz ki, sosial şəbəkələrdə insanlar fikirlərinizə görə sizi sərt dillə tənqid və təhqir edirlər. Düşünürsünüzmü ki, seçdiyiniz üslub bu cəmiyyət üçün çox təhlükəlidir?
- Cəmiyyət üçün təhlükəlidir amma, bu təhlükəni gözə almasan yazıçı ola bilməzsən. Yazıçı məğmun olmamalıdır. Fikir verin, muğama qulaq asan zaman hamı yatır, yuxuya gedir. Amma yazıçı danışanda insanlar gözlərini bərəldib baxır. Söhbət burada sözün həqiqi mənasında yazıçıdan gedir. Çünki yazıçı oyatmaq üçündür. Saz da, meyxana da, muğam da insanı yatızdırır. Bunlar yatızdırmaq üçündür. Muğama göstərilən diqqət, qayğı yazıçıya göstərilmir, çünki yazıçı insanı oyadır. Hesab edirəm ki, mən də ehtiyatlıyam. Çünki bu xalqın adət-ənənələri, keçmişi, mədəniyyəti, mənəviyyatı ilə bağlı elə fikirlərim var ki, mən onu səsləndirməyə qorxuram. Elə bir ölkədə yaşayaırıq ki, nə vətəndaşına, nə polisinə, nə məhkəməsinə, nə qanununa etibar yoxdur.
- Tez-tez “cahil” kəliməsindən istifadə edirsiniz. Sizcə cahilliyin tərifi nədir?
- Cahilliyin tərifini vermək üçün gərək oturub düşünəsən. Amma ümumiyyətlə cahilliklə mübarizə aparmaq çox çətin və qəliz məsələdir. Kütlənin cahil olması o qədər də problem deyil. Ən böyük məsələ kütlənin başında gedənlərin, yəni ziyalıların cahil olmasıdır. Efirlərdə, televiziyalarda, saytlarda kütləyə xitab edənlərin cahil olmasıdır. Millət vəkillərinin, akademiklərin cahil olmasıdır. Bizim elə akademiklərimiz, millət vəkillərimiz var ki, cahildirlər. Elə akademik var ki “mail” adresini istəyirsən, ardınca şifrəsini də verir. Bu da onu göstərir ki, bu adam cahildir, dövrümüzün Novruzəlisidir.
- Hər fürsətdə cəmiyyətin öz hüquqlarını tələb edə bilməməsindən yazırsınız. Kəramət Böyükçöl öz hüquqlarını tələb etmək üçün hansı vasitələrə əla atır?
- Öz hüquqlarımı heç bir şəkildə müdafiə edə bilmirəm. Gücüm çatmır.
- Tez-tez dilə gətirirsiz ki, millət vəkilliyinə namizədliyinizi irəli sürəcəksiniz. Azərbaycanın hansı bölgəsindən namizədliyinizi vermək istəyirsiz? Hansı bölgədə sizi deputat seçəcək qədər sizinlə eyni düşüncədə insan var?
- Mənim bu deputatlığa namizədliyimi vermək məsələm, öz başımı qatmaq üçündür. Əmin deyiləm ki, mən deputat seçiləcəyəm. Sadəcə belə etməklə həyatıma rəng qatıram, onu daha maraqlı etmək istəyirəm. Ölkə həm də mənim ölkəmdir. Pis-yaxşı, bu bizim Milli Məclisdir. Əlbəttə mən seçilmək istəyərəm. Amma təbii ki, mən gedib hansısa “iribuynuzlu”nun dairəsindən namizədlik verməyəcəyəm. Ona görə də mən hansı dairədən namizədliyimi verəcəyimi hələ dəqiq bilmirəm. Fikirləşib elə bir dairə tapacağam ki, orada mənə qurban veriləbiləcək adam olsun. Lap hamı mənə səs versə belə Cavid Qurbanovu, Rövnəq Abdullayevi kim mənə qurban verər? Aqil Abbas, Musa Urud, Musa Qasımlı kimi “yetim” deputatları mənə qurban verə bilərlər(gülür). Çünki mənim özüm də “yetim” hesab olunuram.
- Sizcə millət vəkili olmaqla özünüzün də dəfələrlə sadaladığınız cəmiyyət problemlərini həll etmək mümkündürmü?
- Aydın məsələdir ki, heç bir şeyi həll edə bilməyəcəyəm. Çünki Azərbaycanda bir adamın deputat seçilməyi o demək deyil ki, problemləri həll edə bilər. Amma hər halda Milli Məclisdə oturan deputatların hamısından yaxşı deputat olacağam. Məsələn, heç olmasa Hadı Rəcəbli və Araz Əlizadə kimi olmayacağam. Uzaqbaşı Musa Yaqub kimi deputat ola bilərəm. Ən azından həqiqətləri deyərəm. Onsuz da, guya deputatın nə səlahiyyəti var. Sadəcə Milli Məclisi daha maraqlı, pozitiv bir yer edə bilərəm. Ən azından belə demokratik bir mənzərə yarana bilər ki, heç bir arxa-dayağı olmayan, az-çox istedadı, savadı, intellekti olan cavan bir oğlan deputat seçildi.
- Əgər həqiqətən də deputat seçilsəniz milli məclisdə irəli sürəcəyiniz ilk qanun təklifi hansı olacaq və ya cəmiyyətin hansı problemini birinci həll etməyə çalışacaqsızınız?
- Düzdür, cəmiyyətin problemlərini deputat olmaqla həll etmək mümkün deyil, amma mən deyərdim ki, uşaqpulu verilsin, pensiyalar artırılsın, insanların maddi-sosial vəziyyəti yaxşılaşdırılsın, maaşlar artırılsın. Keyfiyyətli kitab bazarının yaranması və efirlərdən lazımsız insanların getməsi üçün mübarizə apararam. Yoxsa Namiq Qaraçuxurluya qulaq asan, Xoşqədəmin, Zaurun verilişinə baxan cəmiyyətdən nə cəmiyyət olacaq?
- “Mənim iki romanım var, ikisi də uğurlu nəsr nümunəsi kimi ən ciddi ədəbiyyat adamları tərəfindən təqdir olunub. Bir çap olunmamış romanım, bir kitablıq çap olunmamış hekayələrim isə nəşriyyatdadır, yaxınlarda işıq üzü görəcək. Və 10 ildir götürdüyüm müsahibələrlə, köşə yazılarımla mətbuatın ən fəal 2-3 jurnalistindən biri sayılıram. Amma gəl ki, hələ bu cəmiyyətin qəhrəmanı ola bilməmişəm”. 10 yanvar 2018-ci ildə bu statusu yazmısınız. Sizcə cəmiyyətin qəhrəmanı ola bilmək üçün sadaladıqlarınız kifayət edirmi?
- Onu o mənada yazmışam ki, hər halda mənim çəkdiyim əziyyətdən qat-qat az əziyyət çəkənlər cəmiyyətin qəhrəmanı ola bilib. Məsələn toy müğənniləri, manıslar qəhrəman ola bilib amma, kimdir mənə 5 min manat verib aparıb toyunda bir yazı oxutduran? Amma Namiqə verirlər..
- Sizcə də bunlar fərqli anlayışlar deyil? Nəticədə insanlar bu dediklərinizdən fərqli məqsədlər üçün istifadə edirlər..
- Aydın məsələdir ki, mənim cəmiyyətin qəhrəmanı olmağım mümkün deyil. İstənilən dairədən Pərviz Bülbülə də namizədliyini verə, mən də namizədliyimi verəm, birmənalı şəkildə Pərviz Bülbülə seçiləcək. İnsanlarda öz qəhrəmanlarını seçə bilmək üçün demokratik seçki şüuru yoxdur. Bunlar hələ Pərviz Bülbülə ilə mənim aramdakı fərqi bilmirlər. Fərqi bu insanlara başa salmaq üçün gərək iki-üç ömrün olsun.
- Həmin statusun davamında bir sıra ictimai fəalın fəaliyyətlərini sadalayıb bildirmisiz ki, o uşaqlar mənim oxuduğum universitetdən böyük universitetdə təhsil alıblar, məndən çox kitab oxuyublar, yoxsa ali məktəbə daxil olarkən məndən çox bal toplayıblar? Hansı üstünlükləri var? Kəramət Böyükçölün fikrincə universitetə qəbul olan zaman toplanılan balın miqdarı üstünlük göstəricisidir?
- Səhv etmirəmsə o statusda Qiyas və Bayramı nəzərdə tutub yazmışam. Hesab edirəm ki, mən orada səhv etmişdim. İstənilən halda öz fikrinə görə həbs olunan və işgəncələrə məruz qalmış bir adam haqqında, üstəlik həbsdə ola-ola pis nəsə yazmaq vicdanlı bir qələm adamına yaraşmaz. Onda da mənim emosional vaxtıma düşüb və hesab edirəm ki, səhv etmişəm. Digər tərəfdən mən univeristetə qəbul olarkən toplanılan balın miqdarını da üstünlük göstəricisi hesab etmirəm.
- Sizcə həqiqəti bilmək və demək arasındakı fərq nədir?
- Həqiqəti bilmək asandır. Demək olar ki, Azərbaycanda hamı bütün həqiqətləri bilir. Ancaq həqiqəti demək bir az çətin məsələdir. Azərbaycanda vəziyyət o yerə gəlib çatıb ki, həqiqəti deyənlər də çoxdur. Artıq indi həqiqətin kimin dilindən səsləndiyi əsas göstəricidir. Belə götürəndə Hafiz Hacıyev də həqiqətləri deyir. Amma Hafiz Hacıyev həqiqəti murdarlamaqla, gözdən salmaqla məşğuldur. Elə həqiqətlər var ki, baxıram Hafiz Hacıyev deyib, mən o həqiqətə yaxın durmaq istəmirəm.
- “Cəmiyyətdə düyün və problemlərə işarə edib gerçəyi demənin acı nəticələri ola bilər. Həqiqəti söyləməyə cəsarəti olanlar bunun bədəlini də ödəməyi gözə almalıdır” – deyə bildirmisiniz. Cəmiyyətin elə bir problemi var ki, onu dilə gətirmisiniz və bədəl ödəmisiniz?
- Hesab edirəm ki, mənim səsləndirdiyim həqiqətlər hələ ki, bir insan üçün problem yaradacaq səviyyədə deyil. Elə böyük həqiqətlər var ki, onu hər kəs bilsə belə dilə gətirə bilmirəm. Çünki mən də bədəl ödəməkdən qorxuram.
- Aynur Camalqızı 3D verilişinin qonağı olarkən bildirdi ki, onun sizi döydürməsi haqqında sizin yaydığınız məlumat yalan məlumatdır. Hansı yalandır, sizin dediyiniz yoxsa Aynur Camalqızının?
- Əvvəlcə onu deyim ki, onun həyat yoldaşı məni döyməyib, sadəcə döydürmək istəyirdi. Üstümə “bir cip” adam gətirmişdi. Əflətun Amaşov mənə zəng vurdu dedi ki, “Aynurun əri özü səni döyə bilmir ki, hələ bir də yanında adam gətirir?”. Mən də zarafatyana dedim ki, nəinki əri, Aynurun özü də məni döyə bilər. Aynur xanımla bizim dostluğumuz, münasibətimiz olub. Onda bir-birimizi yanlış anladıq, problemlər oldu, söhbət də bağlandı getdi. İndi Dadaşlinski ona sual verir, o da deyir “olmayıb”. Mən də hesab edirəm ki, olmayıb. Amma o, mən, bir də Allah bilir ki, məsələ necə olub.
- Azərbaycanlı işadamı Mübariz Mənsimov haqqında yazdığınız “mədhiyyə xarakterli” statuslarınızda maddi maraq güdürdünüzmü? Əgər belə deyildisə, hər kəsin bildiklərini niyə təkrar etmək ehtiyacı hiss etdiniz?
- Mübariz Mənsimovla şəxsi münasibətim yoxdur. Amma o, cəmiyyətdə sözün yaxşı mənasında elə bir imic yaradıb ki, istər istəməz onun haqqında ən ürəkdən deyilən fikir də səmimi qarşılanmayacaq. Deyəcəklər ki, görünür bunun nəsə maddi marağı var. İndi alt şüurda ola bilsin ki, mənim də nəsə maddi marağım var. Amma bu konkret o mənada olmayıb ki, “Mübariz, mən bu statusu yazıram, mənə pul ver, pul göndər”. Deyirəm ki, məsələn, Mübariz Murad Köhnəqalanın evini təmir etdirsə yaxşı olardı. Yaxud da fikirləşirəm ki, sabah mənə və ya övladıma bir şey olsa bəlkə Mübariz kömək edər. Bu mənada Mübariz Mənsimov cəmiyyətin xeyirxahı olduğuna görə, onun haqqında müsbət fikirdə olmaq lazımdır. Niyə “mədhiyyə xarakterli” olsun ki? Mübariz haqqında yazdığım status çoxları tərəfindən bəyənilmişdi və müsbət rəylər gəlmişdi. Heç kim yazmamışdı ki, sən Mübarizə yaltaqlanırsan.
- Bəs həmin şəxslər, sizin hər gün düşüncə tərzinə görə tənqid etdiyiniz insanlar deyil?
- Aydın məsələdir amma, mənə elə gəlir ki, mənim danışığıma, leksikonumdakı sözlərə, hərəkətlərimə baxan deməz ki yaltağam. Bir dəfə çox yüksək vəzifəli bir şəxs mənə demişdi ki, sən adamla salamlaşanda sanki məzələnirsən. Mənim yaltaqlandığım adamlar olub amma, dərhal da özümə nifrət etmişəm. Hər insanın daxilində bütün hisslər var ki, buraya yaltaqlıq da daxildir. O baxır insanın öz iradəsindən istifadə edib həmin hissləri necə idarə etdiyinə. Mənim də daxilimdə yaltaqlıq hissi var amma, özümü idarə etməyə çalışıram ki, kənardan pis görünməyim və özüm öz gözümdən düşməyim. Fikirləşirəm ki, yaltaqlığa uzanmış əlimlə qızımın saçını sığallaya bilmərəm.
- Cəmiyyətdə problem olduğunu düşündüyünüz nüanslara çıxış yolu olaraq nələri göstərərdiniz?
- Çıxış yolu yoxdur ya da, yox deyəcək qədər azdır. Meyxana dinləyən insana necə çıxış yolu göstərə bilərsən ki? Bir o yol qalır ki, sən də öz fikirlərini səsləndirəsən. O meyxanasını dediyi kimi, mən də yazıram, pozuram.
- Bu cəmiyyətin ən böyük əyləncə anlayışlarını tənqid edən, onları dəyişmək istəyən Kəramət Böyükçölü nə əylənidirir, o nələrdən həzz alır?
- Oğlumla oynayanda, qızımla bir yerdə olanda əylənirəm. “Playstation” oynayanda hər şeyi unuduram, həyəcan keçirirəm. Məni başa düşən dostlarla bir yerdə olmaq da məni əyləndirir, zövq verir.
- Övladlarınızdan hər hansı biri gələcəkdə aşıq və ya meyxanaçı olsa buna reaksiyanız necə olardı?
- İstəməzdim olsun. Mənə elə gəlir ki, olmayacaqlar da. Çünki istər istəməz mənim təfəkkürümdən qidalanan insan meyxanaçı ola bilməz. Amma olsa da heç bir problem yoxdur. Aşıq olsun olmağına amma, heç olmasa aşıq Namiq olmasın(gülür).
- Kəramət Böyükçöl olmasa cəmiyyət nə itirər?
- Heç nə itirməz. Ümumiyyətlə tək Kəramət Böyükçöl yox, Azərbaycanda Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti olmasa cəmiyyət heç nə itirməyəcək. İstəyirsən nazirliklərin hamısını ləğv et, cəmiyyət yenə heç nə itirməyəcək. Çünki cəmiyyət heç nəyin varlığını hiss etmir ki, onun yoxluğunu da dərk edə bilsin.
- Bəs heç nə hiss etmədiyini iddia etdiyiniz bu cəmiyyətə niyə davamlı olaraq bir şeyləri izah etməyə çalışırsınız?
- Görünür bu da bir tələbatdır. Başqa bir o yol qalır ki, ölkədən çıxıb gedəsən. Bu da ki, əlimdə deyil, çünki çox dərindən kök atmışam bu ölkəyə. Atam, anam, bacım, qardaşım, övladlarım, sevdiyim qadın – bunları qoyub getmək mümkün deyil. Məcbur burada qalıb yazıram.
- Ümidiniz var ki, bu cəmiyyət nə zamansa sizin istədiyiniz səviyyəyə gələcək?
- Bəlkə bunu mənim nəticələrim gördü...
Şahmərdan Əhmədli