Ərdoğan: "Türkiyə ABŞ-la münasibətlərdə yeni bir səhifə açmaq əzmindədir" - YENİLƏNİB - VİDEO

​Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan görüş başa çatıb.

İkitərəfli görüş 1 saat 15 dəqiqə davam edib. Daha sonra hər iki dövlət başçısı mətbuat nümayəndələrinin qarşısına çıxıblar.

Konfransda çıxış edən D. Tramp bildirib ki, Türkiyə ABŞ-ın NATO-dakı müttəfiqi və strateji tərəfdaşıdır. O, türkiyəli həmkarı ilə Suriya məsələsini ətraflı müzakirə etdiyini bildirib. Donald Tramp qeyd edib ki, Türkiyə tərəfinin Rusiyadan aldığı S-400 kompleksi ilə bağlı danışıqlar davam edəcək.

“Ərdoğan ilə məhsuldar görüş keçirdik. Türkiyə və Amerika rəsmiləri “F-35” məsələsinin həlli üçün çox çalışırlar”.

R.T. Ərdoğan isə gündəlikdə duran məsələlərlə bağlı səmimi danışıqlar apardığını bildirib: “ Terror təşkilatı İŞİD ilə mübarizənin əhəmiyyətini vurğuladıq. Hər ikimiz milli təhlükəsizliyimizi təhdid edən terror təşkilatları ilə mübarizə mövzusunda qarşılıqlı iradəmizi təsdiq etdik. “S-400” hava hücumundan müdafiə sistemləri və “F-35” proqramı ilə bağlı qarşılaşdığımız problemləri isə yalnız dialoq vasitəsilə həll edə bilərik”.

ABŞ Nümayəndələr Palatasının “qondarma erməni soyqırımı” ilə bağlı verdiyi qərardan Türkiyə tərəfinin narazı olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib ki, onun ölkəsi dialoq tərəfdarıdır və erməni tərəfinə ortaq komissiya yaratmaq təklifini qüvvədə saxlayır.

Ərdoğan bildirib ki, bu gün Türkiyədəki həbsxanalarda, eləcə də Suriyanın Türkiyə tərəfindən nəzarətdə olan bölgələrdəki saxlama təcridxanalarında təxminən 2200 İŞİD yaraqlısı saxlanılır:

“Türkiyə ABŞ-la münasibətlərdə yeni bir səhifə açmaq əzmindədir. Ankara ilə Vaşinqton yaxın tərəfdaşdır. PKK terrorçularına rəğbət bəsləyən bəzi dairələr Suriyanın şimal-şərqindəki Türkiyə-Amerika razılaşmalarından narahatdır. Biz Suriya böhranının uzunmüddətli həlli naminə ABŞ-la razılaşmalara sadiqik. Odur ki, hər iki ölkə İŞİD təhlükəsini tamamilə məhv etmək üçün birgə səy göstərə bilər. Ölkələrimiz Suriyada sülhə və sabitliyə töhfə verir. Türkiyə heç bir milli və dini ayrıseçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır.”.

 


Report

 


22.29

ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşü başlayıb. 
Yeniavaz.com xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.
Təkbətək görüşdən əvvəl liderlər bəzi açıqlamalar veriblər. Donald Tramp türk həmkarına təşəkkür edib: "Sizi burada qarşılamaq böyük şərəfdir. Kürdlərlə görüşdük çox məmnundular. Atəşkəs davam edir. Bilirsiniz ki, hərbiçilərimizi müəyyən bir müddətlik geri çəkmişdik. Artıq başqa insanların sərhədləri üçün narahat olmağı dayandırmalıyıq, öz sərhədlərimiz barədə düşünməliyik. Prezidentə yaşananlardan ötrü təşəkkür edirəm".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Trampla çox yaxşı dost olduqlarını bildirib: "Prezident ilə çox yaxşı dostuq. Uzun zamandır dostuq. Bir-birimizi çox yaxşı anlayırıq. Haradan gəldiyimizi və problemlərimizi çox yaxşı anlayırıq. Qeyd etdiyiniz regionda Türkiyədən bir çox insan həyatını itirdi. Bu mövzuda da bir şeylər etməmiz gərəkir. S400 və F35 məsələlərini də danışacağıq. İki ölkə arasındakı ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq istəyirik".
Daha sonra R.T.Ərdoğan və D.Tramp arasında təkbətək görüş başlayıb, görüşdən sonra geniş mətbuat konfransı keçirəcəklər.
 




 


DİGƏR XƏBƏRLƏR

Top