“Azərpoçt”la xaricə ərzaq məhsulu göndərmək olmaz? - RƏSMİ AÇIQLAMA


“Poçt sistemində beynəlxalq göndərişlər təyinat ölkəsindən asılı olaraq dəyişilir. Məsələn Kanada bu gün qəbul etdiyi hər hansı bir məhsulu 10 gün sonra qəbul etməyə bilər”.

Bu sözləri Yeniavaz.com-a açıqlamasında “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehman Mehdiyev sosial şəbəkələrdə Ağarəsul Məmmədov adlı şəxsin qurumla bağlı yazdığı iddialara cavab verərkən deyib.
Qeyd edək ki, A. Məmmədov feyzbukda yazaraq iddia edib ki, “Azərpoçt”un 3 saylı filialının 118 saylı poçt şöbəsində ona bildirilib ki, “yuxarıdan gələn göstərişə əsasən” xaricə çay və ərzaq məhsulları göndərmək olmaz. Həmin statusa yazılan şərhlərdən birinə verdiyi cavabda isə filialın 16 saylı poçt şöbəsindən sözügedən məhsulları göndərdiyini yazıb.
M. Mehdiyev bildirib ki, hadisə həqiqətən yaşanıb və bunun səbəbini belə izah edib: “Vətəndaşı hər iki poçt şöbəsində tanıyırlar. Bildirilər ki, o, buraya xidmətlərdən istifadə etmək üçün tez-tez müraciət edir. Həmin şəxs “Azərpoçt”un 3 saylı filialının 118 saylı poçt şöbəsinə yaxınlaşıb və xaricə ərzaq məhsulu göndərmək istəyib. Ona məlumat verilib ki, məhsulu göndərmək istədiyi ölkə olan Rusiya, ərzaq məhsullarını qəbul etmir. Vətəndaş bu dəfə 16 saylı poçt şöbəsinə müraciət edib. Oradan da eyni cavabı aldıqda bildirib ki, məhsul geri qaytarılsa da problem yoxdur, göndərin. Bizim əməkdaşlar da məhsulu göndəriblər”.
M. Mehdiyev onu da bildirib ki, beynəlxalq göndərişlər təyinat ölkəsindən asılı olaraq tez-tez dəyişilir: “Poçt sistemində beynəlxalq göndərişlər təyinat ölkəsindən asılı olaraq dəyişilir. Rusiya ərzaq məhsullarını qəbul etmir. Yəni buradan hər hansı bir poçt şöbəsindən məhsulu göndərə bilərsiniz. Çünki, məhsulun Azərbaycandan çıxışına hər hansı bir qadağa yoxdur. 3 kiloqrama qədər göndərmək mümkündür. Amma həmin məhsul təyinat ölkəsinin gömrüyündən buraxılmayacaq. Çünki Rusiya ərzaq məhsullarını buraxmır. Məsələn Kanada bu gün qəbul etdiyi hər hansı bir məhsulu 10 gün sonra qəbul etməyə bilər”.



Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top