Tofiq Yaqubluya həbsxanada təzyiq edilir? - DİN-dən AÇIQLAMA


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hazırda inzibati həbsdə olan Tofiq Yaqublunın qızı Nigar Həzi özünün facebook səhifəsində paylaşdığı məlumatda bildirib ki, atası ilə danışıb və əhvalı yaxşıdır. Bununla belə, N.Həzi iddia edib ki, atasının saxlanıldığı DİN-in müvəqqəti saxlama yerində bir polis zabiti T.Yaqubludan tələb edib ki, Milli Şuradan istefa versin, siyasi fəaliyyətdən əl çəksin. Əks təqdirdə, ona işgəncə verəcəklər. 

“Yeni Müsavat”ın əməkdaşı Nigar Həzinin bu iddiaları ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidova müraciət edib. E.Zahidov müxbirimizin sualına cavabında bildirib: “Xidməti vəzifələrini yerinə yetirərək ictimai asayişi və insanların təhlükəsizliyini təmin edən polis əməkdaşlarının qanuni tələblərinə və xəbərdarlıqlarına qəsdən tabe olmayan, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil edən və bu cür hərəkətlərdə iştirak edən hər bir şəxs qanun qarşısında bərabərdir və siyasi mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunur. Tofiq Yaqublu da məhz qeyd etdiyim əməllərə görə məhkəmə tərəfindən inzibati qaydada həbs olunub. Həbs yerində saxlanılan digər şəxslərlə onun arasında heç bir fərq qoyulmur, ayrı-seçkilik də salına bilməz. Ümumi qaydalar rəhbər tutulur, ümumi rejim təmin edilir. Adı və soyadı göstərilməyən bir polis zabitinin guya T.Yaqubluya Milli Şuradan istefa verməsi, siyasi fəaliyyətdən əl çəkməsi məqsədilə hədə-qorxu gəlməsi birmənalı olaraq absurd iddiadır və böhtandan başqa bir şey deyil. Əlbəttə, inzibati həbs olunan istənilən şəxslə profilaktiki, o cümlədən izahedici söhbətlər aparıla və hüquqazidd əməllərin yolverilməzliyi barədə xəbərdar edilə bilər. Bu, qanunun yol verdiyi, tələb etdiyi bir hüquqi prosedurdur və şəxsin fəaliyyətinə və ya mənsub olduğu siyasi partiyaya heç bir aidiyyəti yoxdur.”

Xatırladaq ki, Tofiq Yaqublu Milli Şuranın oktyabrın 19-da Bakı şəhərində təşkil etdiyi icazəsiz aksiya zamanı polislər tərəfindən saxlanılıb. Ona 1 ay inzibati həbs verilib.

DİGƏR XƏBƏRLƏR

Top