Hamıya məlumdur ki, Azərbaycanda film sahəsi istənilən səviyyədə deyil. Mütəxəssislər deyir ki, kifayət qədər vəsait ayrıldığı təqdirdə yüksək keyfiyyətdə filmlərin çəkilməsi mümkündür. Ancaq yaxşı filmlər üçün peşəkar aktyorların az olduğunu söyləyənlər də kifayət qədərdir. Çünki, güclü kamera və sair texnikaların olmadığı dövrdə çəkilən köhnə Azərbaycan filmləri hələ də öz təsirini saxlayır.
Elməddin Cəfərovla Azərbaycanda film sahəsində görülən işlərdən, problemlərdən danışdıq. Həmin müsahibəni təqdim edirik:
- Elməddin bəy, təzə seriala başladınız, biz də müsahibəyə elə burdan başlamaq istərdik. Necə gedir çəkilişlər, gözlədiyiniz nəticəni aldınızmı?
- "Leyli və Məcnun"a bənzər serialı Türkiyə, Qazaxıstan və digər ölkələr də çəkiblər. Seriala təzə başlayanda türklərin çəkdiyi formatda hazırladıq ancaq, bizim izləyicilər tərəfindən qəbul edilmədi. Ona görə, formatı dəyişməyə məcbur olduq və fərqli şəkildə davam etdik. Serial ümumən yaxşıdı ancaq, keyfiyyətli çəkməyə çalışdığımız üçün çox əziyyət çəkirik. Seriala münasibət hazırda yaxşıdır. İnşaallah daha çox sevilər. İnternetdə yaxşı izlənir istəyirəm ki, reytinqdə də bir nömrə olsun.
- Türkiyəli aktyorlarla bir neçə ortaq filmdə oynamısınız, sizə necə təəssürat bağışladı?
- İlk baxışda çox qəribə aura bağışladı. Orada özümü qəbul etdirmək olduqca çətin oldu. Bir işə təzə başlayanda kollektivə qaynayıb-qarışmaq olmur. Sadəcə doğrudan da ilk günlərdə çox sıxıntılar yaşadım. Hətta yığışıb yemək yeyirdilər məni çağırmırdılar. Axı mən qonşu dövlətdən gəlmişəm və burada qonağam? Amma sonradan bir çox televiziya kanalları məni qonaq kimi dəvət etdilər. Ancaq elə birinci çəkilişdən sonra fikirləri tam olaraq dəyişdi. Sonrakı çəkilişdən sonra ssenarini dəyişdilər, rolumu çoxaltdılar. Üçüncü çəkilişdən sonra isə Türkiyənin şou proqramları mənim haqqımda müsbət fikirlər yazmağa başladılar. Hətta filmin təqimatında böyük bir tort gətirmişdilər və üzərinə filmin adından əlavə mənim adımı qeyd etmişdilər. Bu hadisə hətta bəzi problemlərə də səbəb oldu. Filmin digər aktyorları narazılıqlarını bildirdi ki, tortun üzərində ya hamımızın adı olsun ya da heç kəsin ismi olmasın.
- Azərbaycanla ortaq çəkilən türk filmlərində bəzi Azərbaycan sözləri fərqli mənada işlədilib. Misal üçün "ay balam" sözü hər dəqiqə bizim ən çox istifadə etdiyimiz söz kimi qələmə verilir. Və ya filmdə "təyyarə düşdü" kimi sözlər işlədilir ki, biz o şəkildə istifadə etmirik.
- Həmin ifadələr baş verən hadisələrdən götürülüb işlədilib. Yoxsa təbii ki, həmin sözlər dilimizdə tam olaraq işlənməyən ifadələrdir. Əslində, Türkiyədə film sektoru çox zəifləyib. Mənə oranı çox tərifləmişdilər ancaq, gedib görəndən sonra bildim ki, film sektoru o qədər də yaxşı deyil. Amma deyim ki, orada aktyora diqqət çoxdur, texniki avadanlıqlar güclüdür. Komandaya gəldikdə isə bir-birinə soyuqdur. Biz axı elə münasibətlərə alışmamışıq. Biz bir qabda yumurta yeyirik. Bizim üçün dəyərlər başqadır, onlar üçün fərqlidir. Onlarda da bizdə də təkəbbürlü oyunçular çoxdur. Biraz da buna ətrafdakılar səbəb olub. Tanınmış adam görən kimi, elə hərəkətlər edirlər ki, oyunçu deyir ki, bunu mənə görə edirlər və özünü yuxarıdan aparmağa başlayır.
- Köhnə aktyorlarla münasibətləriniz necədir, ən çox bəyəndiyiniz kimlərin adını çəkə bilərsiniz?
- Demək olar ki, əksəriyyətini sevirəm. İndi burada ad çəkmək istəmirəm. Amma demək olar ki, əksəriyyətini sevirəm, onlarla böyümüşəm. Baxmayaraq ki, mənim kumirim Paolo Vilaggiodur ancaq, Azərbaycanın keçmiş aktyorlarından çox şey öyrənmişəm bu sənəti onlar sayəsində sevmişəm.
- Azərbaycanda bir çox peşəkar aktyorlar yenilər haqqında, bəzən o qədər də ürək açan sözlər demirlər. Sizcə bunun səbəbi nədir?
- Onların bizim haqqımızda dediyi mənfi sözlərə əvvəl haqq qazandırmırdım ancaq indi müəyyən qədər qəbul edirəm. Mən də ilk dəfə çəkildiyim epizodlara illər sonra baxanda "bu nədir?" deyə bilirəm. Təbii ki, onlar məndən 40 il qabaqdadılar deyə səhvlərimi daha yaxşı görə bilirlər. Ona görə, onları qınamıram. Ancaq burada xoşuma gəlməyən odur ki, kaş ki, daha tərbiyəvi üsulla, daha yaxşı tərzdə mənə fikirlərini bildirsinlər. Elə olanda daha da öyrənərəm, səhvlərimi daha tez görərəm. Ancaq, təhqiramiz şəkildə deyəndə bu təbii ki, pis haldır. Bu artıq müəllimlik deyil qolçomaqlıqdır. Ən son çəkildiyim filmə belə baxanda deyirəm ki, gərək burada bu mimikanı edərdim və ya bu sözləri işlədərdim. Bizə irad tutan peşəkar aktyorların da keçmişdə hansısa səhvləri olub. Onlar birdən birə professionallaşmayıblar ki? Ancaq mən tutduqlar iradlardan müəyyən qədər razıyam.
- Nə üçün Azərbaycanda sırf komediya filmlərinə üstünlük verilir?
- Bunun əsas səbəbi odur ki, dram və bənzəri filmlərin əsas izləyici kütləsi qadınlardır. Ona görə, ən çox reytinq toplayan seriallar dram janrında çəkilənlərdir. Komediyanın izləyiciləri isə tələbələrdir, gənclərdir. Gənclər isə qadınlara nisbətdə daha çox bilet alıb gedib film izləyirlər. Leonardo di Kaprionun son filmi milyardlarla dollara çəkilib. Filmin hər epizodu real vaxta uyğun çəkilib. Ona görə də çox izləndi və qat-qat artıq pul çıxardılar. Ancaq, Azərbaycanda yeni doğulan uşaqdan tutmuş ölməyinə bir gün qalmış yaşlı adamına qədər hamını kinoteatra aparsan yenə də film üçün xərclədiyin pulun ən az bir hissəsini belə geri qaytara bilmərsən. Bizi həmişə xariclə müqayisə edirlər ki, onlarda niyə belə bir film var bizdə yoxdu? Onların axı əhalisi çoxdur, filmin satış bazası var bizdə isə bunlar yoxdur. Film sahəsi Azərbaycanda təzə-təzə inkişaf etməyə başlayır və kifayət qədər yol gedə bilmişik. İnandırım sizi bizim aktyorların çoxu Türkiyədən də xaricdən də güclüdür. Sadəcə film sahəsini inkişaf etdirmək lazımdır.
- İndi "Yeddi oğul istərəm" kimi film çəkilsə sizcə istənilən nəticə əldə edilərmi?
- Yeddi oğul istərəm filminə çox pul ayrılmışdı. İndiki pulla hesablasaq 1 milyon manatdan çox vəsait ayırılıb. Təbii ki, indi çəkilən filmlərə də o qədər vəsait ayrılsa müəyyən nəticələr əldə etmək olar. Qeyd edim ki, xaricdə də filmlərə milyardlarla manat pul qoyulur. Bizdə isə filmə yüksək məbləğdə pul ayrılanda fikirləşirik ki, görəsən ondan kim nə qədər pul yeyəcək?
- Bacanaqlar serialı uzunömürlü oldu. Kifayət qədər də sevilmişdi. Niyə çəkilişləri dayandırdınız?
- Bacanaqlara 10 il davam etdik. Başlayanda 27 yaşım vardı. İndi saçım ağarıb. O vaxt məni hamı Taleh kimi qəbul edirdi. Mən istəmədim sadəcə bir rolun qəhrəmanı olum. 2500-ə yaxın aktyor çəkilib bizim serialda. Baş rolda 125-dən çox aktyor çəkilib. Ən yüksək reytinq verən serial idi. Azərbaycanın bir çox peşəkar aktyoru rol alıb həmin serialda. Namiqlə Aygün dalaşandan bir ay sonra hər ikisini serialda çəkdim və orada da dalaşdırdım onları.
10 ildir biz seriallarımızı ATV-nin nəzdində hazırlayırdıq. Artıq serialları özümüz istehsal etmək qərarına gəlmişik. Operatorlar da digər işçilər də özümüzdən olacaq.
- 20 ilə yaxındır ki, davamlı olaraq komediya sahəsində çalışırsınız. Bəzən düşünülür ki, insanın özünün əhvali-ruhiyyəsi yaxşı olmasa, başqasına da müsbət anlar yaşada bilməz. Aktyorlar üçün də bu fikir keçərlidir yoxsa, bir yerdən sonra artıq professionallıq öz sözünü deməyə başlayır?
- Mənim başıma çox pis işlər gəlib, əhval ruhiyyəm pis olub ancaq yenə də güldürməyə çalışmışam. Ümumiyyətlə hamının etdiyi və ya edə bildiyi bir şeyi eləmək istəməzdim. Ortaya qoyduğum şey sırf mənə məxsusdursa onda o işi görməyi sevirəm.
- Serialın rejissoru da ssenaristi də özünüzsünüz. Xasiyyəti xoşunuza gəlməyən oyunçu olanda işdən çıxarırsınız, yoxsa "Eybi yox, rolda pis oynamır" deyib səbr edirsiniz?
- Sevmədiyim oyunçular çox olur. Ancaq qeyd edim ki, mənim üçün insani keyfiyyətlər həmişə ön plandadır. İnsan kişidirsə kişi, qadındırsa qadın olmalıdır. Xaraktersiz adam işə fitnə salır. Elə adamları sevmirəm. Allah evimdən eşiyimdən, elə millətimizdən də uzaq eləsin. Sərtsənsə sərt ol, bilək ki, sən sərtsən, gülərüzsənsə bilək ki, sən gülərüzsən. Sən özünün kim olduğunu bilmirsənsə biz hardan bilək?
- Bu yaxınlarda 3 müğənniyə fəxri ad verildi. Uzun illərdir bu sənətdəsiniz, fəxri adla bağlı bir gözləntiniz varmı?
Daxilən təbii ki, arzumdur ki, prezident mənə diqqət göstərsin. Buna məndən daha çox atam-anam sevinər. Çünki, mən hələ də onların gözündə uşağam. Mənim qazandıqlarıma həmişə çox sevinirlər. Tam kişi kimi deyirəm daxilimdə elə bir arzum var.
Ruslan Yusibov