Azərbaycanda ən yüksək əmək haqqı alan şəxslər arasında Milli Məclis deputatları ilk sıralarda yer alır.
Yeniavaz.com xəbər verir ki, millət vəkillərinin maaşı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir. Hazırda Qanunun 21-ci maddəsinə əsasən Milli Məclisin sədri ay ərzində 6187 manat 50 qəpik maaş alır. Sıravi deputatın aylıq maaşı isə 4331 manat 25 qəpik təşkil edir.
Onu da bildirək ki, oktyabr ayının 1-dən etibarən Azərbaycanda minimum əmək haqqı 250 manat olub. Bu, o deməkdir ki, Azərbaycanda Milli Məclis sədrinin aldığı maaş ölkə üzrə müəyyən edilən minumum əmək haqqından 25 dəfə, millət vəkillərinin aldığı maaş isə ölkə üzrə müəyyən edilən minumum əmək haqqından 17 dəfə çoxdur.
Onu da qeyd edək ki, Azərbaycan bu göstəriciyə görə Avropa ölkələri arasında ilk, region ölkələri arasında isə Rusiyadan sonra ikinci sırada qərarlaşıb.
Müqayisə üçün Avropa və regionun bəzi ölkələrində deputatların aldığı əmək haqqını, həmin ölkədəki minimum əmək haqqını və bunlar arasındakı fərqi təqdim edirik:
Ölkələr |
Deputatların əmək haqqı | Minimum əmək haqqı | Fərq (dəfə) |
Rusiya | 4 275 € | 174 € | 24 |
Azərbaycan | 2 304 € | 133 € | 17 |
Türkiyə | 4 210 € | 369 € | 11 |
Ermənistan | 1 247 € | 115 € | 11 |
Yunanıstan | 5 135 € | 684 € | 7,5 |
Hollandiya | 9 000 € | 1 594 € | 5 |
Fransa | 7 209 € | 1 498 € | 5 |
İngiltərə | 6 451 € | 1 467 € | 4 |
Belçika | 5 581 € | 1 582 € | 4 |
İspaniya | 2 981 € | 859 € | 3,5 |
İlkin Uğur