Kubik Dadaş - YENİ HEKAYƏ


"Günəş" taksi maşınları parkında Dadaşı hamı tanıyır. Onu görənlər istər-istəməz gülümsəyirlər. Bilirsiz niyə?
O gün Dadaş işə vaxtından əvvəl gəlmişdi. Maşının ora-burasına baxıb, "smenşik"in qarasına deyindi: "Zalım oğlu maşına heç baxmır. Elə bil anbara salıb, hər tərəfi palçıqdı. Heç olmasa qaraja girəndə uşaqlara üç manat ver, yusunlar. Bu gündə şəhərə çıxmaq olar?"...
O, sonra maşının yağına və suyuna baxıb, narazı halda başını buladı: "Suyu da yoxmuş ki...". Dadaş maşını yuyucuların yanına sürdü. Oğlan Dadaşı görən kimi gülümsədi:
- Sabahın xeyir, Dadaş əmi, maşallah, lap tezdən gəlmisən. 
Sonra o rezin çəkməni geyinib maşına baxdı və dedi:
- Bahoo, qaragün maşın nə gündədi! İncimə Dadaş əmi, sənin o "smenşik"in lap "krısadı" ha...
Dadaş oğlana cavab vermədi. Bildi ki, ona cavab versə, iş uzanacaq, oğlan nədən oldu "üyüdüb" tökəcək.
O, gödəkçəsinin düymələrini bağlayıb gəzişməyə başladı. Yadına düşdü ki, axşam arvadla toya getməlidi, Səidənin rəfiqəsinin toyudü, getməsə olmaz. Toyun pulunu çıxara bilsə, yaxşı olar. Hələ bu toydan əlavə iki dəvətnamə də veriblər. Kişi balaca dilxor oldu: "Allah evini yıxmasın toyu bazara çevirənlərin. Qazandığımız toylardadı...". Yadına Anaxanımın toyla bağlı dedikləri düşdü: " A kişi, elə demə, təki şadlıq olsun. Maşallah, kiçik qız da böyüyüb. Bir də gördün elçilər girdi qapıdan. İndi sən gedirsən, sənin qızının toyu olanda da onlar gələcəklər. Hələ qabaqda nəvələrin var...".
Dadaş kişinin çöhrəsi işqlandı, ürəyini sevinc hissi bürüdü: "Hə, Anaxanım düz deyir, təki toy olsun. Maşallah, Səidə də gözəl-göyçək qız olub..."  Dadaş kişi Səidəni çox istəyir, çünki o rəhmətlik anasına oxşayır. Buna görə də ona həmişə "anam" deyir, bir sözünü iki eləmir. Ürəyi istəyini hardan olsa tapıb alır. Anaxanım da buna görə arabir deyinir ki, belə eləmə, qızı ərköyün öyrədirsən. Dadaş isə ona çox vaxt təbəssümlə cavab verir...
Dadaş maşını minəndə dedi: "Bizdən hərəkət, Allahdan bərəkət! Yaxşı olar, inşallah". Bu vaxt sürücü yoldaşlarından biri onun yanından keçərkən zarafatla:
- Yenə formadasan, ha, Dadaş, ceyran ovuna gedirsən?-, dedi.
Dadaş ona cavab vermədi. Baləmi sürüb getdi. Kişi onun dalınca:
- Heyf deyildi köhnə vaxtlar. Gecə-gündüz yatdı yox idi- pul da ki, zibil kimi axırdı. Evə dönəndə cibindəkiləri tökürdün stolun üstünə, arvad-uşaq sayırdı. O yandan da dostlarla hər axşam ley-pey. Çexski pivənin tapılmayan vaxtında "Kubinka"dan yeşiknən alırdıq... Yoxsa indi, planı gücnən çıxarırıq. Arvad-uşaq yanında da üzqaraçılıqdı. "Atanşik"lər də o qədər çoxalıb ki. Götürürsən maşına lazımı yerə çatanda pul vermək istəmir, deyir bağışla, xəstəyəm, o biri deyir olanım budu. Hərəsi bir bəhanə ilə aradan çıxır... O  gün də "Beşmərtəbə"nin yanında bir qadını götürmüşəm. Deyib ki, Yasamal bazarına sür, oradan meyvə alıb xəstəxanaya gedəcəyəm. Mən də sürmüşəm. Düşüb girib bazara. Gözləmişəm. Xeyli keçib üstündən. Bir də görürəm şofer yoldaşlardan biri siqnallayır. Düşüb soruşur ki, Dadaş, bayaqdan iki dəfə oyan-bu yana keçmişəm, görmüşəm dayanmısan, nə məsələdi? Demişəm ki, bəs belə... Mənə gülüb deyir ki, a kişi, o qadın "atanşik"di. Bu qapıdan girir, o biri qapıdan çıxıb gedir... Əlim üzümdə qalıb. Dünya nə pis olub, qadına bax, əmələ bax...
"Kömürçü meydanı"n yanından ötəndə bir qız əl qaldırdı və maşına minən kimi dedi ki, əmi, imtahana on dəqiqə qalıb, məni universitetə çatdır.
Dadaş:
- Çalışaram qızım, anacaq çox gec qalmısan. Gərək elə yolla gedək ki, "probka"ya düşməyək. Narahat olma, əmi səni imtahana çatdıracaq.
O avtomobili ara küçələrlə sürüb Cavid prospektinə çıxardı və metronun yanından keçib universitetin böyük qapısı ağzında saxladı. Qız sevincək halda maşından düşdü və beşliyi ona uzadıb "sağ ol, əmi" deyib, tez uzaqlaşdı.
Dadaş kişinin yadına yenə Səidə düşdü. Çünki Səidə də bu universitetdə oxuyurdu. Qızı axşamlar gec yatsa da, hər gün tezdən durur, çay qoyur, yemək yeyir və sakitcə universitetə yollanır. İmtahanlardan da maşallah çox vaxt "əla" alır. Bir dəfə də olsun ata-anaya əziyyət verməyib...
Cavid prospektinə yenicə çıxmışdı ki, supermarketin yaxınlığında Şamil müəllimi gördü. Deyəsən, uşağı dərsə aparırdı. Maşını düz onun qarşısında saxladı. Şamil müəllim Dadaşın köhnə qonşusuydu, dağlı məhəlləsində yaşayırdılar. Darvazaları bir-birinə baxırdı. Şamil müəllim qonşucanlı idi. Məhəllədə hər kəsin harada həllediləsi vacib işi olurdu Şamil müəllimi axtarırdı. Tanınmış alim olsa da çox sadə idi. Buna görə də məhəllədə xeyir-şər olanda Şamil müəllimi yuxarı başda oturdurdular. Dadaş onunla iyirmi beş ildən çox qonşuluq eləmişdi, ancaq bir dəfə də olsun Şamil müəllim haqqında xoşagəlməz söz eşitməmişdi. Universitetdə dekan idi. Qonşuların oxuyan uşaqlarının çoxuna köməyi dəymişdi. Elə Dadaşın oğluna da bir neçə dəfə imtahandan qiymət yazdırmışdı. Sonra da yanına çağırıb demişdi ki, atan zəhmət-zillətlə çörək qazanır, yaxşı oxu... Oğlan da söz vermişdi ki, daha yaxşı oxuyacaq. Bir dəfə də təyinat zamanı Şamil müəllimdən xahiş etmişdi ki, onun cənub rayonların birinə göndərilməsinə kömək etsin. Müəllim də nazirlikdə kiməsə ağız açmışdı, sözünü yerə salmamışdılar. Şamil müəllim rüşvət-zad alan deyildi. Buna görə də universitetdə ona hörmət edirdilər, bir dəfə rektor qoymaq istəmişdilər, razılıq verməmişdi, demişdi ki, ora can atanların çoxunu tamah aldadır. Mən ildə bir kitab yazıram, mühazirələr oxuyuram, aldığım bəsimdi, vəzifə gəldi-gedərdi...
Dadaş sükanın arxasından çıxıb Şamil müəllimlə görüşdü, sonra da nəvəsini öpdu:
- Necəsiniz, Şamil müəllim, bacı necədi? Maşallah, nəvə də böyüyüb.
Şamil müəllim də Dadaşdan ailəsini, uşaqlarını soruşdu. Sonra da dedi ki məhəllədə nə var, nə yox?
Dadaş "məhəllə" sözünü eşidən kimi köks ötürdü və dedi:
- Daha məhlədə məhləlik qalmayıb, sakinlərin çoxu pulunu alıb köçüb gedib, beş-on ailə qalıb. Yəqin bizi də hansı yollasa didərgin salacaqlar. Verdikləri pulla da harada, necə mənzil alamaq olar?
Müəllim dedi:
- Tez, ya gec o yerlər sökülməli idi. Bu gün şəhərin mərkəzində belə məhəllələrin olması xoşagələn deyil. Ancaq gərək əhalini razı salaydılar. Yoxsa, çıx sökürəm, olmaz. Birlik olsaydı sökə bilməzdilər. Bunu eyləyən başıboş, rüşvətxor məmurlardı...
Dadaş onun haqqında ürəyindən keçənləri Şamil müəllim maşından düşəndən sonra dedi:
- Allah belə insanları saxlasın, kişi oğlu kişidi. Adam belələrindən ötrü canını verər. Yoxsa, bu gün birini qoyurlar vəzifəyə səhəri gün nə qədər əliəyri dost-tanışı var yığır yanına. Bax, dünən dedilər, o boyda rektor çaxır alveri edirmiş, oğlu da yüksək vəzifədə işləyir. Deyən lazımdı, axı sənin nəyin çatmır? Akademik, rektor. Deyilənə görə, neçə villası, şadlıq evi, restoranı da var. Ay dünya! Biri qarını dolusu çörək tapmır, belələri də süd gölündə üzür...
Birdən gözü yan oturacaqdakı pula sataşdı. Şamil müəllim Dadaşın ondan almayacağını bilib, pulu sakitcə ora qoymuşdu.
Dadaş yenə yola çıxsa da Şamil müəllim haqda fikirləşirdi. Birən iki cavan oğlan ona əl qaldırdı. Maşın dayanandan sonra onlardan biri pəncərədən başını içəriyə salıb dedi:
- "Aeroport"a gedəcəyik.
Dadaş :
- Əyləşin,- dedi.
Cavanlar yolun kənarındakı korobkanı maşının baqajına qoyduqdan sonra hər ikisi arxada oturdu. Yol boyu astaca nəsə danışırdılar. "Aeroport"a dönən yolda qəza olmuşdu. Yol polisi hərəkəti nizamlamağa çalışırdı. Xeyli dayanmalı oldular...
Maşın vağzalın qarşısında dayananda cavanlardan biri dedi:
- Mümkünsə, üçcə dəqiqə gözləyin, saxlama kamerasındakı bağlamanı götürək, qardaşım sizinlə şəhərə dönəcək.
Cavanlar getdilər, lakin dedikləri vaxtdan xeyli keçsə də qayıtmadılar. Dadaş kişi dilxor olmuşdu. Öz-özünə deyinirdi: "Korobkalarını götürsəydilər, heç gözləməzdim, rədd olub gedərdim..." O, daha on dəqiqə gözlədi, ancaq cavanlar qayıtmadılar. Dadaş məsələnin nə yerdə olduğunu başa düşdü. Maşını işə salıb geri dönmək istəyirdi ki, bir qadın əl qaldırdı. Əvvəl istədi maşını saxlamasın, amma yağış başlamışdı və qadın nazik paltarda və çətirsiz idi. Buna görə də maşını saxladı və qadının çemodanlarını baqaja qoydu.
Qadın astaca dedi:
- Zəhmət olmasa, Yasamal tərəfə, "Olimp" mağazasının yerləşdiyi binanın həyətinə gedəcəyəm.
Dadaş o dəqiqə başını qaldırıb güzgüdə qadına baxdı. Bu o, idi- Flora müəllimənin qızı... Ancaq heç nə demədi, heç nə soruşmadı. Gözünü yola dikib məktəb illərini gözü önünə gətirdi. Səidə ilə bir məktəbdə oxuduğu illəri, günləri sıralamağa başladı. Səidənin qızılı saçları, qoşa hörükləri, yumru ala gözləri vardı. Kağız kimi ağ idi, buna görə də utandığından çox vaxt kapron corab geyinirdi. Dilli-dilavər qiz idi. Məhəllə oğlanlarının çoxu ürəyində Səidəni sevirdi. Ancaq heç kəs ürək eləyib bu istəyi dilə gətirə bilmirdi. Dadaş da o qızı sevirdi.
Bir dəfə bərk qar yağmışdı. Oğlanlar məktəbdən çıxan qızları qartopu ilə vururdular. Dadaş onlardan bir qədər arxada dayanıb Səidənin nə vaxt çıxacağını gözləyirdi. Zəng çalındı. Məktəblilər həyətə töküldülər. Az keçmişdi ki, Səidə Rayihə ilə qapıda göründü. Oğlanlar qartopu atmağa başladılar. Dadaş özünü saxlaya bilmədi, oğlanlardan birini yaxalayıb qarın üstünə yıxdı və yumruqlamağa başladı. Sonra hay-küy qopdu, məktəbin həyəti döyüş meydanına çevrildi. Dadaşın dostları ona köməyə gəlmişdilər.
Səhəri gün direktor Dadaşı öz otağına çağırdı və məsələni öyrənməyə çalışdı. Ancaq o, dava-dalaşın niyə və kimə görə baş verdiyini demədi. Direktor Dadaşa yazılı töhmət verdi.
Günlərin bir günü Səidə məktəbə gəlmədi və Dadaş hər gün onun yolunu gözlədi. Səidənin isə Dadaşın ona bəslədiyi məhəbbətdən xəbəri olmadı. Sən demə, Səidənin atasını hansı rayonasa işləməyə göndəriblərmiş...
O vaxtdan illər ötsə də, Dadaşın ürəyində o qoşa hörüklü qızın surəti hələ də yaşayırdı.
- Bağışlayın, siz Səidə xanım deyilsiz?
- Nədən bildiniz?
- Biz sizinlə 175 saylı məktəbdə oxumuşuq. Onda Əli müəllim direktor idi.
- Hə, doğrudur, ancaq mən sizi xatırlamıram.
Qadının son sözləri Dadaşın ürəyində tutuşan ilk sevgi qığılcımlarını yenidən söndürdü.
Şəhərə çatanda yağış daha da bərkimişdi. Bəzi küçələrdə gölməcə yaranmışdı. Küçəni keçmək istəyən adamlar topuğa qədər suya girirdilər. Bağırov körpusunun altı əməlli-başlı gölə çevrilmişdi. Orada bir neçə maşın yarıyadək suyun altında qalmışdı. Payız yağışı  yəqin ki, onların küçələrində selə dönüb, həyətlərə, evlərə dolacaq, sakinləri çıxılmaz vəziyyətdə qoyacaqdı. Dadaş Bakının belə günlərini çox görmüşdü. Onların evi isə dikdirdə olduğu üçün yağış, qar suları onlardan yan keçirdi. Ancaq indi Dadaş yağış barədə düşünmürdü. O arxada oturmuş Səidə haqqında fikirləşirdi. O, bir azdan maşından düşəcəkdi...
Səidə maşından düşmüşdü ki, blokdan ucaboylu bir oğlan çıxdı. Yaxınlaşıb əvvəlcə Səidə xanımı öpdü və sonra:
- Mama, niyə xəbər eləməmisən, özüm qarşılayardım səni.
- Eybi yoxdu, narahat eləmək istəmədim. Sağ olsun bu qardaş, kömək elədi, gətirdi. Deyir ki, bir məktəbdə oxumuşuq...
 Oğlan çıxarıb Dadaşa pul vermək istədi. Amma Dadaş pulu almadı:
- Eyib deyil, bir məhlədə böyümüşük, bir məktəbdə oxumuşuq.
Qadın dedi:
- Xahiş edirəm götürün, yoxsa bir də sizi görsəm maşınınıza minmərəm...
Dadaş Səidəyə baxdı. O yaşa dolsa da yumru gözləri heç dəyişməmişdi. Ağappaq çöhrəsi necə də aydın və nurlu idi. Qoşa hörüklərini isə şəlaləyə bənzər şabalıdı saçlar əvəzləmişdi....
 
Dadaş nə fikirləşdisə maşını öz evlərinə tərəf sürdü. Həyətə girdi və baqajdakı korobkanı götürüb pilləkənləri qalxdı. Anaxanım Dadaşın bu xəbərsiz gəlişinə təəccüblənsə də onu əlidolu görüb sevinən kimi oldu. O, aynabənddə oturub arvadından çay istədi. Sonra istədi başına gələnləri arvadına danışsın, amma bu fikirdən vaz keçdi. Anaxanım çayı gətirib onun qarşısına qoydu, sonra heç nə demədəm gedib korobkanı açdı. Anaxanım gördüyünə heyrətləndi:
- Dadaş, başuva daş, bu nədi?
Lakin Dadaş heç nə olmamış kimi pəncərəyə doğru getdi və yağan yağışa tamaşa eləməyə başladı. Fikri isə hələ də Səidənin yanında idi...  Anaxanım isə dinməzcə oturub gah stolun üstündəki daşa, gah da özünü qəribə aparan ərinə baxırdı...
 
Doğru deyiblər, yerin də qulağı var. Bir neçə gündən sonra qarajda çoxları bu məsələdən xəbərdar oldu. O vaxtdan onu iş yerində çoxları  "Kubik Dadaş" deyə çağırır.

Səməd Məlikzadə
Hekayə "Kaspi" qəzetinin 9 noyabr 2019-cu il tarixli ədəbiyyat əlavəsində kiçik ixtisarla verilib.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top