Xalqımızın tarix boyu yaratdığı bir çox sənət növləri kimi nalbəndlik də, nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb. Nalbəndlik XX əsrin 50-ci illərinədək geniş yayılsa da, texnikanın inkişafı ilə əlaqədar hazırda bu sənəti yaşadanları barmaqla saymaq olar. Amma 37 yaşlı Yevlax sakini Ramin Hüseynov, yaşı az olsa da, bu qədim peşəni yaşadır.
Yeniavaz.com xəbər verir ki, o, 20 ilə yaxındır ki, nalbəndlik edir. Maraqlı məqam isə bundan ibarətdir ki, R. Hüseynov atlara özünün hazırladığı qurğuda, rahat şəkildə nal vurur. Rayonun Salahlı kəndində yaşayan nalbənd bildirir ki, dəfələrlə ata nal vuran zaman heyvanın qəfil zərbələrinə tuş gəlib. Belə zərblərdən qorunmaq və işinin rahatlığı üçün məhz öz ideyası əsasında qurğu hazırlayıb.
Yevlax və ətraf rayonlardan nalbəndə müraciət edənlər çoxdur. Ramin Hüseynov atların ayaq ölçüsünün fərqli olması ilə yanaşı, dağlıq və aran zonlarında həmçinin yarış və yük üçün istifadə edilən atlara uyğun nallar olduğunu deyir.
Nalbənd bildirir ki, aran bölgəsində atların daha çox iki qabaq ayaqları nallanır. Gənc nalbəndə müraciət edənlər deyir ki, atlara nal vurulduqdan sonra heyvanın hərəkəti rahatlaşır.
Atlara nal vurulması 3 aydan bir həyata keçirilir. Heyvanın 4 ayağının nallanması 14 manata, iki ayağı isə yarı qiymətə başa gəlir. İşini çox sevdiyini deyən Ramin unudulmaqda olan bu el sənətini yaşatdığına görə məmnundur. O, indiki dövrdə nalbəndliyə marağın azaldığını bildirsə də, dolanışığından narazı deyil.
Esmira Hidayətova, Yevlax