İçdikləri arağı onların burnundan gətirmək lazımdır...


Binəqədi rayonunda Akademik Zərifə Əliyevanın adını daşıyan parkın geniş meydançasını üç dəfə dövrə vurandan sonra dostumun ofisinə uz tutduq. Adama bir fincan qəhvə içib, günün yorğunluğunu üstümüzdən atmaq istəyirdik...
Cəmi yüz addım irəlidə, yolun sol tərəfində bir dəstə kişinin var-gəl etdiyinin şahidi olduq. Onların əksəriyyəti siqaret çəkir, yüksək səslə danışır, bir-biriləriylə şit zarafatlar edirdilər. Bəzilərinin əməlli-başlı əsəbləşdiyi açıq-aşkar hiss olunurdu. Qeyri-ixtitari olaraq, dostuma tərəf çevrildim: "Bu adamlar niyə yığışıblar? Şəhərdə mitinq var?"
Dostum məni başdan-ayağa süzüb, suala sualla cavab verdi: "Bunlar mitinq keçirən adama oxşayırlar?"
Adil haqlı idi. Bu kişilərin heç biri aksiya keçirmək  niyyətində deyildi. Bəs, onları bir yerə yığışmağa vadar edən səbəb nə idi?
Dostum məni çox intizarda qoymadı: "O iri küknar ağacının arxasında gürcü restoranı var. Yaxşı xəngəl verirlər. İçəridə iynə atsan, yerə düşməz. Bu adamlar oturmaq üçün növbə gözləyirlər".
Təəccüblə ona baxdığımı görəndə, əlavə izahat verməli oldu: "Oturmaq üçün bəzən burda bir saat var-gəl edirlər. Oturanda da qalxmaq bilmirlər".
Payız və qış mövsümündə Bakıda bu cür mənzərəylə tez-tez qarşılaşmaq mümkündür. Göydən yerə iki damcı yağış düşən kimi xəngəl mövsümü açıq elan olunur. Arvad-uşaq sahibi olan bığlı-saqqallı kişilər beş-altı xəngəl yemək üçün bəzən hansısa restoranın qarşısında bir saat boyunlarını büküb gözləməli olurlar. Həmişə məni bir sual düşündürür: görəsən, kafe və restoranların yerini gözüyumulu tanıyan bu adamlar uşaqlarının hansı məktəbdə təhsil aldıqlarını bilirlər? Görəsən, Bakıdakı ən yaxşı kababçıları şəxsən tanıyan, xıngəl, düşbərə, piti bişirən xalaların adlarını əzbər bilən bu adamlar uşaqlarının sinif rəhbərini, tarix, coğrafiya, riyaziyyat müəllimlərini də tanıyırlarmı? Bir mannat summativ puluna görə mənə üç dəfə zəng edən, deyinən, gileylənən bəzi valideynlər hər gün 8-10 manat verib araq almağa pulu hardan tapırlar? Mən əylənməyin, istirahət etməyin əleyhinə deyiləm. Axı evdəki qadının, uşaqların da istirahət etmək hüququ var. Əlinə düşən beş manatı arağa verib qarnına tökəndə, kişiyə qəhrəman demirlər. Mənim gözümdə qəhrəman əlindəki tikəsini balalarıyla bölən atadır. Balasının boğazından kəsib gödənini dolduran isə sağkən ölən atadır...
Mən, şəxsi həyata müdaxilə etməyin yolverilməz olduğunu yaxşı bilirəm. Bəs məni başqalarının şəxsi həyatına qarışmağa, araq içib saatlarla küçələrdə veyillənən adamları qınamağa vadar edən nədir? Darıxmayın, bu dəqiqə izah edəcəm.
Həftədə ən azı üç-dörd dəfə Space TV-də və ARB-də sosial problemlərin müzakirə olunduğu verilişlərdə iştirak edirəm. Elə gün olmur ki, aliment ala bilməyən ən azı iki qadın kömək üçün studiyaya müraciət etməsin. "Yeni Müsavat" qəzetində çalışan dostum, həmkarım Elşad Paşasoy şahiddir; bir dəfə metronun "İçərişəhər" stansiyasının qarşısında beş dəqiqə ərzində üç qadın mənə yaxınlaşıb keçmiş həyat yoldaşının uşaqlarına aliment vermədiyindən şikayətləndi. Kömək üçün müraciət edən qadınlara həmişə eyni sualı verirəm: niyə boşanmısınız?
Cavab, adətən, belə olur: "Ərim "alkaş" idi".
Həyat yoldaşından ayrılan qadınların bəziləri məcbur qalıb övladlarını uşaq evinə verirlər. Nəticədə gününü kafe və restoranlarda keçirən həmin adamların uşaqları bizlərin ödədiyi vergilərin hesabına böyüyürlər. Buna görə də arabir yazıb, içdikləri arağı onların burnundan gətirmək lazımdır...
Seymur Verdizadə
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top