Bakının ən kriminal bölgəsi - Maraqlı statistika


“Bakının rayonlarında kriminal hadisələr əhali sayına görə dəyişir”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri "Lent.az"a keçmiş polis rəisi Mahmud Hacıyev deyib. Paytaxt Bakının 12 rayonu var və bu rayonlar da əhali sayına, ərazisinə görə bir-birindən fərqlənir. Təbii ki, əhali sayının çox olması hərəkətliliyin və fəaliyyətin də aktiv olmasına gətirib çıxaran başlıca amildir. Bəs görək, paytaxtımızın hansı hissəsi kriminal hadisələrin daha çox olması ilə seçilir?

Mahmud Hacıyev deyir ki, bu mövzuda konkret hansısa bölgənin adını çəkmək çətindir:

“Əhali harada daha çox sıx yaşayırsa kriminal hadisələr orada çox baş verir. Bakının rayonları arasında bu müqayisəni aparmaq çətindir. Çünki rayonların birinin əhalisi azdır, birinin çox. Birində əhali sıxlığı çox olsa da, iş yerləri, obyektlər azdır. Rayonun birində 50 ədəd hündürmərtəbəli bina var, birində 9 ədəd. Bütün bunlar statistik göstəriciyə təsir edir. Bundan əlavə, Bakının elə bölgəsi var ki, yarımsəhradır, insan sıxlığı çox aşağıdır. Məsələn, Qaradağ rayonu ilə Nəsimi, Xətai rayonunu necə müqayisə etmək olar? Bu müqayisə düzgün olmazdı”.

Mövzu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev danışarkən paytaxtda ictimai təhlükəsizliyin yüksək səviyyədə qorunmasından söz açıb:

“Paytaxtda bütövlükdə götürəndə ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün polis tərəfindən yüksək səviyyədə xidmət təşkil olunur. Kriminal durumun hansısa rayon ərazisində daha çox baş verdiyini demək düzgün deyil. Bakıda kriminal durum sabitdir. Bu sabitliyi qorumaq üçün Bakı polisi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir”.

Qeyd edək ki, Bakı MDB ölkələrinin paytaxtları ilə müqayisədə ən təhlükəsiz və sabit şəhərlərdən biri sayılır. Bakıda rəsmi qeydiyyatda olan 3 milyona yaxın adam yaşayır. Rayonlardan gəlib burada işləyənləri də əlavə etsək, bu rəqəm xeyli yüksəlir. Buna görə də ölkə ərazisində il ərzində baş verən kriminal hadisələrin təxminən yarıya qədəri paytaxt Bakının payına düşür. 2019-cu ilin iyul ayına qədər olan göstəricilərə əsasən, Binəqədi rayonunda 266,6 min, Xətai rayonunda - 287,4 min, Yasamal – 248,1 min, Sabunçu – 245,4 min, Nəsimi - 221, 6 min, Suraxanı - 220,3 min, Nizami - 200,6 min, Nərimanov - 178,8 min, Xəzər - 167,1 min, Qaradağ - 126,2 min, Səbail - 102,1 min və Pirallahı rayonunda – 20,5 min nəfər rəsmi qeydiyyata alınıb. Ancaq Xətai rayonunda əhali sayı daha çox olmasına baxmayaraq, şəhərin ən kriminal rayonu Binəqədi rayonu hesab olunur. Bunu da bəzi ekspertlər rayon ərazisində kirayə evlərin ucuz olması və bu səbəbdən də ora xeyli insanın toplaşması ilə əlaqələndirirlər.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top