Hansı məhsulları alandan sonra qaytara bilərik?


"Alınan mallar geri qaytarılmır". Yəqin bir çox mağazalarda bu sözlərin yazıldığını görmüsünüz. Bu da o deməkdir ki, alınan mal tələblərə cavab verməsə də, evə aparandan sonra malın yararsız olduğu məlum olsa da, hədiyyə etdiyin adamın ölçüsünə və zövqünə uyğun gəlməsə də, qaytara bilməzsən. Ancaq alınan malların qaytarılması, dəyişdirilməsi və bu kimi hallar mağaza sahiblərinin istəkləri ilə deyil Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunla nizama salınır.
Bəs qanun bu haqda nə deyir? Nəyi dəyişmək və qaytarmaq olmaz? Bu kimi sualların cavabını bilmək üçün ilk olaraq "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 15-ci maddəsinin 1-ci bəndində diqqət yetirmək lazımdır.

Yeniavaz.com xəbər verir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 15-ci maddəsinin 1-ci bəndində deyilir ki, "Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya (alıcıya) yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının (alıcının) onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var. İstehlakçı (alıcı) malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər".
Həmin  qanunun 15-ci maddəsinin 2-ci bəndi isə alınan malın geri qaytarılması ilə bağlıdır.
2-ci bənddə deyilir: "Malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir".
Nazirlər Kabineti tərəfindən təsdiqlən bir sıra mallar var ki, onlar geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadırBura qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr), parfümer-kosmetika malları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları, diş fırçaları, daraqlar, biqudilər və s., uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadə olunmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.
Bundan əlavə malın dəyişdirilməsi qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsi 623-cü maddəsi ilə də tənzimlənir. Həmin maddənin 1-ci bəndində deyilir: “ Əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər”.
Mülki məcəllənin 623-cü maddəsinin 2-ci bədində isə qeyd edilir ki, alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun.
623-cü məddənin sonuncu – 3-cü bəndində isə bildirilir ki, bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli və ya qaytarılmalı olmayan malların siyahısı xüsusi hüquqi aktlar ilə müəyyənləşdirilmiş qaydada təyin edilir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 26-cı maddəsinə əsasən istehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Hüquqlarının pozulması barədə məhkəmədə qaldırdıqları iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər.
İstehlakçıların qarşılaşdıqları problemlərdən biri də bəzi mağazalardan mal alarkən qəbzin üzərində 14 gün ərzində malın dəyişdirilə biləcəyi ilə bağlı informasiyanın yazılmamasıdır. Bu da o deməkdir ki, malı qaytarmaq olmaz. Amma "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 16-cı maddəsində qeyd edilir ki, istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir.

Mövzu ilə əlaqədar Yeniavaz.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov dəyişdirilə bilən və qaytarıla bilən mallar siyahısında ziddiyətlərin çox olduğunu dedi.
O bildirdi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda istehlakçıların və satıcıların zərərinə olan amillər var: “Misal üçün kitab qaytarılan mallar siyahısındadır. Kimsə kitabı alıb oxuyub qaytarmaq istəyəcək. Bu satıcının hüququnu pozmaq deməkdir. Qanunda yazılır ki, dəyəri ödənilmiş və dükandan çıxarılmayan ərzaq malı qaytarıla bilər. Belə çıxır ki, onda istehlakçı mağazanın içində qazan açıb aldığı toyuğu orda açaraq pis iyin gəlib-gəlmədiyini yoxlayıb sonra bişirməlidir. Endirim zamanı alınan malları geri qaytarmırlar. Bunlar hamısı ziddiyyətdir, səhvləridr. Bu siyahıya mütləq yenidən baxılmalıdır”.
Kassa qəbzlərinin üzərinə qaytarılma müddətinin yazılmağının qanunun tələb etmədiyini deyən E. Hüseynov qeyd etdi ki, mağazalar qəbzlərin üzərinə özlərinin istədiyi məsələləri yazırlar: “Mən sizə bir misal çəkim. İstehlakçı mənə “Ali və Nino”nun “Gənclik Mall”da yerləşən mağazasından bir qəbz gətirib. Qəbzin üzərində “alınan mallar istifadə olunmayıbsa 24 saat ərzində qaytarılır” və “3 gün müddətində dəyişdirilə bilər” yazılıb. Bu qanuna ziddir. Düşünürəm ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun çox köhnəlibdir. Nə keçmişin, nə də bu günün tələblərinə cavab vermir”.
E. Hüseynov qeyd etdi ki, vətəndaşlar bu cür problemlərlə qarşıladıqları zaman 012-441 28 33 nömrəli telefona zəng edib şikayətlərini bildirə bilərlər.
Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top