Sabah Nikosiyada Bakı vaxtı ilə saat 21:55-də Kiprin APOEL və Azərbaycanın "Qarabağ” komandaları arasında Avropa Liqasının 4-cü turunun qrup raundunun matçına start veriləcək.
Bu gün saat 21:15-də oyunun keçiriləcəyi GSP stadionunda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun ənənəvi oyun öncəsi mətbuat konfransı keçirilməli idi. Lakin Kipr mediasının yazdığına görə, Q.Qurbanov jurnalistlərlə görüşü ləğv edib. Bunun səbəbi Kipr mediasının buna maraq göstərməməsi, həmçinin azərbaycanlı jurnalistlərin Nikosiyaya gəlməməsi olub.
Bununla belə, "Qarabağ" ın baş məşqçisi qarşıdakı oyundan gözləntilərini klubun mətbuat xidməti ilə bölüşüb və rəqibə qarşı üstünlük verəcəkləri oyun üslubunu açıqlayıb: “Sabah rəqib həddindən artıq istəkli ola bilər. Çünki doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Çalışacağıq ki, hər bir halda-həm əks-hücumlarda, həm topa nəzarətdə, həm də öz meydanımızda diqqətli olaq”.//virtualaz.org