Ekspertdən küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ


Payız və qış fəslində qida rasionumuza əlavə etdiyimiz məhsullardan biri də balıqdır. Daha çox bu fəsillərdə balıqların satışına müxtəlif yerlərdə rast gəlirik. Həmin satış nöqtələrinin standartlara cavab verdiyi də var, antisanitariya şəraitində satılanları da.
Balıqlar necə və hansı şəraitdə satılmalıdır? Standartlara cavab verməyən ərazilərdən alınan balıqlar insan həyatı üçün təhlükəlidirmi?

Mövzu ilə əlaqədar Yeniavaz.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov harada və necə gəldi satılan balıqların təhlükəli olduğunu dedi.
O bildirdi ki, balıqlar ya su ətrafında çıxarıldığı yerdə diri-diri satılmalıdır, ya da ki təchiz olunmuş mağazalarda buz içərisində saxlanılaraq satılmalıdır:
“Buzlu soyuducular elə olmalıdır ki, alıcılar balığa əli ilə toxuna bilsin. Balıqlar belə şəraitdə saxlanılıb satılmalıdır. Balıq nə qədər qida üçün əlverişli məhsul olsa da, o qədər də təhlükəlidir. Yəni insan həyatı üçün 1-ci qrup risk dərəcəsi olan məhsullardan biridir. Xüsusən hisə verilmiş balıq daha təhlükəlidir və qorxuludur. Ona görə də insanlara hardan gəldi, necə gəldi balıq almaq məsləhət görülmür”.
Dondurulmuş balıqların içərisində də təhlükəli olan balıq məhsullarının da ola biləcəyini deyən E. Hüseynov qeyd etdi ki, balıq satış məntəqəsinə gətirilənə kimi hansı şəraitdə, hansı proseslərdən keçdiyini nəzərə almaq lazımdır:
"Balıq tutulandan sonra satış yerlərinə mütləq dondurucularda gətirilməlidir. Çünki balıq istehlakçıların süfrəsinə çatdırılana qədər müəyyən risk zəncirlərindən keçir. Zəncirin halqası harada zəifdirsə zəhərlənmə ordan baş verə bilər. Balığın təzə olub-olmamasının ən yaxşı üsulunun laboratoriya şəraitində yoxlamaq lazımdır. Balığın kölnə olduğunu bilmək üçün bir neçə sadə üsul var. Barmaqla basırsan batıq qalırsa, pulları tökülübsə, pis qoxu gəlirsə, qulağın altında selik varsa həmin balıq köhnədir. Balıq dəyişdirilə bilən və qaytarılan məhsullar sırasındadır. Bütün hallarda istehlakçıların bu sahədə problemləri varsa 1003 telefon xətti ilə Qida Təhlükəsizlik Agentliyinə məlumat verə bilərlər”.
Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top