"Heç bir orqan bələdiyyələrə səlahiyyətin verilməsinə razı olmaz çünki, ..."


Azərbaycanda 23 dekabrda bələdiyyə seçkiləri keçiriləcək. Avropa Şurasının irəli sürdüyü öhdəliklər sırasında olan bələdiyyələr ölkəmizdə qurulsa da fəaliyyət sahələri olduqca məhduddur. Misal üçün qonşu Türkiyədə bələdiyyələr tam fərqli şəkildə fəaliyyət göstərir. İstanbul və ya Ankara böyük şəhər bələdiyyəsi İcra hakimiyyəti qədər nüfuzlu və vacib orqandır. Azərbaycanda isə böyük şəhər bələdiyyə anlayışı ümumiyyətlə yoxdur. Kəndlərdə, qəsəbələrdə kiçik bir ofisdə fəaliyyət göstərən bu qurumların gördükləri işlər barmaqla sayılacaq qədərdir. Bəs nə üçün bu orqanlar Azərbaycanda digər ölkələrdəki kimi qurulmayıb? Bu istiqamətdə hansı problemlər var? Bələdiyyələrin səlahiyyətləri artırıla bilərmi? Onlara daha çox səlahiyyətlərin verilməsində hansı maneələr var? Bütün bu suallara iqtisadçı Samir Əliyevlə cavab tapmağa çalışdıq.
Samir Əliyev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Azərbaycanda bələdiyyə sahəsində ortaya çıxan ən vacib problemlərdən biri büdcə məsələsidir:
"Azərbaycanda hazırda 1606 bələdiyyə var. Bu qurumlar 3 qrup, kənd, qəsəbə, şəhər bələdiyyəsi olaraq fəaliyyət göstərir. Azərbaycandakı bütün bələdiyyələrin ümumi büdcəsi təxminən 37 milyon manatdır. Belə olan halda bir bələdiyyənin illik gəliri heç 20 min manata çatmır. Misal üçün qonşu Türkiyədə hər hansı bir bələdiyyənin illik büdcəsi milyonlarla manat vəsaitlə ölçülür. Bizdə kənd bələdiyyələrinin illik büdcəsi 4-5 min manat ətrafındadır. Bu isə heç işçilərin pulunu qarşılamır. Bələdiyyə büdcələri əsasən vergidən toplanır. Fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə müəssisələrinin mənfəət vergisi bura daxildir. İkinci mənbə dövlət büdcəsindən transferdir. Dördüncüsü isə torpaqdan qazandıqları vergilərdir. Bu da təbii ki, azlıq edir. Mənim fikrimə görə, bələdiyyələrin büdcəsi də səlahiyyətləri də artırılmalıdır. Bu problemlər Azərbaycanda həll olmayana qədər düşünürəm ki, bələdiyyə sahəsi düzəlməyəcək. İnsanların da bələdiyyələrə inamı azdır çünki, bəhs etdiyimiz problemlər həll olmadığı üçün insanlar bələdiyyələrdən lazımi qədər xidmət görə bilmirlər".
İqtisadçı, bələdiyyə sistemində ortaya çıxan bütün problemlərin həmin quruma verilən statusla bağlı olduğunu bildirdi:
"Mənim fikrimcə Azərbaycanda bələdiyyələrin statusuna aydınlıq gətirilməlidir. Beynəlxalq təcrübədə bələdiyyələr yerli hakimiyyətdir. Azərbaycanda əsas işləri İcra hakimiyyəti görür, geri qalan xırda işlər isə bələdiyyələrə verilir. Bizdə bələdiyyələrin nə olduğu hələlik tam şəkildə bilinmir. Bilmirsən, qeyri hökümət təşkilatıdır, kommersiya sahəsidir və sair. Bələdiyyənin statusu yerlərdə dövlətin vəzifələrini yerinə yetirən orqan olmalıdır”.
Samir Əliyev Azərbaycanda bələdiyyələrin nə üçün digər ölkələrdəki kimi fəaliyyət göstərə bilmədiklərindən də danışdı:
"Əgər bələdiyyələr bizdə normal şəkildə qurulsa o zaman bir çox səlahiyyətlər gərək digər orqanlardan alınaraq bələdiyyələrə verilsin. Bunu da təbii ki, heç bir digər dövlət orqanı istəmir. Onların hamısı istəyir ki, səlahiyyət özlərində olsun. Çünki, səlahiyyət pul deməkdir. Ancaq mən fikirləşirəm ki, əvvəl-axır bəhs etdiyimiz səlahiyyətlər bələdiyyələrə veriləcək. Çünki, yerlərdəki işləri bələdiyyələrdən daha yaxşı bilən qurum yoxdur”.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top