"Ata ocağı"nın ssenaristi: "Aktyor bir serialdan sonra istirahət etməlidir" - VİDEO/FOTO


Budəfəki müsahibimiz “Qələm ssenarist qrupu”nun baş ssenaristi Valeh Əhmədovdur.
Yeniavaz.com V. Əhmədovla olan müsahibəni təqdim edir:

- Hazırda Azərbaycan istehsalı olan kinolar və teleseriallar cəmiyyətə necə təsir edir?
- 2011-ci ildə Cənab Prezidentin fərmanı ilə xarici teleserialların ölkədə yayımı dayandı. Yeni bir sahə peşəkar qaydada “Aramızda qalsın” teleserialı ilə başladı. Düşünürəm ki, Azərbaycan tamaşaçısı bütün sahələrdə olduğu kimi bu sahədə də öz məhsulumuzu görəməyə üstünlük verir. Teleserialın bir növ güzgü rolunu oynadığını da deyə bilərik. Misal üçün biz qonşumuzda və yaxud qohumumuzda olan hadisəni onlara desək kobud çıxar. Ancaq teleserial insanlarda olan çatışmazlıqları və nümunəvi davranışları göstərmək üçün yaxşı üsuldur. Dünya təcrübəsində teleserialların insanların həyatına mənfi təsir etdiyinin də şahidi oluruq. Biz qrup olaraq cəmiyyətə mənfi təsir edən işlərdən uzaq olmağa çalışırıq. 

- Azərbaycanda kinoların və serialların bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Hazırda “hər şey yüksək səviyyədədir, əladır”, desəm bir az yanlış olar. Artıq müəyyən tamaşaçı kütləsi toplanıb. Bu kütlənin sayının daha da çox olmasını istəyərdik. Tamaşaçının çox olmasının reklam bazarına da təsiri var. Yeni başladığını nəzərə alsaq, günümüzdə vəziyyəti qənaətbəxş saymaq olar. Azərbaycan insanı hər şeyi tez qavrayıb, tez nəticə verən insan olduğuna görə yaxın illər ərzində daha da yaxşı nəticələr əldə edəcəyik. İstərdim ki, bu sahədə olan insanlar inkişaf üçün bir araya gələrək müzakirələr aparsın. İnkişaf beynəlxalq layihələrin ortaya çıxmasına təkan verəcək. 

- Azərbaycan tamaşaçısı nə istəyir?
- Ssenari bir növ araşdırma işi kimi sayılır. Biz də müəyyən qədər araşdırma edirik. Bacardığımız qədər utopiyaya çox qaçmamağa çalışırıq. Düzdür bəzən müəyyən mövzuları şişirtmək məcburiyyətində qalırsan. Çünki bir insanın başına serialda, filmdə olan qədər hadisə gələ bilməz. Sadəcə yeni qəhrəman yetişdirib o hadisələri onların üzərinə verməkdənsə tamaşaçılar tərəfindən qəbul edilən uğurlu qəhrəmanın üzərinə müxtəlif hadisələr verirsən. Düşünürəm ki, bizim qrupumuz tamaşaçının nə istədiyinin hamısını olmasa da müəyyən qədərini bilir. 

- Film və seriallarda işlənən mövzuları tamaşaçı zövqü formalaşdırır?
- Bunlar yanaşı getməlidir. Mövzular həm tamaşaçının istəyi, həm də bizim fikirlərimizin vəhdətinən ortaya çıxır. 

- Azərbaycan tamaşaçısı üçün “qızıl orta” təyin edilibmi?
- Müəyyən qədər təyin edilib. Tamaşaçımız artıq xarici ölkələrin seriallarını izlədiyinə görə bizim üzərimizə düşən yük çox olur. Ona görə də onların tələbləri həddən artıq çoxdur. Gündəlik serialın çəkilmə prosesi çətindir. Burada çalışanlar çox böyük əziyyətlər çəkirlər. Tamaşaçılar bəzən günlük serialı xarici filmlə müqayisə edirlər. Əslində biz bu müqayisə ilə rahatlıq tapırıq. Müəyyən çatışmazlqlar yerinə oturandan sonra hər şey qaydasında olacaq. 


- Günümüzdə ərsəyə gətirilən ekran işlərinə qazanc mənbəyi kimi baxırlar yoxsa karyera yüksəlişinə atılan addım kimi?

- Kim ki, bu sahədədir, çəkdiyi filimlərdən həm qazanc məqsədi güdür, həm də inkişafını nəzərdə tutur, inkişaf etmək istəyir. Bu, film sektorunda olan insanların 90%-nə aiddir. Mən öz filmimi sponsorsuz çəkdim. Bu qədər kömək olduğu halda öz şəxsi büdcəmdən külli miqdarda pul çıxdı. Filmimdə qazanc üsullarından istifadə etməmişdim. Kadrlara, mövzulara baxsaq ancaq sənət baxımından yanaşdığımı görmək olar. İstədim ki, ilk filmimdə sənətkarlıq hiss edilsin. Filmin bütün heyətinə kömək olduqları üçün çox sağ ol deyir, təşəkkürümü bildirirəm. 

- Maarfiləndirməklə pul qazanmaq daha çətin olduğuna görə əyləncəli filmlərə üstünlük verilir?
- Dünya təcrübəsində də bu hallara rast gəlinir. Tamaşaçılar dram filmlərini çox izləmirlər. İnsanlar kinoteatrlara əylənməyə, istirahətə getdikləri üçün öyrənməkdan daha çox əyləncəli filmlərə üstünlük verirlər. Dram filmlərinin də izləyicləri var. Amma kinoteatrlarda həm bu filmlərin, həm də izləyicilərinin sayı olduqca az olur. 

- Azərbaycanda keyfiyyətli iş üçün çox böyük maliyyə dəstəyi olmadığı məlumdur. Əldə olunanlarla daha keyfiyətli iş görmək olmazmı?
- Bu sahəyə maliyyə dəstəyi verib ayaqda saxlayan insanlara öz təşəkkürümü bildirirəm. Çox böyük əziyyətlər çəkirlər. İstər 40 bölüm çək, istər 1 bölüm heyətdə təcrübə, istək, bacarıq olmasa bir seriyada da eyni şey olacaq, 40 seriyada da. 

- Region ləhcələrimizdən ancaq komediyalarda insanları güldürmək məqsədi ilə istifadə edilir. Nə üçün dramlarda, daha ciddi ekran işlərində ləhcələrdən istifadə olunmur?
- Olunmur deməzdim, olunur. Mənim çəkdiyim tamaşaçıların yaxın zamanlarda “Xəzər TV” və internet üzərindən izləyəcəkləri filmdə 3-4 xarakterdə ləhcədən istifadə etmişəm. Çünki ləhcə günümüzün ayrılmaz hissəsidir. Ləhcə nə drama baxar, nə komediyaya. Ləhcə hər gün rastlaşdığımız insanlardır, özümüzük. Sadəcə olaraq bunu nə şişirtmək, nə də az etmək lazımdır. Hər xarakter öz dilində danışmalıdır. 

- “Viner”lərin hazırladığı məhsullar daha çox auditoriya qazanır. Bu, televiziyada yayımlanan film və seriallar üçün təhlükəlidirmi?
- Qətiyyən təhlükəli deyil. Mən “viner”lərin işini yüksək dərəcədə qiymətləndirirəm. Sənətlər insanlara xidmət etməlidir. İstər zarafat, istər ciddi mövzu olsun hər ikisinin çəkisi olmalıdır. “Viner”lərin də içərisində belə düşünən insanlar var. Bu sahədə insanlara zərər verən hər nə varsa onu sənət olaraq qəbul etmirəm. Düşünürəm ki, hər sahənin öz kütləsi var və bu kütlə gələcəkdə də olacaq. 

- İstədiyiniz kimi ssenari yazmaq çətindir mi?
- Məncə çətin deyil. Neçə ildir “Qələm” qrupu ilə işləyirik. Mözu olaraq da indiyə qədər çəkindiyimiz bir şey olmayıb. Mən aqressivliyin tərəfdarı olmadığım üçün, istədiyim mövzuda yazıb istədiyim mövzuya toxunmuşam. Çünki fikrini vulqar sözlərlə, kobud ifadələrlə çatdırmadıqca istənilən kimi yazmaq olur. Təbii ki, bu ifadələrdən az da olsa istifadə edilməlidir. 

- Serialların çoxunda eyni insanların çıxış etməsi aktyor çatışmazlığından irəli gəlir yoxsa aktyor peşəkarlığından?

- 1960-70 ci illərdə Böyük Britaniyada çox istedadlı Peter Seller adlı aktyor olub. Bu aktyor bir filmdə 3 obrazı canlandırıb. Biz dünya təcrübəsində də bir aktyorun bir neçə obrazı canlandırdığının şahidi olmuşuq. Yəni bu heç də pis hal deyil. Amma yüksək səviyyədə ideal şəkildə etmək lazımdır. Lakin bu çox az hallarda baş verir. Aktyor bir serialdan sonra istirahət etməlidir ki, yeni layihələrdə daha yaxşı çıxış edə bilsin. Çünki bir serialdan yorğun çıxıb digərində yüksək səviyyədə çıxış etmək olmur. Hətta dünyada belə bunu yüksək səviyyədə edəcək aktyorların sayı azdır. Azərbaycanda 2-3 belə aktyor var ki, eyni anda başqa-başqa obrazları oynayıb və öhdəsindən də artıqlaması ilə gəlib. Ümumilikdə isə istənilən halda mən aktyor kimi bir yerdə çəkilirəmsə, başqa bir yerdə çəkilə bilmərəm. Çünki bir cür tanınmaq və bir yerə köklənmək daha yaxşıdır. 

- Azərbaycan istehsalı olan film və serialları, xarici film və seriallarla müqayisə edirlər. Eyni şərtlərdə çəkilmədiyini nəzərə alsaq müqayisə düzgün deyil. Bu müqayisənin olmaması üçün nələr edilməlidir?
- Tənqidləri qəbul edir, bizə sosial şəbəkələrdə gələn şərhləri də oxuyuruq. Buna bir az zaman lazımdır. Biz bunları görürük ancaq səbir edirik. Çünki insanlar istər-istəməz əziyyətimizə baxmırlar. Elə vaxtlar olur ki, günlərlə evə getmirik. Tamaşaçıya isə əsas ekranda görünən məhsul lazımdır. Hazırda internet inkişaf edib və Azərbaycan tamaşaçısı qərb ölkələrinin, Türkiyənin, Rusiyanın məhsullarına baxıb qeyri-ixtiyari müqayisə edirlər. Azərbaycanda bu sahədə yetərincə güclü mütəxəssislər var. Sadəcə zaman lazımdır ki, mütəxəssislərin sayı daha da artsın və dünya səviyyəsində işlər görülsün. Mənim hədəfim dünya arenalarına çıxmaqdır. O zaman tamaşaçıların müqayisəsi haqlı olacaqdır. Biz də olan materaillar heç də Türkiyə və Rusiyada geri qalmır. Sadəcə olaraq onlar bunu gözəl bəzəməyi bacarırlar. Onlara çatmaq üçün bir az səbir və zamanla qazanılmış təcrübə lazımdır. İnsanlarımız bədii filmlə günlük serialı müqayisə edirlər. Bədii film elədir ki, üzərində uzun illər çalışırsan. Kamera önündə, kamera arxasında və ssenari məşqləri olur. Amma serial sanki “fast food”dur. Aylarla məşq etməyə vaxt yoxdur. Tənqidlər bəzən obyektiv olur. Ancaq obyektiv olmayanları da var. Daha çox dialoqları tənqid edirlər. Deyirlər ki, “sanki kitab cümləsidir” . Mən bunu obyektiv olmayan tənqid kimi qəbul edirəm. Niyə? Çünki biz öz dilimizi danışmalıyıq. Uzun illər dilimizə keçən rus, vulqar, ara sözlərdən istifadə etdiyimizə görə əsil Azərbaycan dilində danışanda izləyiciyə bu yad gəlir. Üzərimizə düşən vəzifələrdən biri də budur ki, ssenarilərimizdə Azərbaycan dilindən düzgün istifadə edək. Həm dilimiz, həm də qulağımız buna öyrəşsin. Mən istəyərdim ki, tamaşaçılar bizə zaman versinlər və dəstək olsunlar. Hər gördükləri yanlış bildiyi doğrularda və ya əksinə dərhal sərt münasibət göstərməsinlər. Biz istərdik ki, cəmiyyətimizin hər təbəqəsindən olan insanlar arxamızda dayansın. 

- Azərbaycanda həyata keçirilən layihələrdə büdcələrin rolu necədir?
- Büdcələrdən xəbərim yoxdur. Elə məşhur simalar var ki, onlar bəzən qonarar almadan filmə çəkilirlər. Layihəni bəyəndikdə hətta dünyanın Robert De Niro, Bred Pit kimi ulduzları da filmlərə təmənnasız çəkilir. Burada büdcə rol oynamır. Hansı layihənin də uğurlu olacağı bəlli deyil. Filmin, serialın uğurlu olub olmayacağı qəribə, sehirli bir şeydir. Bir layihənin uğurlu olması çox çətin bir prosesdir. Hətta dünya təcrübəsində belə filmin çox peşəkar və tanınmış aktyor heyəti böyük büdcəsi olduğunun, lakin layihənin uğur qazanmadığının şahidi oluruq. İzləyici qazana bilmir. Layihənin uğurlu olub-olmaması maliyyədən deyil, insanların həmin dövr üçün olan aurasından asılıdır.

Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top