Prezidentdən icra başçılarına sərt xəbərdarlıq - VİDEO


“Biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır”
Prezident İlham Əliyev noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edib. Bakı şəhərində aparılan tikinti-abadlıq işlərindən damışan prezident bir sıra önəmli mesajlar verib. 

Dövlət başçısı Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə görülən işləri qeyd edib, Balaxanı zibilxanasının ləğv olunması, Bibiheybətdə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, Böyükşor gölünün təmizlənməsi, yaşıllıqların salınması barədə məlumat verib. O, E.Əzizovdan şəhər təsərrüfatının yenilənməsi sahəsində görülən işlər barədə məlumat verməsini istəyib.

BŞİH rəhbərinin verdiyi məlumatdan aydın olub ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin balansında 11 min yaşayış binası var. Onlardan 6331-nin həyəti var. 2018-2019-cu illərdə Bakıda 273 nümunəvi məhəllə yaradılıb. İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcək. BŞİH-in hesablamalarına görə, yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür.

Prezident isə qeyd edib ki, həyətlərdə təhlükəsizlik baxımından tədbirlər görülməlidir: “Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun”.

E.Əzizov verdiyi məlumata görə, prezidentin Bakı şəhərinin lift təsərrüfatını inkişaf etdirmək üçün ayırdığı 32 milyon manatla Almaniyanın “Wittur” şirkətindən alınan 430 lift artıq Bakıya gətirilib. Onlardan 130-u istifadəyə verilib. Həmin sərəncamda 542 liftin alınması nəzərdə tutulmuşdu. BŞİH qənaət nəticəsində əlavə 39 lift də alacaq. Ümumilikdə ilin axırınadək 581 lift quraşdırılacaq: “Amma yaxın illər üçün proqnozlarımız belədir ki, 2500-ə qədər lift mərhələ-mərhələ dəyişdirilməlidir”.

Bundan əlavə, şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulub. BŞİH burada da qənaət hesabına dam örtükləri dəyişəcək binaların sayını 420-yə çatdıracaq: “Bu gün demək olar ki, artıq 150 damda işlər tamamlanıb və proses gedir. Noyabrın ortalarına qədər bütün bu işi qurtarmaq niyyətindəyik”.

Prezident İ.Əliyev paytaxta aparılan nizamsız tikililərdən bəhs edib: “Biz elə etməliyik ki, Bakı şəhərinin hər bir yeri abad olsun və vətəndaşları narahat edən problemlər aradan qaldırılsın, o cümlədən tikintilərlə bağlı məsələlər. Mən bu barədə də müvafiq göstərişlər vermişəm. Bəzi hallarda tikinti üçün yerlər zəbt olunur, bəzi hallarda sərəncamlar qanunsuz olaraq verilir, ağaclar qırılır. Vətəndaşlar sağ olsunlar ki, bir çox hallarda belə vəziyyətlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər. Yəni, bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir. Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni, bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi. Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin”. 

 

 

Dövlət başçısı rayon icra hakimiyyəti başçılarına sərt xəbərdarlıq edib: “Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır. Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar”. 

 

 

Prezident E.Əzizova Bakı rayonlarının icra başçılarını yığaraq müşavirə keçirməyi tapşırıb: “Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət - bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır”. 

(Musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top