"Qəbələ"nin baş məşqçisi: "Təslim olmamışıq, sonadək mübarizə aparacağıq"

“Komandanı çətin oyuna hazırlamışdıq. İki fərqli hissənin şahidi olduq. İlk yarıda komandamız daha dominant futbol oynadı. Fasilədən sonra boşluqlar verməyə başladıq".

Bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, epizodları qiymətləndirdikdə, komandasının məğlubiyyətə layiq olmadığı görünür: "Qol buraxandan sonra ardıcıl imkanlar yaradırdıq. Oyunçular hücumda istədiyimizi verirdilər. Buna görə əvəzetməni tez reallaşdırmağı lazım bilmədik".

Baxşıyev oyunun sonlarında Ülvü İsgəndərovun əlverişli şansı qaçırmasına da toxuub: "5 metrdən boş qapıya düşə bilmirsənsə, burda ustalıqdan yox, şansdan danışmaq lazımdır. Bunu bəxtlə izah edərdim. Müdafiədə, bir az da yarımmüdafiədə boşluqlara yol verib, rəqibə açıq futbol oynamaq imkanı yaratdıq. Bunun da nəticəsində çətinliklə üzləşdik".

Baş məşqçi sonuncu pillədə olmalarına rəğmən, mübarizələrini davam etdirəcəklərini vurğulayıb: "Komanda kimi təslim olmamışıq. Sonadək mübarizə aparacağıq. Bu kollektivin xallar qazanmağa potensialı var. Hər rəqibə qarşı öz futbolunu nümayiş etdirməyə çalışır. Bir az gənc komandayıq, zamana ehtiyac var”.(report)

DİGƏR XƏBƏRLƏR

Top