Bakıda aylığı 3500 manata lüks mənzillər kimlərə kirayə verilir?

Azərbaycanda evsizlər ordusu var. Bu evsizlər birmənalı şəkildə Bakıda cəmləşiblər. Paytaxtda on illərdir fasiləsiz olaraq yeni binalar, göydələnlər tikilir, yaşayış kompleksləri təhvil verilir, sosial mənzillər inşa olunur, müxtəlif kredit şərtləri ilə ev almaq təklif edilir, amma hələ də kirayə evlərdə yaşayanların sayı durmadan artmaqdadır.

Buna səbəb bir yandan kredit şərtlərinin əlverişsiz olmasıdırsa, digər tərəfdən əyalətlərdən Bakıya olan axındır.

Getdikcə böyüyən şəhərin bir ucundan o biri başına qədər hər yerdə kirayə evləri elanı da bunu deməyə əsas yaradır.

Müşahidələr göstərir ki, paytaxtın istənilən ərazisində onlarla ev alqı-satqısı, kirayəsi ilə məşğul olan ofislər, dəllalların sayı artmaqdadır.

Eyni zamanda müxtəlif əmlak elanı saytlarına gözucu nəzər yetirmək kifayət edir ki, minlərlə mənzilin kirayə verildiyinə şahid olasan.

Son illərdə turist axını, əsasən də ərəblərin kirayə evlərə üstünlük verməsi bu bazarı daha da canlandırıb, qiymətlərə təsir edib.

Çox maraqlıdır ki, biz kirayə ev axtaran deyəndə həmişə kasıb, dolanışığı zəif, evsiz ailələri təsəvvür etmişik. Amma sən demə, evsiz varlılar da az deyilmiş.

Araşdırmalarımız şəhərdə varlılar üçün nəzərdə tutulan kirayə mənzillər olduğunu üzə çıxardı. Məlum oldu ki, şəhərdə aylığı fantastik qiymətə olan komfort evlər kirayə verilir.

Halbuki həmin məbləği ödəyə bilən şəxslər Bakıda istədiyi yerdən ev ala, yaxud kredit götürə bilər. Üstəlik, kreditin aylıq ödənişi də həmin kirayədən qat-qat ucuz olar.

Məsələn, öyrəndik ki, Rusiya səfirliyi yaxınlığında tanınmış yaşayış kompleksində 3 otaqlı mənzilin aylıq kirayəsi 2400 manatdır. Görəsən, ayda 2400 manat kirayə verənlər kimlərdir?

Bundan başqa, Xətaidə, daha doğrusu, “Ağ şəhər”də məşhur şirkətin binasından 2 otaqlı evin aylıq kirayəsi 1650 manatdır.

Həmçinin “Torqovı”da 4 otaqlı evin aylıq kirayə haqqı 2500 manatdır. Yasamalda, Şərifzadə küçəsində 8 otaqlı villa isə aylıq 3500 manata təklif edilir.

Ümumiyyətlə, bu cür bahalı kirayə evlər kifayət qədər çoxdur və sadalamaqla bitməz. Biz sadəcə, qiymətlərlə bağlı mənzərəni təsvir etməyə çalışırıq.

Araşdırmamız göstərir ki, şəhərdə aylıq 600-800 manat civarında da lüks mənzillər kirayə verilir. Kirayə ev bazarında dəllallıq edənlərlə söhbətimiz əsnasında aylıq 2500-3500 manat verənlər barəsində öyrəndik.

Onların dediyinə görə, belə bahalı mənzilləri kirayələyənlərin əksəriyyəti əcnəbilərdir. Namiq adlı “makler” danışır ki, elan saytlarında bu cür mənzillər çoxdur.

Xüsusilə səfirliklərin əməkdaşları, müxtəlif şirkətlərdə işləyən avropalılar, o cümlədən ərəb turistlər bahalı evlərə üstünlük verirlər. Bu cür lüks və bahalı kirayə mənzillərin sahibləri də kasıb adamlar deyil.

Həmsöhbətimiz deyir ki, onların çoxu Rusiyada bizneslə məşğul olan imkanlı azərbaycanlılardır: “Bu adamlar Bakının mərkəzində bir neçə evlər alırlar, əllərindəki pulu əmlaka yatırırlar. Sonra baha qiymətə kirayəyə verirlər. Mən indi o şirkətlərin adlarını çəkib reklam etmək istəmirəm. Amma ”Ağ şəhər"də, “Sahil” metrosu tərəfdə, mərkəzdə binalar inşa ediblər. Onlardan mənzil alanların arasında Rusiyada işləyən biznesmenlər az deyil.

Belə mənzilləri də ya ərəblər kirayə götürür, ya konsulluq, firma işçiləri... Eləsi də var ki, ayda 9000 manat maaş alır, ondan 2000-2500 manatını kirayəyə verir.

Bəziləri ərəblərə ev kirayə vermək istəmir. Çünki pinti olurlar, evi tör-töküntü günə salıb gedirlər. Amma çoxu verir, o puldan hər adam imtina edə bilmir. Ayda 2500 manat kirayədən gəlsə, 2 ilə aldığı mənzilin pulunu çıxarır. Yəni gizli və yaxşı biznes qurublar".

Onu da öyrənirik ki, Bakının kirayə bazarında ev tapmaqda ən çox əziyyət çəkən oğlan tələbələrdir.

Ev sahibləri daha çox qızlara və ailələrə etibar edirlər. Oğlan tələbələr isə kirayə qaldıqları evə yaxşı baxmırlar, dağıdıb tökürlər.

Dünya təcrübəsində universitetlər özlərinin şəhərciklərini yaradırlar . Bizim universitetlər də özləri üçün şəhərciklər tikməlidirlər.

Bir də yerli icra qurumları şirkətlərə müəyyən şərait yaratmalıdırlar ki, onlar kirayə vermək məqsədilə binalar tikib, həm tələbələrə, həm də ailələrə təklif etsinlər.

Qeyd edək ki, hazırda mənzillərin kirayə qiymətlərində 5,75 faiz artım qeydə alınıb. Şəhər üzrə orta qiymət 842 manatdan 891 manata yüksəlib.

Birotaqlı evlərdə artım 10,4 faiz, iki və üçotaqlı evlərdə isə müvafiq olaraq 6 və 3 faiz artım qeydə alınıb.

Ucuz evlərdə, tələbələr üçün münasib olan evlərdə artım daha çox olub. Yaydan bəri 12,5 faiz artım qeydə alınıb. Orta evlərdə 3,5 faiz artım, bahalı evlərdə isə 3, 78 faiz ucuzlaşma var.

Köhnə evlərdə bahalaşma 7,55 faizdir. Yeni tikililərdə isə əksinə, 1,45 faiz ucuzlaşma var. Ötən ildən bu ilə təklifdə 12 faiz azalma var.

Ümumi kirayə mənzil  portfelində yeni tikililərin payı artıb, 66 faizdən 72,5 faizə yüksəlib. Köhnə tikililərin portfeldə payı azaldıqca, belə bir qıtlıq yaranır.(Musavat.com)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top