Xəzərə çirkli su axıdılır, cəmiyyət gözləyir ki, nazirlik tədbir görsün - NAZİR

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Xəzərə çirkli suların axıdılması ilə bağlı məsələyə münasibət bildirib. 

Yeniavaz.com xəbər verir ki, Nazir Oxu.Az-ın müxbirinin sualını cavablandırarkən deyib ki, iaşə obyektlərindən Xəzər dənizinə axıdılan çirkli suların təmizlənməsi və düzgün idarə olunması nazirlik üçün əsas hədəflərdən biridir: 

“Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Dəfələrlə şahidi olmuşuq ki, müəssisələr, obyektlər tərəfindən Xəzərə çirkli su axıdılır və bunu görənlər isə gözləyir ki, nazirlik gəlsin, tədbir görsün. Amma bu da düzgün deyil.

Burada da ictimai qınaq olmalıdır. Çünki Xəzər dənizi hamımızındır. Yalnız nazirlik deyil, cəmiyyətimiz də Xəzərə çirkli su axıdan obyektlərə, şəxslərə irad tutmalıdır”. 

M.Babayev bildirib ki, Xəzəri çirkləndirən obyekt sahibləri ilə mütəmadi görüşlər keçirilir: 

“Ötən günlərdə biz bir qrup iaşə obyekt sahibləri ilə görüş keçirdik və çalışdıq ki, aramızda səmiyyət yaradaq. Bildirdik ki, Xəzər dənizinə təmizlənməmiş çirkab suları atmaq yolverilməzdir.

O dənizdə insanlar çimir, istirahət edir, əhali balıq məhsullarından istifadə edir. Odur ki, obyekt və müəssisə rəhbərləri yeni texnologiyalar quraşdırmalı və tullantıların dənizə axıdılmamasının qarşısını almalıdırlar. Bu məsələdə bələdiyyələr də çox çalışmalıdır.

Çünki həmin obyektlər onların nəzarət etdiyi ərazidə fəaliyyət göstərir. Niyə bələdiyyələr bu obyetlərin sahiblərinə işlərinin düzgün qurulmasında nəzarət etmək istəmir? Birgə tədbirlərlə bu məsələdə daha tez müsbət nəticə əldə etmək olar”.

DİGƏR XƏBƏRLƏR

Top