Mingəçevir Dövlət Universitetinin rektoru 4 tələbə ilə xüsusi görüş keçirirb - SƏBƏB


Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüş birinci kurs tələbələri ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, rektor Şahin Bayramov bu təqaüdə layiq görülmüş “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə birinci kurs tələbələri Alsu Məmmədova və Elmira Xəlilovanı, “Tarix müəllimliyi” ixtisası üzrə birinci kurs tələbələri Sevinc Əhmədova və Anar Hüseynovu təbrik edib. Ş.Bayramov 2019-cu ildə MDU-nun dörd tələbəsinin bu təqaüdə layiq görülməsini, bununla da MDU üzrə həmin təqaüdü alanların sayının səkkizə çatmasını yüksək qiymətləndirib.
“Gələcəyin müəllimi” təqaüdünün cəmiyyətdə müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində atılan mühüm addımlardan biri olduğunu qeyd edən rektor bu təqaüdün həmin tələbələrin tərcümeyi halında əhəmiyyətli yer tutacağına və onların müasir dövrün tələblərinə cavab verən innovativ düşüncəli müəllim kimi yetişməsində mühüm rol oynayacağına əminliyini bildirib.
Təqaüdə layiq görülən tələbələr də görüş zamanı tədrisin məzmunu və universitet həyatı ilə bağlı fikirlərini səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmrilə pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün məqsədli təqaüd təsis edilməsi nəzərdə tutulub. Bu təqaüdün təsis edilməsinin əsas məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasıdır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top