Kredit alanların sayı sürətlə artır - 2015-ci il böhranı təkrarlana bilər - RƏQƏMLƏR


Bu ilin oktyabr ayının əvvəlinə olan sonuncu məlumata görə banklar və kredit təşkilatları tərəfindən 14 milyard 243 milyon manat kredit verilib.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, bu son 27 ayda qeydə alınan ən yüksək göstəricidir. Kreditlərin həcmi sonuncu dəfə 2017-ci ilin may ayında bu səviyyədən yüksək olub.
Məlumat üçün bildirək ki, kreditlərin həcmi ən yüksək səviyyəyə devalvasiyanın baş verdiyi 2015-ci ildə çatıb. 2015-ci ilin sonunda verilən kreditlərin ümumi məbləği 21 milyard 730,4 milyon manata yüksəlib. 2015-ci ilin dekabr ayında baş verən sonuncu devalvasiyadan sonra kreditlərin həcmi kəskin azalmağa başlayıb. Hətta ötən ilin əvvəlində 11,5 milyard manat səviyyəsinə qədər enib.
Verilən kreditlərlə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, son 27 ay ərzində ən çox artım ev təsərrüfatlarına (istehlak kreditləri) verilən kreditlərdə müşahidə olunub.
Oktyabr ayının əvvəlinə olan məlumata görə, ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 44,2%-nə bərabər olub. Bu növ kreditlər üzrə nəzərəçarpacaq artım baş verib. 27 ay əvvəl - 2017-ci ilin may ayında bu göstərici 34,9% olub.
Onu da bildirək ki, istehlak kreditlərinin ümumi kreditlərdəki payı heç vaxt bu səviyyəyə yüksəlməyib. İstehlak kreditləri bundan əvvəl ən yüksək səviyyəyə 2014-cü ilin dekabr ayında çatıb. Həmin tarixdə istehlak kreditlərinin ümumi kreditlərdəki payı 44% olub.
Əksər mütəxəssislər bu qənaətdədirlər ki, 2015-ci ildə yaşanan bank böhranının əsas səbəblərindən biri də istehlak kreditlərinin payının yüksək olması ilə bağlı olub. Devalvasiya zamanı kreditləri geri ödəməkdə ən çox ev təsərrüfatları çətinlik çəkiblər. Belə hesab olunur ki, ev təsərrüfatlarına verilən kreditlərin yenidən sürətlə artması banklar və eləcə də kredit götürən əhali üçün gələcəkdə yeni problemlərə səbəb ola bilər. 
Ən kəskin azalma isə inşaat və əmlak sektorunda müşahidə edilib. Son 27 ay ərzində bu sahəyə ayrılan kreditlərin ümumi kreditlərdəki xüsusi çəkisi 11,9%-dən 2,7%-ə düşüb.
Son 27 ay ərzində ayrı-ayrı sahələr üzrə verilən kreditlərin məbləği və ümumi kreditlərdəki xüsusi çəkisi belə dəyişib:
Sahələr May 2017
(milyon manat)
Xüsusi çəkisi Sentyabr 2019
(milyon
manat)
Xüsusi çəkisi
Ticarət və xidmət sektoru 2 191,8 14,8 % 2 385 16,7 %
Kənd təsərrüfatı və emalı 438,5 3 % 517,2 3,6 %
İnşaat və əmlak 1 757 11,9 % 380,3 2,7 %
Sənaye və istehsal 1 074,7 7,3 % 872,5 6,1 %
Nəqliyyat və rabitə 1 002,1 6,8 % 1 167,9 8,2 %
Ev təsərrüfatı 5 165,6 34,9 % 6 292,1 44,2 %
Daşınmaz əmlak (ipoteka) 1 731,5 11,7 % 1 943,1 13,6 %
 
Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top