Mərkəzi Bank vaxtında geri qaytarılmayan kreditlərin həcmini açıqladı


Oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 14 milyard 243 milyon manat kredit verilib.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, son bir ayda verilən kreditlərin həcmi 377,5 milyon manat artıb.
Sentyabr ayı ərzində verilən kreditlərdən fərqli olaraq ödəniş müddəti keçmiş kreditlərin, yəni problemli kreditlərin həcmi azalıb. Son bir ay ərzində problemli kreditlər 48,4 milyon manat və ya 3,2% azalıb. Sentyabr ayının əvvəlində 1 milyard 491,3 milyon manat həcmində olan problemli kreditlər oktyabr ayının əvvəlində 1 milyard 442,9 milyon manata düşüb.
Xatırladaq ki, bu ilin fevral ayının 28-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb və həmin Fərmana əsasən fziki şəxslərin vaxtı keçmiş kredit borclarının (problemli kreditlər) restrukturizasiyası məqsədilə banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kreditin verilməsi də nəzərdə tutulub.
İyun ayının əvvəlində Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumatda qeyd olunub ki, Prezidenti 28 fevral 2019-cu il tarixli Fərmanının icrası uğurla başa çatdırılıb və Maliyyə Nazirliyi tərəfindən ayrılan 600,1 milyon manat məbləğində vəsaitin 288,8 milyon manatı 562 min nəfər fiziki şəxsin ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib.

DİGƏR XƏBƏRLƏR

Top