Azərbaycanda bu şəxslər pensiya ala bilmək üçün mütləq 25 il işləməli olacaqlar - ANALİZ


Bildiyimiz kimi, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə ölkə vətəndaşlarının yaşa görə əmək pensiyası ala bilmələri onlara məxsus fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalından asılıdır.

Yeniavaz.com xəbər verir ki, Qanunun tələbinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmamalıdır. Bu ilin oktyabr ayından etibarən əmək pensiyalarının minimum məbləği 200 manat olduğuna görə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı da ən azı 30 240 manat (200 manat x 151 ay) olmalıdır. Çünki, əmək pensiyası təyin olunarkən pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinə (ayların sayı) bölünür. 
Məlumat üçün qeyd edək ki, açıqlanan sonuncu rəsmi məlumata görə Azərbaycanda gözlənilən orta ömür uzunluğu kişilər üçün 73,3 yaş, qadınlar üçün 78,2 yaş təşkil edir. Pensiya ödənişi müddəti də məhz bu göstəricilərə və mövcud pensiya yaşına əsaslanmaqla müəyyən olunur. Hazırda pensiya hüququ qazanmaq üçün yaş həddinin kişilər üçün 64,6 qadınlar üçün 61,6 yaş olduğunu nəzərə aldıqda, gözlənilən pensiya ödənişinin orta müddəti kişilər üçün 8,7 il, qadınlar üçün isə 16,6 il olmaqla, ümumilikdə orta hesabla 12,6 il (151 ay) təşkil edir.
Buradan açıq şəkildə görünür ki, pensiya kapitalı ən azı 30 240 manat olmayan şəxslər əmək pensiyası ala bilməyəcəklər.
Onu da bildirək ki, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı əmək haqqından tutulan 25% həddindəki məcburi sosial sığorta ödənişləri hesabına formalaşır.
Açıqlanan sonuncu rəsmi məlumata görə, Azərbaycanda Səhiyyə sektorunda çalışanların orta aylıq əmək haqqı 311 manata bərabərdir. 311 manatın 25%-i 77,7 manat olduğundan 30 240 manatlıq pensiya kapitalını təmin etmək üçün vətəndaş fasiləsiz olaraq 389 ay (32 il) ödəniş etməlidir. 
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində həmçinin qeyd olunur ki, pensiya kapitalı pensiya təminatına imkan vermədikdə vətəndaşın ən azı 25 il sığorta stajı olmalıdır. 
Bu həm də o deməkdir ki, mövcud şərtlər altında 311 manat əmək haqqı alan səhiyyə işçisi pensiya ala bilmək üçün ən azı 25 il işləmık məcburiyyətindədir. 
Diqqət çəkən məqamlardan biri isə odur ki, bu ilin əvvəlindən ötən dövr ərzində ərzində orta aylıq əmək haqqı cəmi 8,3% artdığı halda, pensiyalarının minimum məbləği 72% artıb. Əgər gələcəkdə əmək haqqı və pensiyalarının minimum məbləği bu cür templə artarsa o zaman pensiya kapitalının məbləği daha da artacaq. 
Məsələn, pensiyalarının minimum məbləği 300 manat olsa, onda pensiya kapitalı da ən azı 45 300 manat olmalıdır. Səhiyyə işçiləri aldıqları 311 manat maaşla bu məbləği toplaya bilmək üçün fasiləsiz olaraq 583 ay (49 il) işləməlidirlər. 
Halbuki bu ilin əvvəlində pensiyalarının minimum məbləği 116 manat olub və onda pensiya kapitalı üçün də minimal tələb 17 516 manat təşkil edib.  311 manat maaş alan səhiyyə işçisinə bu məbləği toplaya bilmək üçün fasiləsiz olaraq 225 ay (18,7 il) işləmək kifayət edirdi. 
Göründyü kimi pensiyalarının minimum məbləğinin artırılması pensiya alan bir qrup vətəndaş üçün müsbət addım hesab olunsa da, gələcəkdə pensiya alacaq digər bir qrup vətəndaş üçün arzuolunmazdır.
Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top