Yevda Abramov İsrail səfirliyinin bağlanmasından DANIŞDI: "Diplomatlar tətil etmək fikrinə düşüblər"


İsrailin Bakıdakı səfirliyi işini müvəqqəti dayandırır.

Səfirliyin məlumatına görə, qurum İsrail Maliyyə Nazirliyinin qərarına əsasən bağlanır:

“İsrail Maliyyə Nazirliyinin 2019-ci iyulun 21-də Baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son onilliklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən biz diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətindəyik”.

Yeniavaz.com xəbər verir ki, Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Modern.az-a açıqlamasında bildirib ki, bir neçə dəfə belə hal yaşanıb:

“Belə hadisələr bir neçə dəfə baş verib. İlk hadisə deyil. Diplomatlar maaş artımı ilə bağlı razılığa gəlirlər və sonra səfirliyin fəaliyyəti bərpa olunur”.

Yevda Abramov  qeyd edib ki, məsələ bunula bağlıdır:

“İsrail Maliyyə Nazirliyi diplomatik işçilərin maaşlarına bir az toxunub. Ona görə də əksər diplomatlar tətil etmək fikrinə düşüblər. Diplomatlar da İsrailə  qayıdır. Məsələ bunula bağlıdır. Ona görə də səfirliyin fəaliyyəti dayandırılıb”.

Qeyd edək ki, səfirliyin fəaliyyətinin müvəqqəti bağlanması ilə əlaqədar konsul xidmətləri göstərilməyəcək, səfirlik ziyarətlər üçün bağlanacaq.

Xatırladaq  ki, İsrail büdcə məsələləri ilə əlaqədar dünyanın bütün ölkələrində səfirlik və konsulluqlarını (69 səfirlik, 23 konsulluq, 5 xüsusi nümayəndəlik) qeyri-müəyyən müddətə bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top