Deputatlar sağlamdır, amma seçicilər xəstədir…

Dörd il əvvəl toy məclislərinin birində deputatlarla yanaşı əyləşmişdim. Qonaqların masanın ətrafında cəm olmağı təxminən 2 saat çəkmişdi. Axşam saat 8-də məclisə təşrif buyuran parlamentarilərimizin hamısı eyni sözləri demişdi: "Hovuzdan gəlirəm".

O da yadımdadır ki, yazılarımda arabir sancdığım qocaman deputat mənə "ilişmişdi" : "Çox kökəlmisən. Belə getsə, həmkarların sənin adını da müftəyeyənlərin siyahısına yazacaqlar. Arada hovuza get. Üzgüçülük ən yaxşı idman növüdür".

Həmin gün onlar təxminən bir saat üzməyin üstünlüklərindən danışdılar. Məni əmin etdilər ki, əgər hovuza getsəm, onlar kimi sağlam olacam, heç bir xəstəlik mənə yaxın düşməyəcək...

Həmin toydan ən qazanclı çıxan mən olmuşdum. Parlamentarilərimizin söhbətləri əsasında ertəsi gün belə bir məqalə yazmışdım: "Deputatlar hovuzda üzür, seçicilər borc içində..."

Milli Məclis üzvlərinin idmana, xüsusilə də üzgüçülüyə olan marağı son bir həftədə ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Azərbaycan Prezidentinin yaşı yetmişi ötmüş məmurları istefaya səsləməsi Şəhidlər Xiyabanının yanında yerləşən o əzəmətli binaya həftədə iki dəfə gedib, iki yerdə işləyən vətəndaşdan səkkiz dəfə çox əməkhaqqı alan adamları əməlli-başlı qorxuya salıb. Hamı özünün Zal pəhləvan kimi güclü və sağlam olduğunu sübut etməyə çalışır. Məsələn, Milli Məclisin 78 yaşlı deputatı Arif Rəhimzadə səhhətindən danışarkən belə deyib: "Əlli metrlik hovuzu 20 dəfə üzüb qayıdıram. Dənizdə də üzürəm, amma arabir. Hesab edirəm ki, yaddaşım yerindədir, beynim işləyir, fiziki cəhətdən də sağlamam".
Parlamentimizin 82 yaşlı üzvü Ağacan Əbiyev də canının buz baltası kimi möhkəm olduğunu iddia edir: "Hər səhər 15-20 dəqiqə saatda 6 km sürətlə qaçıram. Əvvəl 10 dəqiqə gimnastika edirəm, əzələlərimi qızışdırıram.  Sonra 20 dəqiqə qaçıram, ondan sonra gəzirəm, axırda da duş qəbul edib, oluram cavan oğlan".

80-85 yaşlı deputatlarımızın özlərini cavan oğlan kimi hiss etməsində qeyri-adi, təəccüblü heç nə yoxdur. Onların bizdən daha gümrah olduğuna zərrə qədər də şübhə etmirəm. İnsanı qayğı, ehtiyac, stress əldən salır. Bu adamların isə nə var dövlətə, nə də sərvətə ehtiyacı var. Üstündə oturduqları pullar 200 il də bundan sonra nəvə-nəticələrinə bəs edər. Cah-cəlal içində yaşayan insan niyə xəstələnməlidir? Xəstə onlar deyil, bizik. Hörmətli Zahid Oruc bir dəfə demişdi ki, rayona gedəndə seçiciləri cibini reseptlə doldurub, Bakıya yola salırlar. Biz bu adamlardan xəstə olduqlarına görə deyil, bizi xəstə saldıqlarına görə qurtulmaq istəyirik...


Seymur Verdizadə
Jurnalist Araşdırmaları Mərkəzinin sədri

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top