Oqtay Gülalıyevlə bağlı SON XƏBƏR - YENİLƏNİB​​

"City Hospital"da O.Gülalıyev üzərində aparılan cərrahiyyə əməliyyatı bitib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, xəstə yaxın 20 dəqiqə ərzində əməliyyat blokundan reanimasiya şöbəsinə aparılacaq.
***13:16
Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata alınıb.

Yeniavaz.com xəbər verir ki, Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “City Hospital”dan nazirliyə Oqtay Gülalıyevin ailə üzvlərinin əməliyyatın keçirilməsinə razılıq vermədiyi bildirilib. Bu səbəbdən Səhiyyə Nazirliyi “City Hospital”a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər.

Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.

Qeyd edək ki, O. Güləliyev dünən piyada xəttindən keçərkən 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.


***12:05
Səhiyyə Nazirliyi dünən gecə avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb.

Yeniavaz.com xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib: "Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".

Qeyd edək ki, ötən gün axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi Bakının Nəsimi rayonunda yolu keçərkən avtomobil vurub.

DİGƏR XƏBƏRLƏR

Top