ABŞ Konqresində qondarma “erməni soyqırımı” rəsmi tanındı


Ötən gecə ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyəyə qarşı iki mühüm qanun layihəsi qəbul etdi.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunlardan birincisi və mühüm olanı 1915-ci il hadisələrinin “soyqırım” kimi qəbul edilməsi olub. Ardınca isə Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış Pınarı” əməliyyatı səbəbilə sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edilib. Hər iki layihə də böyük səs çoxluğu ilə alınınb.

Osmanlı İmperiyasının şərqində 1915-ci il və sonralar yaşanan hadisələri “erməni soyqırımı” kimi qəbul edən qanun layihəsinə sadəcə 11 nəfər “yox deyib”. 405  nəfər lehinə səs verib, 3 nəfər isə qərarsız qalıb. Buna oxşar layihələr son 35 ildə fərqli şəkillərdə gündəmə gətirilsə də, heç vaxt Nümayəndələr Palatasında səsə qoyulmamışdı.
Qeyd edək ki, layihə Konqresin yuxarı palatası olan ABŞ Senatının və prezident Donald Trampın da razılığını almalıdır. Ancaq ABŞ Senatı hələ ki, bu qanun layihəsinin müzakirəsi üçün tarix müəyyən etməyib.
296 saylı qanun layihəsi 1915-ci ildə yaşanan hadisələrin “soyqırım” kimi məktəblərdə tədris edilməsini və hadisələrə başqa istiqamətdə qiymət verilməsinin qarşısını almağı nəzərdə tutur.
Qəbul edilən digər qanun layihəsi isə Türkiyənin Müdafiə Naziri Hulusi Akara viza verilməməsi və mal varlığının dondurulması, həmçinin Rusiyadan alınan S-400 müdafiə sistemlərinə görə tətbiq edilməsi nəzərdə tutulan CAATSA-nın da(ABŞ-ın düşmənləri ilə sanksiyalar vasitəsilə mübarizə aparması) həyata keçirilməsini nəzərdə tutur.
Bu qanun layihəsindəki ən diqqət çəkən məqam isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsinin mal varlığının araşdırılmasını nəzərdə tutan bənddir.
Rəsmi Ankara bu qərara sərt reaksiya verib. Xarici işlər naziri Mövlud Çavuşoğlu “Barış Pınarı” əməliyyatı ilə hər kəsin planlarını alt-üst etdiklərini, buna görə də ABŞ-ın əvvəlki məsələləri qabartdığını bildirib: “Bizdən bu üsulla qisas alacağını fikirləşənlər yanılırlar. Tarixi öz siyasi məqsədləri üçün istifadə edənlərin verdiyi bu utanılası qərarı, hökumətimizin və xalqımızın gözündə “yox” səviyyəsindədir!”.
Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın isə Türkiyəni soyqrım törətməkdə təqsirləndirənlərin əvvəlcə öz tarixlərinə, ASALA və PKK terror təşkilatlarının qanlı əməllərinə baxmağı tövsiyyə edib.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top