Azərbaycanda biznesi iflas edən nazir övladları - SİYAHI

Vaxtı ilə Azərbaycan cəmiyyətinə uğurlu iş adamı kimi təqdim olunan bəzi sabiq və hazırki məmur övladlarının "uğurları" barədə son zamanlar mətbuatda daha az bəhs olunur.

Yeniavaz.com xəbər verir ki, əvvəllər mətbuatun gündəmindən düşməyən sabiq məmur övladları arasında Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov xüsusi yer tuturdu.

Anar Məmmədov vaxtı ilə ölkənin ən böyük şirkətlərindən birinin - "ZQAN Holdinq"in Müşahidə Şurasının rəhbəri olub. 2005-ci ildə təsis olunan şirkət 2013-cü ildən "QARANT Holdinq" adlanmağa başlayıb. Tərkibində müxtəlif sahələrdə fəaliyyət göstərən onlarla şirkəti birləşdirən Holdinqin hazırda rəsmi-veb səhifəsi - "garant.az" belə fəaliyyət göstərmir. Holdinqin tərkibinə daxil olan şirkətlərin bir-çox da rəsmi şəkildə fəaliyyətini dayandırdığını bəyan edib. Məsələn, Holdinqin tərkibində yer alan "QARANT Sığorta" şirkəti 25 sentyabr 2015-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək könüllü ləğv edilməsinə dair qəbul edilidiyini bildirib. Palatanın qərarı ilə "QARANT Sığorta"nın  öhdəlikləri "Paşa Sığorta"ya ötürülüb. 5-10 il əvvəl tərkibində onlarla şirkət olan nəhəng holdinq demək olar ki, fəaliyyət göstərmir. Anar Məmmədovun direktor olduğu və İngiltərədə qeydiyyatdan keçən "Brookvood İnternational Limited" və "ZQAN UK LTD"  şirkətlərinin, həmçinin Türkiyədə qeydiyyatdan keçən "Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti"nin nə işlə məşğul olduğu bilinmir. Anar Məmmədovun özünün harda yaşadığı və nə işlə məşğul olduğu da ictimaiyyətə məlum deyil.

Əvvəllər barələrində ən çox danışılan iş adamları arasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovlar da yer alıblar. Lakin son zamanlar bu şəxslərin adı mətbuatda daha az hallanmağa başlayıb. Tale Heydərov vaxtı ilə ölkənin ən böyük Holdinqlərindən birinin - "GİLAN Holdinq"in rəhbərliyində təmsil olunub. Tale Heydərov "GİLAN Holdinq"in tərkibində yer alan "Qəbələ" Futbol Klubunun prezidenti, həmçinin İngiltərədə qeydiyyatdan keçən "United Enterprises International" şirkətinin rəhbəri olub. Lakin, son illər "GİLAN Holdinq"ə daxil olan bəzi şirkətlər rəsmi şəkildə fəaliyyətini dayandırdığını bəyan edib. Məsələn, 2 il əvvəl "Gilan Pasicifik İnşaat Materialları" MMC, "Gilan Motors" MMC və "Gilan Sement" MMC ləğv olunub. Tale Heydərova məxsus "taleheydarov.com" saytında qeyd olunur ki, onun biznesinə hazırda "TEAS Nəşriyyat evi", "Libraff" kitab mağazaları şəbəkəsi və illik təhsil haqqının 12-15,5 min manat olduğu  "Avropa Azərbaycan Məktəbi" daxildir. Kəmaləddin Heydərovun digər oğlu Nicat Heydarov "linkedin" sosial şəbəkəsindəki hesabında özünü "GİLAN Holdinq"in rəhbəri (CEO) kimi təqdim edir. Nicatın adına İngiltərədə qeyydiyyatda olan "United Enterprises International" şirkətinin rəhbərləri arasında rast gəlmək olar. Vaxti ilə İngitərədə "GİLAN Holdinq"in biznes maraqlarını təmin edən bu şirkətin hazırda rəsmi veb-səhifəsi  - "ueiholding.com" belə fəaliyyət göstərmir. Tale və Nicat Heydərov qardaşlarının rəhbərlik etdiyi "United Enterprises International" şirkətinə bağlı olan digər şirkətlərin də fəaliyyəti barədə məlumat yoxdur. Vaxtı ilə Avropada "GİLAN Holdinq"ə daxil olan "Qəbələ" Konserv Zavodunun istehsal etdiyi "Jalə" şirələrinin tanıtımını və satışını həyata keçirən "jalajuice.com"  adlı sayt da artıq fəaliyyət göstərmir. Həmçinin şirkətə bağlı olan və nəşriyyat işi ilə məşğul olan "Turquoise Media Company"nin də fəaliyyətini dayandırıb.

Vaxtilə ölkənin nüfuzlu iş adamlarından hesab olunan məmur övladlarından biri də sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov olub. 2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal" adlı Holdinqin İdarə Heyətinin sədri olub. Ziya Məmmədov və Kəmaləddin Heydətovun oğullarına məxsus şirkətlərin rəsmi veb-səhifələrində olduğu kimi Anar Mahmudova  məxsus "Caspian Crystal" şirkətinin də "crystal.az" saytı aktiv şəkildə fəaliyyət göstərmir. Bu şirkətin yerləşdiyi ünvanda - Xətai rayonu, Yusif Səfərov ev 23 A-da indi  "Caspian Crystal Travel" MMC qeydiyyatdadır.
Anar Mahmudovun adı rəsmi sənədlərdə "Diqlas-1" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsi, "Kristal İnşaat" MMC-nin isə təsisçisi olaraq qeyd olunur. Bildiyimiz kimi, bu yaxınlarda "Diqlas" ticarət mərkəzi də yanaraq külə döndü.

Bunlardan başqa Anar Mahmudov  Türkiyədə "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited" şirkətinin şəriklərindən biri olub. Həmçinin  Anar  Mahmudov "Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim" şirkətinin İdarə Heyətinin sədr olub. Eyni zamanda Anar Mahmudov İspaniyada 4  şirkət ("22 Vaquer De Bendinat S.L.", "Son Sana Portals S.L.",  "Macent Invest Group SL" və  "Majorca Capas Group İnvestment SL"), Lüksemburqda 2 şirkəti ("Utılıcom" və "Konoco .M") yaradılıb. 

Qeyd olunan şirkətlərin hazırda nə işlə məşğul olduqları barədə məlumatlar yoxdur. Anacaq əvvəllər "Caspian Crystal" şirkətinə məxsus olan, hazırda sahibinin kim olduğu bilinməyən "Crystal Plaza" öz fəaliyyətini davam etdirir. Hazırda Plazada "Salvador Dali" və "Lord" restoranları fəaliyyətdədir.

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top