ABŞ-da baş verən avtomobil qəzası önəm verilməyən bəzi yol hərəkəti qaydalarının nə qədər ciddi olduğunu ortaya qoyub.
Yeniavaz.com nypost.com-a istinadla xəbər verir ki, ABŞ-da yol hərəkəti qaydalarına riayət etməyən sürücü dəhşətli qəzaya səbəb olub. Belə ki o, sola dönmək üçün yol ayrıcında dayanaraq yaşıl işığın yanmasını gözləyib. Daha sonra avtomobilini biraz irəli hərəkət etdirib və sarı işıq yayan kimi sola dönüb. Bu vaxt qarşıdan sürətlə gələn avtomobillə toqquşub. Mütəxəssislər bu qəzanın işıqforun sarı işığı yandıqda dayanmağın nə qədər vacib olduğunun əyani sübutu kimi dəyərləndiriblər.
Qeyd edək ki, ölkəmizdə də bir çox sürücü sarı işıq yandıqda yolu keçməyə cəhd göstərir. Ancaq, yol hərəkəti haqqında qanunda sarı işıq hərəkəti qadağan edir. Burada yol hərəkəti haqqında qanunun 60-cı maddəsində sarı işıqla bağlı bir istisna var. Həmin maddə belədir:
"Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir".
Yəni, yol ayrıcına yaxınlaşan sürücü avtomobilini sarı işıqda dayandırmaq istədikdə əyləcdən kəskin şəkildə istifadə edəcək və qəza vəziyyətinə səbəb olacaqsa belə hallarda sarı işıqda keçməyə icazə verilir.
Ruslan Yusibov