Dünyanın bir çox ölkəsində qadınların kişilərdən daha az əməkhaqqı alması məsələsi hər zaman geniş müzakirələrə səbəb olub. Əksər insanlar bunu gender bərabərsizliyi və qadınların əmək qabiliyyətinin kişilərdən daha zəif olması ilə əlaqələndirirlər. Azərbaycanda da vəziyyət belədir, yəni, bütün iqtisadi fəaliyyət sahələrində qadınlar orta hesabla kişilərdən daha az maaş alırlar. Bəs görəsən bunun əsas səbəbi nədir?
Yeniavaz.com 2018-ci ilin statistik göstəricilərinə əsasən xəbər verir ki, Azərbaycanda işsizlərin 57,4 faizini qadınlar, 42,6 faizini isə kişilər təşkil təşkil edir. Baxmayaraq ki, işsiz statusu verilmiş şəxslərin sadəcə 37,2 faizini qadınlar təşkil edir. Bu da onu göstərir ki, məşğulluq xidməti orqanlarına iş üçün müraciət edən kişilərin sayı belə qadınlardan daha çoxdur.
2018-ci ildә iqtisadi fәaliyyәt növlәri üzrә muzdla işlәyәn kişilərin sayı bu kimi qadınların sayından 18,4 faiz çoxdur. Mövcud olan 19 fəaliyyət növündən yalnız 3-də qadınların sayı kişilərdən çox olub. Belə ki, səhiyyə və sosial xidmətlərin göstərilməsində 55,2%, təhsildə 46,2% və istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətdə 25,8% qadınların sayı kişilərdən daha çoxdur.
Buna baxmayaraq həmin 3 fəaliyyət növü də daxil olmaqla 2018-ci ildə bütün iqtisadi fәaliyyәt növlәri üzrә muzdla işlәyәn qadınların orta aylıq nominal әmәkhaqqı kişilərdən daha az olub. Belə ki, ötən ilin statistik göstəricilərinə əsasən qadınların orta aylıq nominal əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbəti 53,8 faiz təşkil edib. Burada qadınların və kişilərin aldıqları orta aylıq əməkhaqqı miqdarının bir-birinə ən yaxın olan fəaliyyət növü kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqdır. Bu fəaliyyət növü ilə məşğul olan qadınların orta aylıq əmək haqqı 270,5, kişilərin isə 284,1 AZN olub. Qadınların və kişilərin aldıqları orta aylıq əməkhaqqı miqdarının bir-birinə ən uzaq olduğu isə peşə, elmi və texniki fəaliyyət növləridir. Belə fəaliyyətlə məşğul olan qadınların orta aylıq əməkhaqqı 512,6 AZN olduğu halda, kişilərdə bu göstərici 1487,5 AZN-dir.
Bütün bu göstəricilərin səbəbi isə kişilərin qadınlara nisbətdə daha çox rəhbər vəzifələrdə çalışmasıdır. Bellə ki, 2019-cu ilin yanvar ayının 1-ə olan göstəricilərə əsasən dövlәt qulluğunun 4-7-ci tәsnifatları üzrә rәhbәr vәzifәlәrdә çalışanların sadəcə 10,2 faizini qadınlar təşkil edir. Bu da belə vəzifələrdə işləyən 7796 nəfərdən sadəcə 796-nın qadınlardan ibarət olması deməkdir. Onu da bildirək ki, bu göstərici, son 8 ildəki ən yüksək nəticədir.
2018-ci ilin göstəricilərinə əsasən isə Azərbaycandakı mövcud məhkəmə hakimlərinin 85 faizi kişilərdən ibarətdir. Ölkədə sadəcə 84 qadın hakim var ki, bu da 571 hakimin 15 faizini təşkil edir.
Rәhbәr vәzifәdә çalışan qadınların sayı isə bu sahədə çalışan kişilərin sayından kəskin fərqlənir. Azərbaycanda sadəcə 1 qadın vitse-prezident, 1 qadın nazir (Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri), 6 qadın nazir müavini, 2 qadın dövlət komitəsi sədri (Azərbaycan Respulikasının və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitələrinin sədrləri), 3 qadın dövlət komitəsi sədrinin müavini, 1 qadın yerli icra hakimiyyəti başçısı (Abşeron Rayon İcra Hakimiyyətinin başçısı), 79 qadın yerli icra hakimiyyəti başçısının müavini və 2 qadın ombudsman (Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Ombudsmanları) vəzifəsini icra edir.
Azərbaycan Respublikası Milli Məclisinin mövcud 123 millət vəkilindən isə sadəcə 20-ini qadınlar təşkil edir. Parlamentdəki 15 komitədən yalnız ikisinə qadın millət vəkilləri rəhbərlik edir (İnsan Hüquqları Komitəsi - Bahar Muradova, Ailə,Qadın və Uşaq Məsələləri Komitəsi – Aqiyə Naxçıvanlı).
Şahmərdan Əhmədli