Qubada qohumunun arvadını qaçıran şəxsi öldürən dəstənin cinayəti ilə bağlı YENİ TƏFƏRRÜATLAR


Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham ediləm Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə iclası baş tutub. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham da yazılır ki, təqsirləndirilən şəxslər Aynur Əsədova və Elşad Əsədovun birlikdə qoşularaq Bakıya qaçdıqlarını öyrəniblər. Onlar bunu namuslarına toxunmaq kimi qiymətləndiriblər. Buna görə də Aynur və Elşadı axtarmaq üçün Bakıya gəliblər. Hər ikisini taparaq Qubaya aparıblar.

Qubada olarkən əvvəlcə Sadıq Dadaşov maşında oturan Elşad Əsədova bıçaqla zərbə endirib. Daha sonra digər təqsirləndirilən şəxslər Elşadı maşından düşürərək çoxsaylı bədən xəsarətləri yetiriblər. Elşad aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Elan olunmuş ittihamla Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər. Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçuyev və Nazim Mikayılov isə özlərini təqsirli bilməyiblər.

Məhkəmədə ilk olaraq Sadıq Dadaşov ifadə verib. O, Aynur Əsədovanın atasıdır. Sadıq Dadaşov bildirib ki, ittihamla razı deyil. O, Elşadı öldürmədiyi halda işi boynuna götürdüyünü deyib: "Mən onların qaçdığını biləndə polisə məlumat verdim. Kimlərinsə Bakıya onları gətirməyə getməsindən xəbərim yoxdur. Mən heç kimə deməmişəm ki, Bakıya getsin. Onlar Bakıdan qayıdanda mən də ora getdim. Bundan qabaq da polisə məlumat verdim. Ora çatanda maşının qapısını açdım. Aynuru götürmək istəyirdim. Amma orada yox idi. Elşada dedim ki, bu, nə alçaqlıqdır elədin? Mənə dedi ki, lazım olanı Şahmara demişəm. Dedim ki, düş aşağı, hamının içində de. Elşad "maşından düşsəm, hamını "yortacam" deyəndə mən əsəbləşdim. Mənim cibimdə bıçaq da, silah da var idi. Bıçağı çıxarıb dedim ki, kimi "yortacaqsan?" O, mənə əl atanda bıçaq üzünə dəydi. Səhv eləmirəmsə, qulağına dəydi. Mən onu vurmamışam. Onu vuran Şahmar olub. Mən yalan danışa bilmərəm. Şahmarla Elşad arasında əvvəldən nəsə söz-söhbət olub. Hadisə yerində 200-də çox adam var idi. Sonra polislər gəldi. Hamı deyirdi, boynuna götürürdü ki, hadisəni törədib. Amma mən buna imkan vermədim. Dedim ki, mən eləmişəm, məni tutsunlar".

Sadıq Dadaşov deyib ki, Elşad onun qızı Aynuru qisas məqsədilə qaçırıb. Belə ki, onun dediyinə görə, Elşadla Aynurun əri Şahmar arasında ədavət olub. Elşad da qisas almaq üçün Şahmarın arvadını qaçırıb. Sadıq Dadaşov bildirib ki, Elşadla Aynur arasında sevgi söhbəti olmasını sonradan bilib. Sadıq Dadaşova sual verilib ki, hadisə vaxtı qızının qaçdığını eşidib, yoxsa qaçırıldığını? Suala cavabında Sadıq Dadaşov deyib ki, ilk olaraq qızının qaçdığını eşidib.

Hakim Sadıq Dadaşovun ifadəsinin bəzi məqamları ilə razılaşmayıb. Sual verib ki, hadisə yerinə, rayon mərkəzinə gələndə qızını orada tapmadığı halda niyə hadisə yerindən uzaqlaşmayıb? Sadıq Dadaşov bu suala cavab verə bilməyib.

Məhkəmədə Şahmar Əsədov da ifadə verib. O, Aynur Əsədovanın həyat yoldaşıdır. Həbs edilənlərdən Pərviz isə onun qardaşıdır. Şahmar Əsədov evə gəldiyi gün Aynurun olmadığını öyrənib. O, ailə münasibətlərinin yaxşı olmadığını təsdiqləyib. Bildirib ki, ilk ağla gələn ehtimal Aynurun intihar etməsi olub. Amma sonra evdəki qızılları olmadığını görəndə Aynurun qaçdığını düşünüblər. İfadəsinin davamında Şahmar Əsədov bildirib ki, bir neçə gün Aynuru axtarıblar. Sonra qohumları Aynuru və Elşadı taparaq rayona gətiriblər.

Şahmar Əsədov Elşadı bıçaqlamadığını deyib. Əlavə edib ki, qayınatası Sadıq Dadaşovun Elşadı bıçaqladığını görüb: "Biz mərkəzə çatanda orada 100-dən çox adam var idi. Hadisə yerinə yaxınlaşa bilmirdik. Sadıq Elşadı vuranda mən gördüm. Sonra onu maşından yerə düşürdülər. Ordakılardan bəziləri dedi ki, çəkilin Şahmar da vurub qisasını alsın. Ondan sonra mən Elşada 5-6 təpik vurdum".

Şahmar Əsədov qeyd edib ki, arvadı Aynurun yoldan çıxarılmasında onun bibisini günahkar görür: "Aynurun bibisi də üç uşağını qoyub qaçmışdı. Mən ona görə ondan şübhələnirdim".

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edə ki, hadisə Quba raynunda baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu, 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib. Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top