Prezident məmuru DANLADI: "Niyə məlumat vermirsiz bu haqda?" - VİDEO

Prezident İlham Əliyev ötən gün Qəbələ-İsmayıllı-Ağdaş rayonlarına səfəri zamanı Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun da açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezidenti yeni yol barədə məlumatlandırıb. Bildirib ki, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. 

Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və 8 avtodayanacaq quraşdırılıb. Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib. Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.

Prezident İlham Əliyevə rayonun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi barədə də məlumat veriib. Qeyd olundu ki, 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 18 kilometrdir.

Açılış zamanı dövlət başçısı  Şamaxı-İsmayıllı yolunun bərbad vəziyyətdə olmasından naarzılıq bildirib, bu yolun qısa zamanda yenidən qurulması üçün göstəriş verib.

- Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda? Biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Amma şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə. (AZƏRTAC)

DİGƏR XƏBƏRLƏR

Top