"Bıçağı boğazına soxanda öldü" - Arvadını öldürən şəxsin dəhşətli əməli - TƏFƏRRÜAT


Həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1977-ci il təvəllüdlü Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Vüsal Məmmədov heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə arvadı Fəridə Məmmədovanı qətlə yetirib.

Belə ki, Vüsal Məmmədov dəfələrlə arvadını döyüb. Sonuncu dəfə ərinin bu hərəkətlərindən bezən Fəridə Məmmədova polisə müraciət edib. Bu müraciət əsasında Vüsal Məmmədov barəsində cinayət işi açılıb. Bundan sonra Vüsal Məmmədov qisas almaq məqsədi ilə Fəridə Məmmədovanı izləyib. Fəridə Məmmədova əri Vüsaldan şikayətçi olduğu üçün məhkəməyə dəvət edilən gün qətlə yetirilib.

Vüsal Məmmədov arvadını taksi ilə güdərək evə qayıtmasını gözləyib. Binanın həyətində Fəridə Məmmədovaya yaxınlaşaraq üzərində olan bıçaqla ona çox saylı zərbələr endirib. İttihamda göstərilir ki, Fəridə yalvarsa da Vüsal buna əhəmiyyət verməyərək xüsusi amansızlıq və qəddarlıqla onu qətlə yetirib.

Hakim elan edib ki, əgər təqsirləndirilən şəxsin əməli məhkəmə istintaqı dövründə sübuta yetirilərsə, ona 14 ildən 20 ilədək cəza və ya ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər.

Elan olunmuş ittihamla Vüsal Məmmədov özünü qismən təqsirli bilib. Deyib ki, arvadını azyaşlı övladının gözü qarşısında qətlə yetirməyib.

Məhkəmə Vüsal Məmmədova sərbəst ifadə verməyi təklif edib. Vüsal Məmmədov deyib ki, hadisədən bir neçə ay əvvəl qonşusu ilə dava edib. Onu polisə apararkən marixuana istifadəçisi olduğu məlum olub. Buna görə də onu həbs ediblər.

Məmmədov deyib ki, həbsdən qayıdandan sonra evə gəlib. Evdəki iki təsbehini axtarıb. Amma təsbehlərindən birini tapmayıb.

İfadəsində V.Məmmədov arvadını namusa görə öldürdüyünü deyib: "Təsbehin biri məndə idi. Fəridədən soruşdum ki, təsbehimin biri hanı? Dedi ki, xəbərim yoxdur. Bir neçə gün sonra Rəşad adlı tanış var idi. Onunla birlikdə maşında marixuana çəkirdik. Mən ondan salfetka istədim. Dedi ki, maşında var. Əlimi atıb salfetka götürəndə təsbehimi orada gördüm. Rəşad mənə dedi ki, dostu verib. Mən evə qayıdıb bu məsələni Fəridədən soruşdum. Dedi ki, belə bir şey yoxdur. Sonra Fəridə məndən şikayət elədi. Məni yenə narkotikə görə tutdular. İki ay da yatandan sonra evə qayıtdım. Həmin gün onunla danışdım ki, niyə belə edibsən? Mən ona dedim ki, niyə mənə xəyanət etmisən? Yalandan yazılıb ki, guya mən onu pəncərədən atmışam. Mən atsaydım, özüm onu öldürərdim. O məndən qaçmaq istəyəndə özünü pəncərədən atdı. Qolları qırıldı və xəstəxanaya apardılar. Xəstəxanada həkim dedi ki, Fəridə narkotik istifadə edibmiş. Sonra bu iş belə də qaldı. Mən yenə gəlib Fəridədən bu haqda soruşdum. Onu öldürmək istəyirdim. Amma balaca oğlum qabağımı kəsdi. Yalvardı ki, onu bağışlayım. Mən Rəşadla da danışdım. Onunla dəniz qırağına gedəndə səhv elədiyini etiraf elədi. Mən onu da öldürə bilərdim. Amma fikirləşdim ki, Rəşadı öldürsəm, bu sağ qalacaq.

Fəridə ilə neçə dəfə danışdım. Dedim ki, belə bir şey varsa son qoy. Hətta o məndən şikayət etdiyinə görə mənə cinayət işi açılmışdı. Biz birlikdə məhkəməyə də gedirdik. Bir gün evdən çıxanda öz telefonumu diktafona qoyub getdim. Evə qayıdandan sonra səsə qulaq asdım. Eşitdim ki, evə adam çağırıb. Neçə dəfə onu öldürmək istəmişəm. Amma neçə dəfə alınmadı. Onu məndən qaçırırdılar. Bilirdilər ki, öldürəcəm. Bildim ki, ancaq məhkəmə günü öldürə bilərəm. Mən məhkəməyə getsəydim məni tutacaqdılar. Məni tutacaqdılar ki, bunlar kef eləsin. İndi həmin işə görə mənə 4 il həbs cəzası verdilər. Məhkəmədən çıxanda öldürmək istədim. Amma adam çox idi deyə eləmədim. Qayıdıb taksiyə mindim. Onlar da evə qayıtdı. Binanın qarşısında uşaqlara dedim ki, evə qalxın, biz söhbət eləyirik. Uşaqlar evə qalxanda yenə də ondan soruşdum ki, niyə belə edirsən? Mən də qəti qərar vermişdim. Ona görə də öldürdüm. Mənə deyirlər ki, narkomandır, adam öldürüb. Mən narkoman deyiləm, nəşəxoram. 20 ildir çəkirəm. Adam öldürmək istəsəydim, niyə başqasını öldürmürdüm? Niyə uşaqlarımın anasını öldürdüm? Niyə 15 ildə öldürmədim, amma son 1 ildə öldürmək qərarına gəldim? Mən öldürmüşəm və peşman da deyiləm. Vicdanım təmizdir. Heç vaxt da peşman olmayacam. İndi uşaqlar gəlib məndən şikayət edir. Onların etməli olduğu işi mən eləmişəm. Amma gəlib məndən şikayətçidirlər".

Suallara cavab verən V.Məmmədov arvadının başını kəsmək istədiyini, lakin sonradan fikrini dəyişdiyini deyib: "Başını kəsəcəkdim, amma bıçağı boğazına soxdum. Onda bildim ki, öldü".

V.Məmmədov əməlindən qətiyyən peşman olmadığını deyib. Məhkəmədə mərhumun anası, hüquqi varis Günay Novruzova da dindirilib.

O deyib ki, qızının Vüsal tərəfindən öldürüləcəyini biliblər: "Neçə dəfə demişdi ki, öldürəcəm. Qonşular da bilirdi. Son günlər biz Fəridəni gizlədirdik. Məhəlləyə gələndə qonşulardan soruşurduq ki, Vüsalı görməyiblər? Qonşular pəncərədən işarə edirdilər ki, Vüsal burdadı. Barmaqla boğazı göstərirdilərsə, deməli əlində bıçaq var. Əlini bir-birinə vuranda isə deməli təhlükə var. Axırıncı dəfə biz məhkəməyə gedirdik. Rayondan gələndə bu Vüsal mənə mesaj yazdı ki, siz məhkəməyə gəlməyin. Mən də dedim ki, biz birbaşa məhkəməyə gedəcəyik. Biz onu bir yolla dilə tutub, aldadıb məhkəməyə gətirmək istəyirdik ki, tutsunlar. Yalandan şikayəti geri götürdüyümüzü də yazmışdıq. Amma yenə məhkəməyə gəlmədi. Hakimin katibi bizə zəng elədi ki, Vüsal araq içdiyi üçün məhkəməyə gəlməyib.

Biz qorxaraq evə qayıtdıq. Mən Fəridəyə dedim ki, polisə gedək. Fəridə israr elədi ki, evə gedək. Qayıdanda Fəridənin böyük oğlu Fərid qalxıb evə baxdı. Əgər Vüsal olmasa, bizə xəbər edəcəkdi. Fərid pəncərədən dedi ki, heç kim yoxdu. Mən, Fəridə və balaca uşağı Ülvi maşından düşdük. Anidən Vüsal arxadan bizə tərəf gəldi. Fəridənin saçından tutub qolunu burdu. Mən qaçıb polis çağırmaq istədim. Yaxınlıqdakı mağazadan telefon istədim ki, polisə zəng eləyim. Onlar da dedi ki, yaxınlıqdakı mühafizə polisindən kömək istəyim. Getdim ki, polislər yoxdu. Ordan maşınla polis bölməsinə getdim. Mən qayıdanda artıq hadisə baş vermişdi".

Suallara cavab verən Günay Novruzova bildirib ki, əgər Vüsalın əlində bıçaq görsəydi, Fəridəni tək qoymazdı: "Mən bıçağı görmədim. Görsəydim, Fəridəni tək qoymazdım. Vüsalın üzünü didərdim".

Hadisə bu ilin may ayında Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. İlkin məlumata görə, 42 yaşlı Vüsal Məmmədov Muxtar Fətəliyev küçəsində yerləşən yaşayış binasının girişində iki azyaşlı oğlunun gözü qarşısında 41 yaşlı həyat yoldaşı Məmmədova Fəridə İsmayıl qızını amansızlıqla qətlə yetirib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisə yerindən qaçan 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top