Doğu Perinçek: Rusiya öz gücündən istifadə edəcək və Qarabağın işğalına son veriləcək - MÜSAHİBƏ

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçekin Oxu.Az saytına müsahibə verib.
Yeniavaz.com
həmin müsahibəni təqdim edir:

- Doğu bəy, Suriyadakı son vəziyyəti, Soçi görüşlərinin nəticələrini necə qiymətləndirirsiniz?  

- Suriya görüşlərinin sonunda Türkiyə ilə Rusiya Federasiyası arasında qəbul edilən anlaşma memorandumu biz bölgə ölkələri üçün son dərəcə müsbətdir. Yəni Rusiya, Türkiyə, Suriya, İraq, İran və Azərbaycan üçün...

Çünki Suriyada bu razılaşma Atlantik gücləri, yəni, ABŞ və onlarla birlikdə hərəkət edən terror təşkilatlarının əleyhinə bir razılıqdır.  Burada biz bəzi strateji mövqelər qazandıq – bu mövqelərin içində Türkiyə - Suriya sərhədi boyunca terrorçularr aşağıya süpürüldü. Və o sərhəd boyunca da Türkiyə, Rusiya və Suriyanın hərbi qüvvələrinin nəzarətini təmin etdik.

Təbii ki, bununla iş bitmir. Çünki terrorçuları uzaqlaşdırmaq kifayət etməz, PKK terror qruplaşmasının kökünü kəsmək lazımdır. Bunun üçün də qarşıdakı müddət ərzində Türkiyə və Suriya hökumətləri arasındakı münasibəti yaxşı inkişaf etdirməliyik. 

- Bu, nə dərəcədə mümkündür? 

- Onsuz da bu maddə var. Yanlış xatırlamıramsa, Soçi memorandumunun ikinci maddəsində deyilir ki, Adana razılaşması müddəaları (1998-ci ildə Suriya və Türkiyə arasında bağlanan 23 maddəlik müqaviləyə əsasən, hər iki dövlət başda PKK olmaqla, onları təhdid edən terror qruplarına qarşı birgə tədbirlər görmək və terrorçuların Türkiyə və Suriyada fəaliyyətinin qarşısını tam almaqla bağlı razılıq) qəbul edilir.

Yəni Rusiya Federasiyası Adana razılaşmasının tərəfləri olan Türkiyə ilə Suriyaya aralarındakı münasibətlərin inkişaf etməsi üçün kömək edəcək. Bu, müsbət inkişaf və yeni bir perspektiv gətirir. Bu perspektivə görə, Türkiyə ilə Suriya əməkdaşlıq edəcək və Rusiya da buna kömək olacaq.

Artıq bu əməkdaşlıq başlayıb. Necə başlayıb? Türkiyə - Suriya sərhədi boyunca türk ordusu, rus hərbi qüvvələri və Suriya ordusu birgə hərəkət edəcəklər. Yəni mərkəzdə “Barış pınarı” hərəkatı ilə Türkiyənin nəzarətə götürdüyü əraziləri, həmin ərazilərin şərqində və qərbində həm Suriya, həm də Rusiya hərbi qüvvələri Türkiyə ilə birlikdə nəzarəti təmin edəcək. 

- Baş verənlər fonunda ABŞ-ın regiondan çıxdığını, artıq yeni şəraitin formalaşdığını, dövlətlərin talelərini özlərinin müəyyənləşdirdiyini deyə bilərikmi?

- Elə oldu, amma bu, silah gücünə oldu. Baxın, ABŞ bölgəyə silahla gəldi. Yəni 1991 və 2003-cü ildə iki dəfə İraqı işğal etdi. Suriyada silahlı qarşıdurma və müharibə çıxardı. Türkiyədə terror qruplaşmalarını dəstəklədi. PKK kimi terror qruplaşmalarına 40 min tanker silah verdi.

Yəni ABŞ bölgəyə silahla gəldi və bölgədən silahla çıxarılır. Kimlər onu çıxarır? İraqın, Suriyanın, Türkiyənin silahlı gücləri, İranın dik duruşu, Rusiyanın silahlı qüvvələri. Bölgə ölkələrinin silahı ABŞ-ın silahını qırdı. 

- Son vaxtlar İncirlik aviabazasındakı nüvə başlıqlı silahların oradan çıxarıldığı, hətta müəyyən müddət ərzində aviabazanın bağlanılacağı məsələsinin gündəmdə olduğu deyilir.

- Oraya da növbə gələcək. Bağlanmayacaq, ABŞ-ın əlindən alınacaq, Türkiyə nəzarət edəcək oraya. Beləliklə, bölgə ölkələrinin və Türkiyənin təhlükəsizliyini təmin edən baza halına gələcək. İncirlik bazasına indi ABŞ nəzarəti olsa da, o nəzarətə son veriləcək. Nəzarətin Türkiyəyə keçməsi İrana, Azərbaycana, Suriyaya və İraqa dost baza qazandıracaq. Bölgə ölkələrinin müdafiəsində hamımızın işinə yarayacaq. 

- Region ölkələrinin adını çəkəndə - Türkiyə - Rusiya, Türkiyə - İran, Türkiyə - Rusiya - İran -bütün bu dialoq formatlarında Azərbaycanı da görürük. Sizcə, bu formatlarda Azərbaycanın yeri, mövqeyi və əhəmiyyəti nədən ibarətdir? 

- Azərbaycanın yeri çox mühümdür. Azərbaycan Türkiyənin Orta Asiya ölkələri ilə münasibətlərində bir bağlantıdır. Yəni biz Azərbaycan vasitəsilə - Naxçıvandan Orta Asiya türk dövlətləri və başqa ölkələrlə əlaqə qururuq. Eyni zamanda, Azərbaycan neft istehsal edən bir ölkədir. Həm də biz tək millət, iki dövlətik, yəni orada bizim millətimizin bir hissəsi yaşayır ki, bu baxımdan da çox əhəmiyyətlidir.

Azərbaycan bizim üçün Rusiya baxımından da çox əhəmiyyətlidir. Bizim Qaradəniz – Aralıq dənizi sülh və dostluq planımız var. Bu planın bir maddəsinə görə də Rusiya öz gücündən istifadə edəcək və Qarabağın Ermənistan tərəfindən işğalına son veriləcək. Yəni biz dörd maddə təklif edirik. Birincisi, Türkiyə tanınmamış Abxaziya Respublikasını rəsmi olaraq tanıyır. İkincisi, Rusiya Şimali Kipr Respublikasını tanıyır. Üçüncüsü, Türkiyə Krımı Rusiya Federasiyasının ərazisi olaraq tanıyır. Dördüncüsü, Rusiya öz gücündən istifadə edərək erməni silahlı birliklərini Qarabağdan çəkilməyə məcbur edir. 

- Belə bir planın reallaşması şansı nə qədərdir? 

- Bu, həyata keçəcək. Görəcəksiniz. Amma bu dörd maddə kompleks şəkildə bir yerdə həyata keçirilməlidir. Ayrı-ayrı deyil. Çünki söhbət Rusiya ilə Türkiyə arasında, Türkiyə ilə Rusiya və Azərbaycan arasında strateji müttəfiqlikdən gedir.  

- Bu planı Vətən Partiyası olaraq təqdim edirsiniz? 

- Vətən Partiyası olaraq təqdim edirik. Görəcəksiniz, necə ki Vətən partiyası olaraq erməni soyqırım yalanlarını Avropada məhv elədik, burada da bu məsələnin reallaşacağına istər Azərbaycan xalqına, istərsə də regiondakı xalqlara söz veririk: Qarabağdakı erməni işğalına son qoyacağıq və erməni işğalçıları oranı tərk etmək məcburiyyətində qalacaq. Bu, onsuz da bizim Vətən Partiyasının proqramında da var və biz bu proqramı həyata keçiririk. 

- Ermənistanda Osmanlı – Türk dövlət adamı Tələt paşanın qatilinə heykəlin qoyulması və bu azmış kimi heykəldə Tələt paşanın başının bu qatilin ayağı altında təsvir edilməsi kimi dəhşətli hadisəyə sizin münasibətinizi öyrənmək istərdik...

- Bu, bir nifrət və kin abidəsidir. Ermənistanın terrorçuların başqa bir qəhrəmanları yoxdur, qəhrəmanı olmayanlar belə abidələr ucalda bilərlər. Qəhrəmanları olmadığı üçün nə edirlər? Terrorçulara heykəl qoyurlar. Türkiyədə terror ənənəsi varmı? Və yaxud Türkiyədə hər hansı bir heykəldə, məsələn, Andranikin, ya da bir başqasının başını ayaqlar altına qoyuruqmu? Yox. Çünki biz böyük bir millətik.

Biz türklər böyük bir millət olduğumuza görə başqa millətləri alçaltmaq, onlara yuxarıdan aşağı baxmaq, bu cür daş parçalarından istifadə edərək başqa xalqları incitmək bizim kitabımızda yoxdur. Onun üçün biz buna nifrətin daşlaşması deyirik. Bu heykəlin adı nifrətin daşlaşmasıdır.

Təəssüf ki erməni millətçiləri nifrətdən daş düzəltdilər, nifrətlərini daşlaşdırdılar. Bu Ermənistanın ən böyük problemidir. Əgər Ermənistan bu daşlaşmış nifrətdən xilas ola bilməsə, gələcəkdə hər hansı bir şəkildə xoşbəxt ola bilməz.

Çünki regionumuzda Azərbaycana qarşı daşlaşmış nifrətlə, Türkiyəyə qarşı daşlaşmış nifrətlə Ermənistan yaşaya bilməz. Bu baxımdan, söz verirəm Tələt paşanın o müqəddəs başı terrorçunun ayağının altından qurtarılacaq.

Görəcəksiniz, bunun üçün də fəaliyyətə başlamışıq. Necə ki Avropa İnsan Haqları Məhkəməsində “erməni soyqırımı” yalanını bitirdik, bu heykəldən o başı da xilas edəcəyik. Ermənilər terrorçunu qəhrəman edə bilərlər, amma bir türk qəhrəmanını, liderini və imperializmə qarşı mübarizə aparmış Tələt paşanı alçalda bilməzlər.

Tələt paşa kimdir? 1908-ci ildə Azadlıq inqilabının lideridir. Bu inqilab dünyada böyük əks-sədaya səbəb olub. Rusiyada Lenin belə bu inqilab haqqında danışırdı. Tələt paşa kimdir?

Birinci Dünya müharibəsində ingilis-fransız imperializminə qarşı müharibə etmiş və Türkiyədə baş nazir vəzifəsində işləmiş böyük bir qəhrəmandır. Onu da deyim ki, o dövrdəki Çanaqqala qələbəsi olmasa idi, Rusiyada sosialist inqilabı baş verməzdi. Biz Çanaqqalada ingilis və fransızların qarşısını kəsdiyimiz üçün Rusiyada çar rejimi çökdü və sosialist inqilabı baş verdi. 

Bu baxımdan, Tələt paşa bizim regionun xalqları və rus xalqı üçün də bir qəhrəmandır. 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top