İstefa vermiş Akif Əlizadə DANIŞDI: “Məmnuniyyətlə universitetdə dərs deyərəm”


“Akademiya Ramiz müəllim və Rəyasət Heyətinin rəhbərliyi ilə fəaliyyətini yüksək səviyyədə davam etdirəcək”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri AzEdu.az-a Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013-2019) Akif Əlizadə söyləyib.

Bir neçə gün öncə AMEA prezidenti vəzifəsinə xitam verilən akademik hazırda Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsində çalışır. Qeyd edək ki, Akif Əlizadə işdən uzaqlaşmaq üçün özü ərizə yazmış və buna səbəb olaraq, səhhət-yaş amilini göstərmişdi.

O, AMEA-nın qarşıda duran fəaliyyət prinsipləri haqqında fikirlərini bölüşüb:

“Güman edirəm ki, gələcəkdə  Azərbaycan Milli Elmlər Akademiyası  aktiv və dinamik şəkildə  fəaliyyət göstərəcək. Bu  fəaliyyət nəticəsində islahatlar apardığımız istiqamətlər daha də dərinləşəcək.

Akademiyanın qarşısında bir necə məsələ dayanır: Bunlardan ilki fundamental elmin inkişafıdır. İkincisi isə  innovativ elmi və tətbiqi  istiqaməti  inkişaf etdirmək  və bu inkişafı davamlı sürətdə həyata keçirməkdir. Çünki akademiyada  fəaliyyət göstərən Texnoparkın gələcəyi olduqca parlaqdır. Texnopark fundamental  tədqiqatları beynəlxalq arenaya  aparmaq üçün  çox böyük vasitə olacaq.

Akademiyanın beynəlxalq əlaqələri olduqca möhkəmlənib. Bu təməlin üzərində inkişaf həyata keçirilməlidir. Çünki elmin sərhəd və hüdudu yoxdur. Beynəlxalq aləmdə Azərbaycan elmini yüksək səviyyədə təmsil edən  gənc alimlər yetişdirmək lazımdır. Nəhayət, kadr hazırlığı istiqamətində magistratura səviyyəsindən aktiv və dinamik şəkildə bəhrələnmək lazımdır. Bunlar möhtərəm Cənab Prezidentin dəstəyi ilə yaranan istiqamətlərdir. O, bütün bu istiqamətlərə dəstək verir. Hesab edirəm ki, bunların hamısı gələcəkdə də inkişaf etdiriləcəkdir”.

Qocaman akademik özünün bundan sonrakı elmi fəaliyyəti haqqında da danışıb. O, bundan sonra bütün diqqətini geologiya ilə bağlı elmi məsələlərə yönəldəcək:

“Mən hazırda AMEA-nın Geologiya və Geofizika İnstitutunda direktor vəzifəsini yerinə yetirirəm. Bizim   qarşımızda çox mühüm geoloji problemlər dayanır. Ən çox rastlaşdığımız problem böyük dərinliklərdəki neft problemidi. Azərbaycan nefti iqtisadiyyatın aparıcı istiqamətlərindən biridir. Bu gün Azərbaycan nefti ölkəmizin inkişafına çox böyük dəstək verir və böyük imkanlar yaradır.

Neft geologiyası aktual  və prioritet olaraq qalır. Biz   geologiya və geofizikanın vəhdətindən istifadə edərək, onu inkişaf etdirməyi planlayırıq. İnstitutda uzun illər ərzində toplanan gözəl kolleksiyalar var. Bunlar geoloji və paleontoloji istiqamətləri əhatə edir. Biz geologiya elminin əsası olan paleontologiyanın yəni,  keçmişdə yaşayan heyvanların qalıqlarını öyrənmək üçün böyük bir atlas yaradacağıq. Bu atlasda indiyə kimi əldə edilən bütün nümunələr olacaq. 2 və ya 3 cildlik paleontoloji atlas yaratmaq istəyirik. Həmin atlasları Azərbaycan, rus və ingilis dilində çap etdirməyi düşünürük. Çünki  elmmetrik bazalar ingilis dilində fəaliyyət göstərir. Bu kimi bazalarda nəşrlərimizin olması Azərbaycan elminin təbliğinə yaxından kömək edir”.


Akif Əlizadə açıqlamasında həm də elmlə təhsilin vəhdətinin vacibliyindən, eləcə də gələcəkdə buna xüsusi diqqət etməyin əhəmiyyətindən də danışıb:


“Təhsil sahəsində Mikayıl Cabbarovla  bərabər təhsil və elmin inteqrasiyasını həyata keçirməyə başladıq. Bu ideya cənab Prezident tərəfindən də dəstəkləndi. Hesab edirəm ki,  təhsil və elmi   bir-birindən ayırmaq olmaz. Onlar bir-biri ilə vəhdətdədir və  can qardaşıdırlar. Gələcəkdə akademiyada aparılan reformaların  ardı olaraq  institutlar  universitet fakültələri ilə birlikdə  elm və təhsil mərkəzləri  yaratmalı və bu da  Azərbaycan təhsilinin və elminin  inkişafına töhfə verməlidir”.

“Hər hansı universitetdən təklif alsanız, orada dərs demək istərdinizmi?” sualını akademik bu cür  cavablayır:  

“Məmuniyyətlə universitetdə dərs deyərəm. Gənclərlə işləmək və onlara tövsiyələr vermək istəyirəm. Lakin indi burada  çox məsələləri nizamlamaq lazımdır. Mən istəyirəm ki, bir-iki il burada  inkişaf prosesi ilə məşğul olum. Sonra isə Allah  qismət etsə, universitetə gedib, və orada  mühazirələr oxuyaram”.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top