Fazil Mustafa: “Süpürgəçi peşəsini qınayıcı peşə kimi göstərmək yanlışdır”


Son zamanlar ictimai işlər cəzasına məhkum olunmuş şəxslər daha çox müəyyən bir ərazini süpürməklə cəzalandırılırlar.
Ancaq barəsində ictimai işlər tətbiq edilən şəxslər həm də aşağıdakı işlərə cəlb edilə bilərlər:
- şəhər, rayon ərazisinin, küçə, park və meydanların, yolların, abadlaşdırılması və təmizlənməsi (o cümlədən, yaşıllaşdırılması, qar və yağış sularının fəsadlarının aradan qaldırılması);
- məişət tullantılarının (əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyaların, maddələrin və materialların, tullantıların) yığılması (toplanılması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması;
- yaşayış ərazilərinin, xəstəxanaların, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, yataqxana və pansionatların, sosial xidmət müəssisələrinin, habelə sosial sferanın digər obyektlərinin tikintisi və təmiri;
Məhkəmə qərarlarında isə yuxarıda sadalanan işlərdən daha çox müəyyən bir ərazinin süpürülməsinə üstünlük verilir.
Mövzu ilə əlaqədar Yeniavaz.com-a fikirlərini bildirən Milli Məclisin deputatı Fazil Mustafa burada məhkəmənin məsələyə necə yanaşmasından asılı olduğunu diqqətə çatdırdı: “Cəmiyyətdə abadlıq işləri ilə məşğul olmaq islah olma baxımından çox da qınayıcı bir addım kimi sayılmır. Amma cəza olaraq müəyyən bir ərazini süpürüb, təmizləmək bir qədər fərqli asossasiya doğurur. Cəmiyyətdə cəza olaraq küçədə zibil yığmaq bu məsələləri mənəvi cəhətdən əks etdirir.
Süpürgəçilər şərəfli insanlardır və işlərindən çörək pulu qazanırlar. Ona görə də onların peşəsini hansısa bir qınayıcı peşə kimi göstərmək yanlışdır. Sanki bu peşə islah üçün daha çox yarayır, digər peşələr o qədər də yox. Bu cür yanaşmanı göstərmək doğru deyil.
Mən peşələr arasında fərqlər diqqəti çox cəlb etməsin deyə, abadlıq və başqa məsələlərin də cəza tətbiqinə salınmasının tərəfdarıyam. Məhkəmə qərarda cəzanı vermə səbəbini göstərir” - dedi.
Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top