Banqladeşin Baş Naziri: "Silahsızlaşdırma beynəlxalq təhlükəsizlik üçün vacibdir"

“İqlim dəyişikliyi ilə bağlı Paris razılaşması yalnız kağız üzərində qalmamalıdır”.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün debat müzakirələrində Banqladeş Xalq Respublikasının Baş Naziri Şeyx Hasina deyib.

Baş Nazir bildirib ki, onun ölkəsi bu beynəlxalq təşkilata əsarətdən əziyyət çəkən və əsarət gətirən ölkələr arasında bərabərliyin təmin olunmasına töhfə vermək üçün qoşulub: “Biz həmişə beynəlxalq ictimaiyyəti Bandunq prinsiplərinə əməl etməyə çağırmışıq. Sülh üçün maneələr yaranır və münaqişələrin əsas səbəblərindən biri də ölkələr arasında dialoqun olmamasıdır.  Mədəniyyətlər və sivilizasiyalar arasında toqquşmalar sülh üçün ciddi hədədir. Sülhə təkan verən universal dəyərlərin müəyyənləşdirilməsi və yayılması üçün uzun mübarizələr aparılıb”.

Baş Nazir əlavə edib ki, BMT dünyanın müxtəlif bölgələrində meydana çıxan  münaqişələrin söndürülməsinə çalışır və Qoşulmama Hərəkatına üzv ölkələr də güclərini bir araya toplamaq üçün səylə çalışmalıdırlar. Banqladeş Baş naziri silahsızlaşdırmanın beynəlxalq təhlükəsizlik üçün vacib olduğunu vurğulayıb.
Ölkəsində bir sıra sosial və iqtisadi islahatların həyata keçirildiyini qeyd edən Baş Nazir hələ də ölkəsinin 21 faizinin yoxsulluqdan əziyyət çəkdiyini diqqətə çatdırıb.

Baş Nazir Banqladeşin əsas iki çətinliklə üzləşdiyini əlavə edib: “İqlim dəyişikliyinin nəticələri ölkəmizə təsir edir, buna görə də biz bu istiqamətdə səyləri davam etdirməliyik. Ölkəmiz maliyyə imkanlarında istifadə edərək iqlim dəyişikliyin fəsadlarına qarşı adaptasiya proqramlarına maliyyə ayırır. Banqladeş iqlim dəyişikliyi ilə bağlı BMT-nin çərçivə sənədlərinin qəbulunu dəstəkləyir. Paris sazişi yalnız kağız üzərində qalmamalıdır”.

O, digər problemin Myanmar qaçqınları ilə bağlı olduğunu deyib: “Biz qaçqınları qəbul etdik və təbii ki, onlara dəstək göstərməliyik. Göstərilən yardım arzu olunandan uzaqdır. Qaçqınların çətinliklərinə bələdəm və onları başa düşürəm. Myanmar bu böhrana həll  variantı tapmalıdır”.

Tədbirdə çıxış edən Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thinh isə Qoşulmama Hərəkatının üzv dövlətlərinin bəzilərinin böyük güclər arasında aparılan geosiyasi mübarizənin qurbanına çevrildiyini deyib. O qeyd edib ki, kütləvi qırğın silahlarından istifadə, iqlim dəyişikliyi, ərazi bütövlüyünün pozulması kimi hallar artımı əngəlləyən məqamlardır: “Bu gün dünyada üzləşdiyimiz çətinliklər super güclərin arasındakı mübarizə ilə bağlıdır. Çünki bəzi hallarda beynəlxalq hüququn norma və prinsipləri, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı kimi prinsiplər tapdalanır. Bu gün bəzi dövlətlərin hegemonluq mövqeyindən çıxış etməsinin qarşısını almalıyıq. Qoşulmama Hərəkatı beynəlxalq səviyyədə daha geniş şəkildə fəaliyyət göstərməlidir”.

Vitse-prezident qeyd edib ki, Vyetnam Kubaya tətbiq edilən iqtisadi sanksiyaların tam aradan qaldırılmasının tərəfdarıdır: “İstərdik ki, Qoşulmama Hərəkatı Koreya yarımadasında və Afrika qitəsində mövcud olan toqquşma və gərginliyin aradan qaldırılmasında daha fəal olsun. Biz, dünya miqyasında üzv dövlətlərin milli maraqlarının qorunması ilə məşğuluq, istəyirik ki, bütün xalqlar sülh şəraitində yaşasın, iqtisadi artım təmin olunsun. Biz Bandunq prinsipləri əsasında addımları davam etdirəcəyik. Vyetnam qlobal terrorçuluğa qarşı mübarizə aparan ən fəal dövlətlərdən biridir”.  

DİGƏR XƏBƏRLƏR

Top