Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev dedi:

- Əziz xanımlar, sizi salamlayıram. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana xoş gəlmisiniz. İnanıram ki, BMT-yə üzv dövlətlərin üçdəiki hissəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Bakı Zirvəsi Hərəkatın gələcək inkişafına və üzv dövlətlərin münasibətlərinin həmrəylik və qarşılıqlı anlaşma ruhunda möhkəmlənməsinə mühüm və fərqli töhfəsini verəcəkdir.

Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etmişdir. Ötən illər ərzində bütün çətinliklərə baxmayaraq, ölkəmiz sürətlə inkişaf edib, müstəqilliyini qoruyub saxlayıb və ictimai-siyasi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Azərbaycan dünya birliyində etibarlı tərəfdaş və məsuliyyətli üzv kimi tanınır.

Əziz xanımlar, baxmayaraq ki, biz müstəqil ölkə kimi gəncik, lakin Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Əsrlərboyu bu məkanda müxtəlif sivilizasiyaların, dinlərin, millətlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb. Bu gün də Azərbaycan dövləti və Azərbaycan xalqı bu ənənələri qoruyub saxlayır. Sülh mədəniyyətinin təbliğ, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsinə ölkəmizdə xüsusi diqqətlə yanaşılır. Təsadüfi deyil ki, son illər Azərbaycan bu sahədə tanınmış beynəlxalq platformaya çevrilib. Son illər ölkəmizdə bir sıra möhtəşəm, mötəbər beynəlxalq forumlar, görüşlər, sammitlər keçirilib. Qoşulmama Hərəkatının XVIII Zirvəsinin məhz Azərbaycanda keçirilməsi bunun növbəti sübutudur. Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər - əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək.

Əziz dostlar, əziz xanımlar, bu gün görüş keçirdiyimiz Heydər Əliyev Mərkəzi dünya şöhrətli memar Zaha Hadidin ölməz əsəridir. Mərkəz bir tərəfdən nadir memarlıq abidəsidir, digər tərəfdən müasir Bakının simasıdır, simvoludur. Qərblə Şərqin tarixini, memarlığını, mədəni abidələrini özündə birləşdirən Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən ümidvaram ki, siz vaxt tapıb paytaxtımızla daha yaxından tanış olacaqsınız, insanlarımızın qonaqpərvərliyini hiss edəcəksiniz.

Əziz xanımlar, bir daha sizə “Xoş gəlmisiniz!” deyirəm. Təmsil etdiyiniz ölkələrə və xalqlara sülh və əmin-amanlıq arzulayıram. Sizin hər birinizə möhkəm cansağlığı və uğurlar diləyirəm.

Prezident Qurbanqulu Berdiməhəmmədov dedi:

-Hörmətli İlham Heydər oğlu, Türkmənistanın ünvanına səmimi ürək sözlərinizə görə sağ olun. Mən də Sizə təşəkkür etmək istərdim ki, məni Qoşulmama Hərəkatının iştirakçısı olan ölkələrin XVIII Zirvə Görüşünə dəvət etmisiniz. Mən bəri başdan Sizi təbrik etmək istəyirəm. Zirvə Görüşü ən yüksək və mütəşəkkil səviyyədə keçir. Bu münasibətlə Sizi təbrik edirəm. Əlbəttə, Zirvə Görüşünün mahiyyəti bütün dünyada sabitliyin, təhlükəsizliyin və sülhün möhkəmləndirilməsidir. Burada bizim iqtisadi münasibətlərimiz və ən başlıcası, deyərdim ki, humanitar və beynəlxalq məsələlər mühüm rol oynayır. Yəqin ki, hər bir dövlətdə məhz onun öz maraqları mühüm rol oynayır. Bu, hərəkat üzvlərinin bugünkü çıxışlarından da aydın görünürdü. Hər bir dövlətin suverenliyi, ərazi bütövlüyü yəqin ki, çox böyük əhəmiyyət kəsb edir. Buna görə bildiyiniz kimi, biz də bitərəf ölkəyik, Türkmənistan neytraldır. Biz Sizin qonşularınız, qardaşlarınızıq. Əlbəttə, biz buna Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi mövqeyindən də baxırıq ki, heç vaxt qarşıdurma olmasın. Bütün bu məsələləri, əlbəttə, siyasi, diplomatik vasitələrlə həll etmək lazımdır. Buna görə bu gün bəlkə də bütün beynəlxalq arena üçün çox vacib Zirvə Görüşünün uğurlu keçirilməsi münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm.

Bir söz də demək istərdim və bu, kompliment deyil. Qədim Xəzərin sahilindəki Bakı həmişəki kimi gəncləşir və gözəlləşir. Onun özünəməxsus memarlığı var. İnsan burada gördüklərinə hər dəfə sevinir. Buna görə öz adımdan Sizi təbrik etmək istərdim ki, bu gün müasir Bakı daha da gözəlləşir.

Bizim ikitərəfli münasibətlərimizə gəldikdə, Siz də dediyiniz kimi, siyasət məsələsini, əlbəttə ki, bərabər xatırladıq. İqtisadi məsələlərə gəldikdə, qeyd etmək istərdim ki, onlar yüksələn xətt üzrə inkişaf edir və belə də olmalıdır. Sevindirici haldır ki, enerji təhlükəsizliyi məsələlərində biz eyni mövqedəyik. Ümumiyyətlə, Sizə təşəkkür edirəm ki, bu gün biz nəqliyyat və tranzit dəhlizlərini nəinki regionda, daha geniş miqyasda birlikdə inkişaf etdiririk. Sevindiricidir ki, bizdə bütün bu məsələləri İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələndirir. Buna görə dəvət üçün Sizə bir daha təşəkkür etmək, dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar diləmək, ən xoş arzularımı bildirmək, qardaş Azərbaycan xalqına firavanlıq, xoşbəxtlik arzu etmək istərdim. Bir daha sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

***     18:11

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top