Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.
Yeniavaz.com xəbər verir ki, səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın silahlı qüvvələrinin hərbi və hərbi-texniki sahədəəməkdaşlığından, əlamətdar günlərdə yüksək səviyyəli heyətlə qarşılıqlı iştirakdan məmnunluq ifadə olunub. Həmçinin regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğalçı ölkənin vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi haqqında söhbət açılıb. Tərəflər təcrübə mübadiləsi, birgətəlimlərin, qarşılıqlı səfərlərin təşkilinin davamı haqqında da fikir mübadiləsi aparıblar.
Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zübair Mahmud Hayat iki ölkə arasındakı münasibətlərin nümunəvi xarakter aldığını, Pakistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanı daima dəstəklədiyini bildirib.