Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ümumtəhsil məktəblərinə odun alışı, doğranması, daşınması məqəsədilə kotirovka sorğusu elan edib.
Yeniavaz.com xəbər verir ki, 30 avqust tarixində elan olunan kotirovka sorğusunun sənəd qəbulu sentyabr ayının 5-də başa çatıb. Lakin, qalib şirkət, ya da şəxsin adı hələ açıqlanmayıb.
Məlumat üçün bildirək ki, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəbləri Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının ərazisində yerləşir. Eyni zamanda bu ərazidə yerləşən Qubadlı, Zəngilan və Şuşa rayon məktəbləri də 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabedirlər.
Onu da bildirək ki, "Azəriqaz" İstehsalat Birliyinin bu ilin avqust ayında açıqladığı məlumatda ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə, Sumqayıt və Abşeronda 100%-ə çatdığı qeyd olunub.
Belə görünür ki, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi odunu Xızı rayonu ərazisində yerləşən ümumtəhsil məktəbləri üçün alır.
Ümumtəhsil məktəblərinin qazlaşdırılmas məqsədilə milyonlarla vəsait (təkcə bu il 8,7 milyon manat) ayrılmasına baxmayaraq paytaxt Bakıdan cəmi 70 kilometr məsafədə yerləşən məktəblər bu il də odunla qızdırılacaq.
İlkin Uğur