
Kataloniya hökumət başçısı Qium Torra İspaniyadan ayrılmaq üçün yeni bir müstəqillik referendumunu qəbul etmək istədiklərini söyləyib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, ölkədə 250 nəfərin xəsarət aldığı və 100-dən çox insanın həbs edildiyi etiraz aksiyası dörd gündür davam etməkdədir. Etirazlar səbəbilə parlamentdə çıxış edən Quim Torra “Müstəqillik üçün yenidən seçkilər keçirəcəyik. Əgər bütün partiyalar və qruplar referendumu qəbul etsələr, həbslərə məruz qoyan bu qəfəsdən qurtula bilərik” - deyə bildirib. Hökumət başçısı azadlıq üçün etiraz edənlərə qarşı törədilən zorakılığı pisləyərək, 100 il həbs cəzası alsalar da demokratiya üçün mübarizələrini davam etdirəcəklərini deyib.
Qeyd edək ki, 2017-ci ildə müstəqillik referendumunu təşkil etdiyinə görə mühakimə olunan 12 katalon siyasətçidən 9-u həbs cəzasına məhkum edilib.