Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm"


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovun APA-ya müsahibəsi.

Yeniavaz.com müsahibəni təqdim edir:

- YAP son vaxtlar tez-tez müşavirələr, gənclərlə görüşlər keçirir. Bu görüşlərdə partiya üzvləri sosial şəbəkələrdə aktiv olmağa, xüsusən radikal çıxışlara qarşı əks-arqumentlərlə çıxış etməyə çağırır. Bundan başlamanızı istərdik?

- Partiyanın proqramına uyğun olaraq görüşlər keçirilir. Bildiyiniz kimi, bu il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. YAP hər zaman seçkilərə uzunmüddətli dövrdə hazırlaşır. Bununla əlaqədar görüşlər keçirilir, müvafiq tapşırıqlar verilir. Hazırda YAP-ın 750 mindən çox üzvü var və onlar 8 min ilk təşkilatda birləşib. Biz çalışırıq ki, təşkilat sədrləri ilə görüşək. Çünki bütövlükdə partiya üzvlərinin hamısı ilə birlikdə görüşmək mümkün deyil. Bundan əlavə, cənab Prezident tərəfindən ölkəmizdə hazırda sosial, iqtisadi, kənd təsərrüfatı, məhkəmə-hüquq və digər sahələrdə islahatlar aparılır.

Bildiyiniz kimi, bir neçə gün bundan öncə cənab Prezident İlham Əliyev Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağla və Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda faşizmə xidmət edən insanların qəhrəmanlaşdırılması ilə bağlı tarixi bəyanatla çıxış edib. Hazırda məlum olduğu kimi dövlət başçısının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır, nida işarəsi!” bəyanatı Azərbaycan xalqının devizinə çevrilib. Azərbaycan xalqı bu şüar ətrafında birləşərək torpaqlarımızı azad etməyə hazırdır və xalq Prezidentlə birgədir. Bu gün beynəlxalq hüququn normaları beynəlxalq təşkilatlar tərəfindən təəssüf ki, yerinə yetirilmir, onlara ikili standartlarla yanaşılır. Neçə illərdir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur. Amma son anda gəlib deyirlər ki, siz razılaşın, razılaşdıqdan sonra biz də razı olacağıq. ATƏT-in Minsk qrupunun 3 böyük dövlətinin nümayəndəsi əgər bizim əsirlikdə olan iki nəfərimizi geri ala bilməyiblərsə, 20 faiz ərazimizi necə alacaq? Artıq bu suallar qoyulmalıdır. Cənab Prezident tərəfindən də hər zaman bu məsələlər beynəlxalq təşkilatlarda, konfranslarda qaldırılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyi qeyd olunur. BMT-də başqa bir ölkə ilə bağlı sənəd qəbul edilən zaman isə mürəkkəbi qurumamış yerinə yetirilir. Bu baxımdan insanların geniş şəkildə maarifləndirilməsinə ehtiyac var. Çünki bu gün bəzi qüvvələr var ki, Ermənistan tərəfindən maliyyələşir. Erməni təbliğatını aparır, Ermənistanda “demokratiyanın” çiçək açdığını deyirlər. Ancaq özlərini azərbaycanlı adlandırırlar. Onların nəslini, kökünü araşdıran zaman isə görürsən ki, gedib başqa tərəfə çıxır. Çünki xalqını, dövlətini sevən bunları etməz. Bu baxımdan da biz insanlarla görüşürük, onların təkliflərini, problemlərini dinləyirik və lazımı orqanlara çatdırırıq. Gənclərin daha aktiv şəkildə bu məsələlərə qoşulmasının zərurət olduğunu onların diqqətinə çatdırırıq. Deyirik ki, bu vətən sizindir, ona görə vətənin müdafiəsi siyasi baxışından asılı olmayaraq hər bir vətəndaşın borcudur.

- YAP zaman-zaman müxtəlif aksiyalar təşkil edir, çağırışlar edir. Bu yaxınlarda YAP sədrinin müavini-icra katibi Əli Əhmədov da Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülməsi ilə bağlı çağırış etmişdi. Bu məsələ nə yerdə qaldı?

- Hazırda bununla bağlı proses gedir. Sonuncu toplantıda da belə bir məsələ qaldırıldı ki, "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyində də belə bir fond yaradılsın və vətəndaşlar həmin fonda pul köçürsünlər. Təbii ki, dövlət bununla bağlı müəyyən addımları atır. Həmin fonda yığılan vəsait müəyyən təbliğat-təşviqat işlərinə, kitabların çapına yönləndirilə bilər. YAP-ın bu istiqamətdə təşəbbüsləri çoxdur. Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülməsi ilə bağlı təşəbbüsə YAP-ın bütün rayon və şəhər təşkilatları qoşulub, aktiv şəkildə iştirak edib və edirlər. Elə rayon təşkilatımız var ki, Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manatdan çox vəsait köçürüb. Milli Məclisin bəzi deputatları da öz əmək haqqının 20-30 faizini həmin fonda vəsait köçürüblər. Hətta partiya üzvü olmayan deputatlar da bu təşəbbüsə qoşulublar. Bundan əlavə, bu il “Nəsimi ili” olduğundan partiyanın təşəbbüsü ilə bütün respublika ərazisində 650 min ağac əkiləcək. Həmçinin, partiya tərəfindən kimsəsiz ailələrə dəstək aksiyası keçirilir. YAP mütəmadi olaraq belə aksiyaların keçirilməsi təşəbbüsü ilə çıxış edib və bundan sonra da edəcək.

- Siz həm də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədrisiniz. Bildiyimizin qədəriylə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər ediləcək. Dəyişikliklər əsasən nələrdən ibarət olacaq?

- Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul edilib. Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük. Ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər keçirilir. Biz İspaniyada, Türkiyədə, İranda, Rusiyada və s. ölkələrdə tədbirlər keçiririk. Hər dəfə yeniliklərin şahidi oluruq. Bu baxımdan da bu sahə üzrə kifayət qədər təcrübə toplanır, müxtəlif ölkələrin bu sahə ilə bağlı qanunvericiliyi öyrənilir. Baxmayaraq ki, Azərbaycanda insanların əksəriyyəti İslam dininə etiqat edir, ölkəmiz Avropanın bir hissəsidir. Bizim həm də Qərb və Şərqlə geniş əlaqələrimiz var. Azərbaycan onlarda olan dəyərlərin ən yaxşılarını əxz edərək özündə tətbiq edir. Bu baxımdan da qanunda müəyyən dəyişikliklərin edilməsinə zərurət var. Zaman keçdikcə, proseslər inkişaf etdikcə, qanuna da dəyişikliklər edilməlidir. Bu baxımda da biz “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edəcəyik. Azərbaycanda qəbul edilən “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun dünya ölkələri tərəfindən bəyənilir. Hətta bəzi ölkələr bu qanundan yararlanır. Ümumiyyətlə, sahəsindən asılı olmayaraq, ekstremizm çox mənfi bir şeydir. Dində olanda isə ikiqat mənfidir. Din azaddır. Allaha çatmağa müxtəlif yollar var. Allah birdir və hamı tərəfindən qəbul edilib. Kim hansı yolu tutubsa, ona məcburiyyət olmaz. Düzdür, müəyyən qüvvələr var ki, şirnikdirməklə, pulla ələ almaqla, digər şeylərlə insanları aldadıb yoldan çıxarır. Amma qanunda əksini tapan, qeydiyyatdan keçən dinlər Azərbaycanda azaddır. Hazırda “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin üzərində iş gedir.

- Bir ara deputat həmkarlarınız Özbəkistanda yaltaqlığın qadağa olunduğunu əsas gətirilərək, bu qanunun ölkəmizdə də tətbiq edilməsini təklif etmişdilər. Buna münasibətiniz nədir? Sizcə buna ehtiyac varmı?

- Bu, nəzəri məsələdir. Biri onu həqiqət kimi, digəri isə yaltaqlıq kimi qəbul edə bilər. Yaltaqlanmağa Şərqdə yanaşma bir cürdür, Qərbdə başqa cür. Bu tarixən gələn məsələlərdir. Ona görə hesab edirəm ki, yaltaqlığı hər hansı qanunla yox, təbliğatla, insanları inandırmaqla aradan qaldırmaq olar. Yoxsa, qanun qəbul etdik, kim onu məhkəməyə verəcək ki, qanunu pozaraq yaltaqlıq edib. Bunun özü anormal bir şeydir.

- Bir neçə gün öncə Müsavat Partiyasının qurultayı keçirildi və Arif Hacılı yenidən başqan seçildi. Yəqin Siz də izlədiniz ki, qurultayla bağlı kifayət qədər narazılıq, fərqli açıqlamalar oldu. Müsavatın qurultayı barədə fikrinizi bilmək maraqlı olardı...

- Mən Müsavat Partiyasının qurultayını sonacan izlədim. 30 il keçməsinə baxmayaraq 1990-cı illərdən bir qarış qabağa getməyən qurultay keçirildi. Hətta mən deyərdim ki, sovetlər birliyi dövründə kolxozların ümumi yığıncaq iclasları Müsavat Partiyasının qurultayında daha yaxşı keçirilirdi. Əvvəla, onu qeyd edim ki, qurultay qanunvericiliyə, partiya nizamnaməsinə, ümumi təlimatlara uyğun şəkildə keçirilmədi. Tamamilə şəxsi məqsədlər üçün keçirildi. Arif Hacılının ilk dəfə başqan seçilməsindən başlayaraq Müsavat Partiyasının qurultayının hamısı bu formada həyata keçirilib. Xatırlayırsınızsa, birincidə Rauf Arifoğlu Müsavatı tərk elədi və qurultayın demokratik keçirilmədiyi barədə çıxış etdi. İkincidə isə Tural Abbaslı ilə Qubad İbadoğlu partiyanı tərk elədi. Budəfəki qurultayda da Tofiq Yaqublu və Yadigar Sadıqlının orada iştirakı sadəcə fon yaradırdı. Bu məsələ artıq qurultaya qədər həll olunmuşdu. Əvvəla, Müsavatın Aparat rəhbəri Gülağa Aslanlı qurultay nümayəndələrini özü seçmişdi. Deyirlər ki, Müsavat Partiyasının milyonlarla üzvü var. 10 nəfərə 1 nəfərdən qurultay nümayəndəsi nəzərdə tutulmuşdu. Bu da eləyir 390 nəfər. Yəni, Müsavat Partiyasının bütövlükdə Azərbaycanda 4 min üzvü var. Bunu digər namizədlərin fikirləri ilə də əsaslandıra bilərəm. Məsələn, Yadigar Sadıqlı biz 300 nəfərdən artıq insanı Məmməd Əmin Rəsulzadənin abidəsinin qarşısına yığa bilmirik. Bunu da biz demirik ki! Bunu partiyada başqanlığa namizəd olan şəxs deyir. Bəs biz niyə deyirdik ki, onlar niyə məhz şəhərin mərkəzində mitinq keçirmək istəyir? Çünki elə yer istəyirlər ki, onlara icazə verilməsin və yerin verilməməyini bəhanə gətirərək mitinq keçirməsinlər. Əgər sənin tərəfdarın varsa, yerin önəmi olmamalıdır. Bunun məsələyə aidiyyəti yoxdur. O baxımdan da deyirəm ki, Arif Hacılı qurultaya gələn vaxt artıq başqan seçilmişdi. Çünki qurultay nümayəndələrinin 90 faizi onun adamları idi. O qurultay sadəcə bir şou idi. Digər bir məsələyə də diqqətinizi çəkim. Debat vaxtı sosial şəbəkələrdə Tofiq Yaqublunu dəstəkləyirdilər. Bunlar da Əli Kərimlinin adamları idi. Bunu oxuyan kimi adam bilir. Digər maraqlı bir məqam isə ondadır ki, başqanlığa namizədlər çıxışlarında Dağlıq Qarabağla, sosial layihələr, gənclərlə partiya daxili münasibətlər, demokratiya ilə bağlı məsələlərə toxunmadılar. Arif Hacılı əvvəlcədən seçildiyinə görə təşəkkürünü bildirdi, Tofiq Yaqublu çıxışını Milli Şuranın agenti olmadığına həsr etdi, Yadigar Sadıqlı isə qeyd elədi ki, Müsavat ümumiyyətlə fəaliyyət göstərmir. İsa Qəmbərin isə seçkiyə bilavasitə müdaxilə etməsi anti-demokratik məsələdir. Onlar mitinqdə necə qışqırmağı, piketdə polisə özünü çırpıb həbs olunmağı və digər məsələləri yaxşı bilə bilərlər, amma seçki məsələsində onlara maarifləndirici kurslar və treninqlər keçə bilərəm. Hesab edirəm ki, Müsavat Partiyasının qurultayı şou idi. Bunlar sadəcə müsavat adını mənimsəyiblər. Məsələn, Siz tərəzinin bir gözünə M.Ə. Rəsulzadəni, bir gözünə Arif Hacılını, bir gözünə F.X. Xoyskini, digərinə Y.Sadıqlını qoyun. Necə də gülməli görünür. O insanlar Azərbaycanı istəyən adamlar idi. O Müsavat bu Müsavat deyil. O Müsavat Azərbaycan xalqının idi, bu Müsavat isə İsa Qəmbərlə, Arif Hacılınındır.

- Bakı şəhər İcra Hakimiyyəti oktyabrın 19-da Milli Şuranın "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında mitinq keçirilməsinə razılıq verib. Lakin Milli Şua bununla razılaşmır, Əli Kərimli sosial şəbəkədə paytaxtın "28 May" metrosu ətrafında icazəsiz mitinq keçiriləcəyi ilə bağlı çağırış edib...

- Milli Şuranın mitinq keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasını ayırıb. Çox səliqəli, rahat yerdir. Keçirmək istəyirlərsə, buyursunlar. Azərbaycanda qanun alidir və hamı ona tabedir. Onların 28 May metrosu ətrafında mitinq keçirmək niyyətlərinin səbəbi isə hər kəsə məlumdur. Bakıda əhalinin ən sıx hərəkətdə olduğu, ictimai nəqliyyat qovşağının və ticarət mərkəzlərinin mövcud olduğu bu ərazi onlara olmayan elektoratını qələbəlik göstərmək, yoldan keçən təsadüfi insanları mitinqə cəlb etmək üçün lazımdır. Belə kiçik hiylələrlə, xırda hisslərlə və hesablarla kütləvi aksiyalar təşkil etmək təşəbbüsləri heç şübhəsiz qanunun sərt üzü ilə qarşılaşmaqdır. Çünki radikal müxalifətin əsl məqsədi paytaxtda və ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qanunsuzluq mühiti yaratmaq və cəmiyyəti qarşıdurmaya sövq etməkdir. Əvvəlcədən bəyan edilib ki, bu cəhdlər baş tutmayacaq. Digər tərəfdən niyə bu aksiyalar məhz ölkəmizdə mötəbər beynəlxalq tədbirlərdən bir neçə gün əvvələ təyin olunur? Misal üçün, Avroviziya musiqi yarışması, bir sıra nüfuzlu idman tədbirlərindən əvvəl biz bunun şahidi oluruq. Məqsəd Azərbaycan hakimiyyəti tərəfindən min bir çətinliklə, erməni lobbisi və onların havadarları ilə gərgin mübarizə şəraitində ölkəmizin yüksələn beynəlxalq imicini zədələməkdir. Çünki onlar güman edirlər ki, Azərbaycanın imici zədələnsə, hakimiyyətin də beynəlxalq aləmdəki nüfuzu düşəcək. Təəssüf ki, belə primitiv, anti-milli və qeyri-vətənpərvər radikal müxalifətimiz var. Lakin tarix göstərir ki, onların çirkin əməlləri daim ifşa olur, özləri isə getdikcə marginallaşaraq tarixin zibilliyinə doğru inamla addımlayırlar. Bu gün Milli Şurada olan Əli Kərimli, Cəmil Həsənli Ermənistanın baş naziri Nikol Paşinyana Əbülfəz Elçibəydən çox xidmət göstərir. Onların xisləti ölkəmizin gündən-günə artan nüfuzuna xələl gətirməkdir. Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirildi və Qarabağla bağlı bəyanat verildi. Bax, tədbir budur. Bunlar isə ara qatışdırmaq istəyir. Paşinyanın Soçidə, Aşqabadda vəziyyəti ağırlaşan kimi Əli Kərimli burda mitinq keçirmək istəyir. Cəmil Həsənli də hazırda Amerikada oturub. Ona oradan nə tapşırıq verirlərsə, o da çatdırır və onu etməyə çalışırlar. Ancaq ara qatmaq istəyirlər.

- Son zamanlar deputatların biznes fəaliyyətindən yazılır, onların mülkləri açıqlanır. YAP funksioneri olaraq bu barədə nə deyə bilərsiniz?

- YAP-ı təmsil edən deputatlara mütəmadi olaraq istiqamət verilməsi, seçicilərlə görüş, mətbuatda çıxışı, davranış qaydaları və s. məsələlərlə əlaqədar partiya tərəfindən işlər gedir. Onların fəaliyyəti ilə bağlı araşdırmalar aparılır. Deputatlıqla biznes fəaliyyəti heç vaxt bir araya sığmaz və qanunla bu qadağandır. Deputat seçilən zaman öhdəlik ərizəsi yazır. Orada göstərir ki, deputat olduğu müddətdə elmi yaradıcılıq fəaliyyəti istisna olmaqla digər fəaliyyətlərlə məşğul ola bilməz. Əgər kimsə buna əməl etmirsə, demək qanunu pozur. Qanunu pozduğuna görə də deputat mandatını itirməlidir.

- Siyavuş müəllim, müsahibələriniz birində müxalifətə dəstək verən keçmiş nazirlərin dosyesinin stolunuzun üstündə olduğunu demişdiniz...

- Müəyyən adamlar var ki, dövlətdən pul oğurlamışdılar, hazırda onlar cinayət məsuliyyətinə cəlb olunublar, məhkəmələri gedir. Milli Məclisə hər il Hesablama Palatası hesabat təqdim edir. Həmin hesabatda qeyd edilir ki, hansı strukturlar büdcə qanunvericiliyini pozaraq artıq vəsaitlər xərcləyib. Əsas məsələ odur ki, büdcədən gedən vəsaitlər geri qaytarılsın. Çünki o vəsaitlər xalqındır. Bizim də məqsədimiz budur. Uğurlu hakimiyyət öz tərkibini mütəmadi yeniləməyi və dövrün tələblərinə uyğun olan kadrlarla gücləndirməyi bacaran hakimiyyətdir.

Bildiyimiz kimi, dünən - oktyabrın 16-da möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi ilə cari ilin doqquz ayının yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən bir sıra nazirliklərin indiki və keçmiş rəhbərlərinin bəzilərinin yarıtmaz fəaliyyəti açıq şəkildə tənqid olundu. Xüsusilə qeyri-neft sektorunda son üç il ərzində artım tempinin zəifləməsi, bu sahədə bank sektorunun investisiya qoyuluşundakı yarıtmaz fəaliyyəti qeyd edildi. Bəzi nazirlərin bir-birinə qarşı kompromat əməlləri sərt şəkildə qınandı. Öz işində nöqsanlara yol verən kadrlar indiyədək dəyişdirilib, bundan sonra da dəyişdiriləcək və bu, çox normal prosesdir. Bilirsinizmi, iş varsa, bu tip çətinliklər, neqativ halların da ortaya çıxması qaçılmazdı. Əsas bütün bunların öhdəsindən uğurla gələn güclü siyasi iradənin olmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizi ardıcıl nailiyyətlərə aparan möhkəm komanda formalaşdırıb, zəngin, qüdrətli dövlət quruculuğu istiqamətində inamlı addımlar atılır, gələcəkdə də atılacaq.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top