"Bu məmurların vəzifələrindən uzaqlaşacağı gün çox da uzaqda deyil" - Deputat


“Cənab prezident sözlərini ilk növbədə cızığından çıxmış məmurlara ünvanladı”.
Bunu Yeniavaz.com-a Milli Məclisin deputatı Asim Mollazadə Prezident İlham Əliyevin son müşavirədə səsləndirdiyi “Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik” fikirinə münasibət bildirərkən deyib.
Prezidentin xəbərdarlığının yaxın müddətdə nəticələr verəcəyini vurğulayan A. Mollazadə bildirib:
“İlham Əliyevin sərt tənqidi zamanında və yerində oldu. Bu oyunlara son qoymaq lazımdır. Ölkənin qarşısında çox ciddi hədəflər durur, çox böyük işlər var. Bunlar isə cılız oyunlar oynayaraq öz çirkin işlərini pərdələmək istəyirlər. Onu üçün prezidentin sərt sözləri mütləq nəticə verməlidir. Əks halda bu məmurlar vəzifələri ilə vidalaşacaqlar”.
Məsələyə münasibət bildirən deputat Aydın Mirzəzadə: “Cənab prezident bu məsələ ilə bağlı fikrini kifayət qədər açıq və sərt bildirdi. Buna mənim əlavə edəcək heç bir sözüm yoxdur” – dedi.
Mövuz ilə bağlı danışan deputat Fəzail Ağamalı ölkə prezidenti tərəfindən köhnə təfəkkürlü məmurlara çox ciddi xəbərdarlıq edildiyini diqqətə çatdırdı:  “Köhnə təfəkkürlə, köhnə metodlarla fəaliyyət göstərmək bəzi məmurların yaşam tərzidir. Buda, əlbəttə ki, yolverilən deyil. Köhnə təfəkkürlü, müasir zamanla ayaqlaşmayan, dövlətimizə töhfə vermək əvəzinə inkişafa mane olan məmurların vəzifələrindən uzaqlaşacağı gün çox da uzaqda deyil”.

Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top