"Baxırsan gözəl danışır, kitablardan sitat gətirir amma özünün bir nailiyyəti yoxdur" - Şamil Bağmanov - VİDEO


Yeniavaz.com-un budəfəki qonağı Bakıda artıq üçüncü dəfədir ki, keçirilən “Mentor Talks”un layihə rəhbəri, ixtisasca layihə planlama mütəxəssisi olan Şamil Bağmanovdur.

- Şamil bəy, bəlkə elə “Mentor Talks”dan başlayaq. Bu layihə necə ərsəyə gəldi? Siz bu işə necə başladınız?
- İki il bundan əvvəl bir kitab oxuyanda ağlıma bir ideya gəldi. Bilirsiniz ki, hər kəsdə ideya yaranma prosesi fərqlidir. Məndə daha çox kitab oxuyanda yaxud yol gedəndə bu proses daha çox baş verir. “Ted” çıxışları ilə bağlı “Ted kimi danış” adında məşhur bir kitab var. Bu kitabı oxuyanda mən fikirləşdim ki, Azərbaycanda da biz alternativ olaraq buna oxşaq bir layihə qura bilərik. Ümumiyyətlə hər hansı bir sahədə özünü inkişaf etdirmək istəyən, özünə mentor axtaran insanlarla görüşəndə həmişə istəyim olub ki, bu insana kömək ola biləcək insanlar kimlər ola bilər? Bu insana kim mentor ola bilər? Bu minvalla da insanlara dəstək ola biləcək “Mentor Talks” layihəsini, bu tədbiri ərsəyə gətirdik.
Təbii ki bu işdə komanda yoldaşlarımız oldu. Bunlar hansı ki, Sərxan Rüstəmov, Kəmalə Rövşən, Abid Səmədov, Hüseyn Həsənov və Mojqan Vəlizadə idilər. Bu komanda yoldaşları ilə bərabər “Mentor Talks” layihəsinə başladıq. “Mentor Talks”un birinci tədbiri “Özünü inkişaf” mövzusu ilə 2018-ci ilin aprel ayında baş tutdu. Bu tədbir böyük marağa səbəb olmuşdu. Çox insan “Mentor Talks” həştəqini Azərbaycanda və Azərbaycandan kənarda sosial mediada paylaşaraq dəstək oldu. Beləcə ilk tədbirimizi keçirmiş olduq.
“Mentor Talks”un növbəti ikinci tədbiri “Biznes və təşəbbüskarlıq” mövzusunda idi. Bu tədbirdə də cəmiyyətimizdə aktiv və təşəbbüskar olan spikerlər çıxış etmişdilər. Bu ikinci tədbirimiz də insanlarda maraq yaratdı. “Mentor Talks”un növbəti üçüncü tədbiri isə “Menecment” mövzusuna həsr olunmuşdu. Azərbaycandan və xaricdən spikerlər bu tədbirə qoşulmuşdu. “Mentor Talks”un bu üç tədbirində toplamda 21 nəfər spiker çıxış etdi. Bu çıxışları “Mentor Talks”ın yutub kanalına yerləşdirdik. Orada da təxminən 150 mindən çox baxış sayı oldu. Həmçinin hədəfimiz idi ki, bayağı kontentlərin çoxaldığı bu vaxtda, belə bir zamanda müsbət bir kontent yaradaq. Sevinirik ki, gündən-günə “Mentor Talks” yutub kanalına abunə olanların da sayı çoxalır. Demək ki, insanlar bu kontentə baxır və bəyənirlər.

- Sirr deyilsə 4-cü “Mentor Talks”un mövzusu nə olacaq? Növbəti tədbirin tarixi və mövzusu artıq bəllidirmi?

- Son iki tədbirdə seçdiyimiz mövzulardan hiss etdik ki, ümumiyyətlə insanları dünya hara gedir, gələcəkdə hansı ixtisaslar lazımdır, biznesin gələcəyi, menecmentin gələcəyi, özünü inkişafın gələcəyi, marketinqin, satışın gələcəyi necə olacaq kimi suallar maraqlandırır. İnsanlarda bu mövzulara daha çox marağın olduğunu gördük. Bu minvalla növbəti “Mentor Talks” tədbiri üçün “Gələcəyin ixtisasları” mövzusunu seçdik. Onu da qeyd edim ki, 4-cü “Mentor Talks”ın mövzusunu ilk dəfə sizə açıqlamış olduq. Vaxtına gəldikdə isə, dəqiq tarix deməsək də önümüzdəki ilin fevral ayında olacağını nəzərdə tuturuq.

- Bir işi bacarmaq, öhdəsindən gəlmək üçün hansısa bir insanı eyni ilə təqlid etmək gərəkirmi?

- Mentor olan insanlar bizə sadəcə öz sahələrindən məsləhət vermirlər. Mentor həm də motivasiya edən insandır. Səhv eləmirəmsə Ziq Ziqların sözüdür, o belə deyirdi: “Motivasiya duş almaq kimidir. Uzun müddət davam etmir. Ancaq biz motivasiyanı davamlı almalı oluruq. ”Bilirik ki, hər hansı bir sahədə ustalaşmaq, mütəxəssis olmaq üçün müəyyən bir inkişaf yolu keçmək lazımdır. Bu əziyyətli yolu keçməyə çalışanda da insan yolda maneələrlə qarşılaşır. Mentorun olanda, ondan məsləhət alırsan, mentora baxıb görə bilirsən ki, bu yolun qaydası nədir və nə deyil. İnsan özü üçün mentor seçəndə ən əsası o sahənin çətinliklərini mentorundan öyrənmiş olur. Həmçinin o sahənin ən qısa yollarını öyrənmiş olur. Məsələn şəhərdə bir yeri tapa bilmək üçün çox adamdan ayaq saxlayıb yol soruşuruq. Bir də var ki, GPS-ə qoşularaq yolu asan şəkildə tapırıq. Mentorlar da GPS kimidir. Burada məsələ mentorları eynilə təqlid etmək deyil. Mentorlar sadəcə sənin uğur əldə etmə ehtimalını artırırlar. Əgər bunları etsəm məndə də alınar deyirsən. Mən də bacararam deyirsən.

- Şamil bəy, həm şəxsi, həm də iş həyatımızda insanların müvəffəqiyyət əldə etməsi üçün hər kəsin əməl edəcəyi eyni qaydalardan söhbət gedə bilərmi? Yoxsa hər kəsin müvəffəqiyyətə gedən yolu fərqlidir?

- Birmənalı olaraq deyə bilərik ki, hər kəsin mentora ehtiyacı var. Hər kəsin kitablara ehtiyacı var. Rəqəmlər, bu sahədə aparılan sorğular heç vaxt aldatmır. Məsələn “Forbes” jurnalının ilk yüzlüyünün içində olan uğurlu insanlara baxsaq onların demək olar ki, hamısının mentoru olduğunu görərik. Onlar arasında Mark Zukerberq, Bill Qeyts və s. hansını danışdırsan, kitab oxumağa ehtiyaclarının olduğunu deyirlər. Həmçinin bu kimi insanlar özlərinə kitab oxumaq üçün iki həftəlik məzuniyyətlər götürürlər. Burada sadəcə canlı mentorlar yox həm də kitab müəllifləri də öz kitabları, əsərləri ilə bizə mentor ola bilərlər. Misal üçün, “SpaceX” şirkətinin qurucusu Ellon Maskdan soruşurlar ki, bu sahədə təcrübən yox idi. Necə oldu ki, bu sahəyə marağın oldu? Yaxud bu sahədə iş görə bildin? Deyir ki, mən o sahədə çoxlu kitablar oxudum. Yəni o kitabın müəllifləri onun üçün mentor oldular.

- İnsanın özünə mentor axtarmasının səbəbini nədə görmək lazımdır? Söhbət mentorluqdan gedirsə, həyatda mentoru olmayan insanı nə gözləyir? Mentorsuz bir insanın həyatda müvəffəqiyyətli olma şansı nə qədərdir?

- Əlbəttə ki, mentoru olmayan insanlar da, həyatda müvəffəq ola bilərlər. Belə düşünürəm ki, mentoru olmayan insanlar sadəcə olaraq daha çox əmək sərf etməli olurlar. Ancaq bir insanın mentoru yoxdursa uğursuz olacağını demək olmaz. Elə insanlar var ki, kimdənsə nəsə öyrənməyi öz eqolarına sığışdırmırlar. “Mən heç kimdən öyrənmirəm”, “mənim mentora ehtiyacım yoxdur” deyirlər. Düşünürəm ki bu insanların belə virtual mentorları var. Bu dəqiqə açıq informasiya dövrüdür. ABŞ-da oturan uğurlu bir insanın, bir mentorun videoları, yaxud intervyuları, digər paylaşdığı məlumatlar var. Onlardan faydalanırlar. Sadəcə olaraq kimdən öyrəndiklərini açıqlamağı özlərinə sığışdırmırlar.


- Ehtimal varmı ki, insanın mentoru özündən bir pillə yuxarı şəxs deyil, ümumiyyətlə aşağı pillədəki bir şəxs olsun. Ya da insan ümumiyyətlə bir insandan deyil, təbiətdəki digər canlılardan da özü üçün bir dərs götürə bilsin?

- Mentorun hər cəhətdən bizdən üstün insan olmasına ehtiyac yoxdur. Əgər seçdiyimiz sahə üzrə bizdən daha çox biliyə və təcrübəyə sahibdirsə və yaxud analitik qabiliyyətə bizdən daha çox biliyə sahibdirsə o bizim mentorumuz ola bilər. Bu məsələdə yaş məhdudiyyəti yoxdur. Yaşı az olsa da, özündən on il, iyirmi il, daha böyük insanlara mentorluq edən insanlar var. Təbiətə, digər canlılara baxaraq oradan dərs ala bilmək məsələsinə gəldikdə isə bu biraz insanın müşahidə qabiliyyətinə bağlıdır “Hər insan baxır, hər insan görmür” misalı var. Dərs ala bilirsənsə özündən daha aşağı insandan da dərs ala bilərsən. Yaxud təbiətdəki proseslərdən də dərs ala bilərsən.

- Mentorla menti eyni dövrdə yaşaması gərəkirmi? Oxuduğum bir kitab, misal üçün daha öncə həyatda olmuş bir şəxs mənim mentorum ola bilərmi?

- Əlbəttə ki, tarixə baxsaq böyük insanların da mentorları olub. Bəzilərinin mentorları əsrlər əvvəl, onlardan əvvəl yaşamış insanlardır. Onların fəlsəfəsini götürüblər, onların fəlsəfəsi onlara mentorluq edib. Yəni həmin adamın yaşaması və üzbəüz görüşməsi şərt deyil. Virtual mentorlar bu dəqiqə ən çox yayılmış mentorluğun formasıdır. Burada görüşmək və canlı ünsiyyətdə olmaq şərt deyil.

Həmçinin “Özünün mentoru ol” deyə bir şey var. Əlbəttə ki, insan birinci növbədə öz mentoru olmalıdır. Maksimal dərəcədə mütaliə edərək və yaxud digər insanları izləyərək, konfranslarda iştirak edərək, hansısa bir şirkətdə təcrübə keçərək özünü yetişdirməyə maksimal dərəcədə çalışmalıdır.

- “Buynuz qulağı keçər” deyə məsəl var atalar sözündə. Bunu çox yerə şamil etmək olar. Müəllim tələbə münasibətlərinə, ata və övlad arasındakı münasibətə və s. bu məsəli mentorluq işinə də şamil edə bilərikmi?

- Bəli, “Buynuz qulağı keçər”. Belədi ki, hər insanın fitrəti fərqlidir. Ola bilər ki, menti mentordan daha zəkidir, daha qabiliyyətlidir, bir çox qabiliyyətlərini daha çox inkişaf etdirib. “Öyrənməyi öyrənmək” misalı da var, son dövrlərdə ən çox bizim başa düşdüyümüz bir şeydi ki, məktəblərdə, universitetlərdə bizə əzbərə mövzuları yox, daha çox öyrənməyi öyrətməli idilər. Düşünürəm ki, əgər menti daha zəkidirsə qısa müddətdə mentorunun daha uzun müddətdə getdiyi yolu daha qısa müddətdə gedə bilər. Həmçinin mentor düşüncəli insanlar adətən bundan narahat olmurlar. Kimsə məni keçər, şagird ustanı keçər məsələsində narahat olan insanlar mentorlar olmurlar. Onlar kiməsə nəsə öyrətmirlər. Öyrədirlərsə də bunu səmimi şəkildə yox özlərini göstərmək üçün, eqolarını tətmin eləmək üçün bunu edirlər.

- Mentorluq ən-ənəsi ilə “şəxsi inkişaf” kitabları arasında necə bir əlaqə var? Şəxsi inkişaf kitablarının da bizim mentorumuz olması mümkündürmü? Yoxsa “şəxsi inkişaf” kitabları ilə mentorluq arasında fərqli bir əlaqə var?

- “Şəxsi inkişaf” kitablarına iki cür baxanlar var. Bu kitablara boş kitablardır deyərək hər kəsin öz ixtisasına uyğun kitabları oxumasını tövsiyə edənlər var. Bir də “şəxsi inkişaf” kitablarını çox böyüdən kütlə var. Ancaq bu kitabların bizə faydasının olduğunu düşünürəm. Birincisi avtobioqrafiya kitablarını oxuyanda biz buradakı uğur qazanmış insanların keçdiyi yolu görmüş oluruq. Onların çəkdiyi əziyyəti, onların keçmiş olduğu yolu öyrənirik. Buradan ilham ala bilərik. Bu zaman başa düşürük ki, əgər böyük işlər görmək istəyirsənsə onun böyük əziyyəti var. Bir də bu cür kitabları oxuyanda insanda böyük düşünmə formalaşır, özünü inkişaf etdirmə instinkti yaranır. Öz ixtisası, texniki biliyi yaxşı olub, ümumiyyətlə şəxsi inkişafın üzünü açmamış insanlar var. Ancaq onlar bu kitablardan xəbərdar olmadıqları üçün özlərini digərləri kimi çox yaxşı sata bilmirlər. Düzdür, sadəcə şəxsi inkişaf kitablarını oxuyub özünü hər hansı dar ixtisasda ixtisaslaşdırmamış insanlar da var. Məsələn, çox gözəl danışmağı bacarırlar, kitabdan oxuyub əzbərə sitatlar gətirirlər. Özün nə iş görmüsən deyə soruşanda isə əldə tutulacaq, gözlə görüləcək bir işlərinin, nailiyyətlərinin olmadığı görürsən. Bu kimi insanlar çox da ciddiyə alınmır. Hansısa bir iş ortaya qoyub, daha sonra şəxsi inkişaf sahəsini inkişaf etdirən insanlar isə daha çox təsirli olurlar.

- Son olaraq mentorluqla bağlı Azərbaycanda hansı işləri görməyi düşünürsünüz? Bundan sonra mentorluqla bağlı planlarınız nələrdir?

- Biz “Mentor Talks” layihəsinə başlayanda bunu biraz geniş nəzərdə tutmuşduq. “Mentor Talks”, “Mentor Academy” formasında. “Mentor Academy”də mentorlar axtaran şirkətlərin orta və üst dərəcəli mütəxəssislərini daha da inkişaf etdirəcək bir proqram dizayn etməyi düşünürdük. Hal-hazırda biz bu prosesə başlamışıq. Artıq “Mentor Academy” şirkətini təsis etmə mərhələsindəyik. Çox qısa zamanda bu sahədə yeniliklərimiz olacaq. İdarəetmə sahəsində, marketing sahəsində, özünü inkişaf sahəsində fərqli mentorluq proqramlarını bazara çıxarmağı düşünürük.

Nazim Mustafayev

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top