Xoşbəxt bəstəboylular ailəsi - FOTO


Bəstəboy valideyin və  övladlardan ibarət bu ailəni Mingəçevirdə hər kəs yaxşı tanıyır. 39 yaşlı Şuşa sakini olan Taleh Allahverdiyev məcburi köçükün həyatı yaşamağa başladıqları andan etibarən Mingəçevirdə məskunlaşıb. Burada valideyinlərinin də məsləhəti ilə özündən boyca az fərqlənən Mirvari xanımla ailə həyatı qurub. Ailəli olduqları 17 il ərzində bir qız, iki oğlan övladları dünyaya gəlib. Elə xoşbəxtliklərinə sıxıntı qatan anlar da məhz bu anlardan etibarən başlayıb. Çünki 3 övladlarından ikisinin boyu inkişafdan qalıb və bəzi digər sağlamlıq problemləri ilə üzləşiblər. Fidan 4-cü , Fəxri isə 7-ci sinifdə oxumalarına rəğmən boyları həmyaşıdlarından fərqli olaraq çox kiçik qalıb. Zaman-zaman digər müalicələr də alıblar, amma faydasız qalıb. Taleh Allahverdiyev həkimlərin bunun irsi olduğunu söylədiklərini deyir. Amma özünün etirafına görə nə onun, nə də yoldaşının doğmalarında bəstəboyluq problemi mövcud olmayıb. Özlərinin valideynləri, bacı qardaşları da normal boya sahibdir. Hətta bu gün paytaxtda kolleclərdən birində təhsil alan böyük oğlu Firdovsinin boyu  da normal inkişaf edib. Ailə üçün yataqxanada ayrılmış bir otaqlı mənzil bacısı, anası, xanımı və övladları ilə yaşamağa imkan vermir. Otağın normal pəncərə-şüşəsi belə yoxdur. Bəzi xeyirxah adamların dəstəyi də problemlərinin həllində Talehin dadına yetir. Hətta qonşu rayonun kəndi ərazisində fərdi təsərrüfatda onlara müvəqqəti keçinmək üçün ev ayırıb yardım da edirlər. İki uşağın və atanın aldığı təqaüd hesabına ailə həm yaşayır, həm də kollecdə təhsil alan böyük oğullarının ehtiyaclarını qarşılamağa çalışır.
Çətinliklərə baxmayaraq ailə özünü çox xoşbəxt ailələrdən biri hesab edir. Sevgi, səmimiyyət var hər bir ailə fərdi arasında. Uşaqlar cəmiyyətdə boyubəstə olmaqlarına görə heç bir psixoloji problem yaşamır. Əksinə hər kəslə səmimi dostluq edir, oynayır və normal təhsil alırlar. Boyları kiçik olsa da arzuları böyükdür. Taleh Allahverdiyevin bir nisgili də Şuşa həsrətidir. Xatirələrini bölüşməyi çox sevir. Sən demə o həm də tanınmış aparıcı Zaur Baxşəliyevlə bir sinifdə oxuyubmuş. Uzun fasilədən sonra bir dəfə təsadüfən Mingəçevirdə görüşüb dərdləşdiklərini deyir.
Bu ailə əslində sıxıntılardan gileylənib ayrılmağa, biri-birini yarı yolda buraxmağa meylli olan ailələrə nümunəvi bir örnəkdir. Bəstə boylu Taleh və xanımı Mirvari ailələrinin sevincini qorumaq üçün davamlı olaraq mümkün olan hər müsbət addımı atmağa səy göstərir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top