Siyahıyaalma necə keçdi? - Onminlərlə işçi, milyonlarla vəsait ayrılmışdı - VİDEO-SORĞU


Dünən müstəqil Azərbaycanın tarixində sayca 3-cü dəfə baş tutan əhalinin siyahıyaalınması prosesinə yekun vuruldu.
Yeniavaz.com xəbər verir ki, 1-10 oktyabr tarixlərində keçirilən əhalinin siyahıyaalınması prosesi Azərbaycan Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanı əsasında baş tutub.
Məlumat üçün bildirək ki, əhalinin siyahıyaalınması üçün 2 ildən artıq müddətdə hazırlıqlar görülsə də bir-çox vətəndaş bu prosesdən kənarda qalıb.
Yeniavaz.com-un vətəndaşlar arasında keçirdiyi video-sorğu, həmçinin sosial şəbəkələrdə yazılanlardan belə görünür ki, siyahıyalınmaya cəlb olunmayan əhalinin sayı kifayət qədər çoxdur.
Onu da qeyd edək ki, 2 ildən artıq müddətdə hazırlıq görülən əhalinin siyahıyaalınması prosesinə minlərlə şəxs cəlb olunub. Siyahıyaalınmadan əvvəl mətbuata verdiyi açıqlamada Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Komitənin müvəqqəti işə götürdüyü şəxslərin ümumi sayı 42 844 nəfərdir. Bunlardan 720-si siyahıyaalma məntəqələrinin müdirləri, 720-si onların müavinləri, 6 777-si təlimatçı-nəzarətçilər, 33 907-si sayıcılar, 720-si isə ehtiyat sayıcılardır. Bu şəxslərə, ümumilikdə, 21 milyon 353 min 740 manat xidmət haqqı ödəniləcək. Belə ki, siyahıyaalma məntəqələrinin müdirləri 645-715 manat, onların müavinlərinə 581-644 manat, təlimatçı-nəzarətçilərə 495-525 manat, əsas və ehtiyat sayıcılara 475-505 manat pul ödəniləcək.
Büdcədən milyonlarla manat ayrılmasına, prosesə onminlərlə işçinin cəlb olunmasına baxmayaraq, keçirdiyimiz sorğulardan və sosial şəbəkələrdə apardığımız müşahidələrdən  belə görünür ki, siyahıyaalma prosesinə cəlb olunan şəxslər öz vəzifələrini tam şəkildə yerinə yetirə bilməyiblər.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev bildirdi ki, əhalinin siyahıyaalınması prosesinə nəzarət Komitə tərəfindən həyata keçirilsə də, siyahıyaalma yerli icra hakimiyyəti orqanları tərəfindən icra olunub: "Vətəndaşlar qarşılaşıdıqları problemlə bağlı "Qaynar xətt"ə müraciət edə bilərlər. 11-15 oktyabr tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçiriləcək, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcəkdir".

DİGƏR XƏBƏRLƏR

Top