Nazir: "Quş ovuna gedirəm"


“Şənbə-bazar günləri maşını özüm sürürəm. Radara da düşmüşəm, cərimə də ödəmişəm. Bir il çox verdim, növbəti illər az… Nazir səlahiyyətlərimdən isifadə edib borcu sildirmək istəməmişəm. Mən hesab edirəm ki, hər kəs qanun qarşısında bərabər səviyyədə məsuliyyət daşımalıdır. İlin axırında mənim büdcəmə kifayət qədər zərbə vuran bir cərimə oldu. Bu, bir neçə il əvvəl olub. Ondan sonra mən özümü yığışdırmışam. Şükür Allaha ki, qəzalar olmayıb”.

Yeniavaz.com xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Nazir qeyd edib ki, avtomobil qəzaları ölkəmizin əsas problemlərindəndir.

“O da məni narahat edir. Mən, ümumiyyətlə, hamını qarşılıqlı şəkildə mədəniyyət nümayiş etdirməyə çağırıram! Söhbət hansısa qayda pozuntusundan getmir. Söhbət ondan gedir ki, sən hərəkətə mane olmayasan, digər maşınların hərəkəti üçün narahatlıq yaratmayasan. Hesab edirəm ki, hamımız buna riayət etməliyik” – deyən Ə.Qarayev hesab edir ki, mədəni davranış, mədəniyyət bu gün təkcə hansısa yaradıcılıqla əlaqələndirilməməlidir:

“Mənim anlamımda mədəniyyət daha geniş məfhumdur və mədəni davranış, mədəni münasibət, mədəni həyat tərzi, bunlar hamısı ayrılmaz hissələrdir”.

Ə.Qarayev asudə vaxtlarını necə keçriməsindən də danışıb.

“Asudə vaxtım olanda çalışıram ki, heç olmasa dostlarımla, yaxınlarımla keçirim. Mən səyahətləri xoşlayıram. Siz soruşdunuz ki, harada istirahət edirsiniz? Mənim səyahətimin əsas məqsədi hansısa ölkələrin tanımadığım yerlərinə getmək, onların tarixi, mədəniyyəti, yaşayış üslubu ilə tanış olmaq, qidalarını dadmaq olur, bu, normaldır. Amma əslində mənim hobbim... Bir az idmanla məşğulam, hərdən ova gedirəm. Kitabları mütaliə edirəm. Məsələn, mən kitaba daha çox üstünlük verirəm, nəinki televiziyada kinolara baxmağa. Televiziyaya daha az baxıram, nəinki kitab oxuyuram. Çünki mənim istirahətim, asudə vaxtım daha çox mütaliə ilə bağlı olur. Daha çox quş ovuna gedirəm. Bu nəsillikcə keçib, atam da ovçu idi, mən də onun tüfəngini evimdə saxlamışam, ona görə də hərdən ova gedirəm”, - deyə nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top