Şəkidə cəza çəkən məhkumlar Ombudsmana şikayət etdi


Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinə baxış keçirib.

Ombudsman Aparatından lent.az-a bildirilib ki, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, məhkumların və təqsirləndirilən şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına və digər obyektlərə baxışlar keçirilib, tibbi yardımın təşkili, yemək-qidalanma, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə məhkumlar, habelə təqsirləndirilən şəxslər fərdi qəbul olunub, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb. Qəbul olunanlardan bəziləri saxlanma şəraitindən və barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top