Parkda adam öldürməkdə təqsirləndirilən gənclərin məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şamil Fətiyev, Nurlan Bağırov və Səddam Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Oktyabrın 21-də keçiriləcək növbəti prosesdə prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Qeyd edək ki, ötən il avqustun 27-də paytaxtda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Ş.Fətiyev, N.Bağırov və S.Hüseynli saxlanılıb.
Məlumata görə, R.Qəribov Füzuli rayonundan məcburi köçkündür və Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxanada yaşayıb.
R.Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun avqustun 14-də, gecə saatlarında rayon ərazisində olan parklardan birində Ş.Fətiyev və digər şəxslərlə mübahisəsi düşüb. Həmin şəxslər F.Qəribovu döyüb. F.Qəribov hadisə yerindən qardaşı R.Qəribova zəng vuraraq onu köməyə çağırıb. R.Qəribov hadisə yerinə gəlib. Yenidən əlbəyaxa dava düşüb və R.Qəribov ürəyindən aldığı bıçaq yarası nəticəsində dünyasını dəyişib.
Təqsirləndirilən şəxslərə qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə ittiham verilib. 

DİGƏR XƏBƏRLƏR

Top